Ru
18:50 / 24 Sentyabr 2018

Zərdüştün yaşadığı möcüzəvi bulaqlar şəhəri, tikanlı məftillərin ayırdığı xəzinə - Savalandan REPORTAJ

6549
Rəssam, pedaqoq Zahir Məlikli Savalanın ətəyində yerləşən Səreyin şəhərində olub, orda gördüklərini geniş şəkildə qələmə alıb. 

 

BakuPost onun hazırladığı geniş reportajı təqdim edir:  

 





Səreyn – "diri şəhər”

Bu evdə hamı namaz qılır. Hətta Səhrzadın 7 və 10-cu sinifdə oxuyan oğlanları da. Sədaqətlə Allahlarına inanırlar. Bu ailənin ruzisi halalın da halalından çıxır. Şəhrzad çox imkanlı adam deyil, uzaq yollar sürücüsüdür. Mən uzaq səfərdə onunla olduğum zaman, onun necə əziyyətli olduğu qədər də məsuliyyətli və səbir tələb edən bir işin sahibi olduğunun şahidi olmuşam.


İndi İran əvvəlki İran deyil, qardaşın da qardaşdan ehtiyat etdiyi zamanlar hiss olunmur. Mən qorxmadan hər bir kəsin mövqeyini ortaya qoymasının şahidi oldum, hətta o qədər açıq şəkildə ki, özüm ehtiyatlanmağa başladım. Bəlkə bunlar məndən söz almaq üçün xüsusi adamların işidir? Sonra gördüm ki, yox, xüsusilə son inflyasiya insanları incidib, əksəriyyəti tacirlərdən ibarət olan böyük bir zümrəni narazı salıb. Şəhrzad isə bunun xarici dövlətlərin ölkəsini sıxması ilə əsaslandırmaqla, qonşu dövlətlərdə baş verənlərin İrana sızmasından ehtiyatlanır və insanların bir az dözümlü olmasının tərəfdarıdır. O, ölkənin dini liderinə inanır və İranın bu vəziyyətinə biganə olmayacağına əmin olduğunu bildirir.

 

Gec yatmağımıza baxmayaraq, sübh namazına dururuq. Üstümüzə qalın yorğan örtərək, bu cür saf havada və sərin bir yerdə qısa müddətli bir yuxunun ləzzətini təsəvvür edin. Dünənki günün yorğunluğundan və baş ağrısından əsər-əlamət yoxdur. Mən isə elə bilirdim ki, elə həminki başağrısı ilə duracağam, çünki bura dəniz səviyyəsindən 2500 metrdən də çox yüksəklikdədir, təzyiqimin yüksələcəyindən ehtiyatlanıram. Amma başım ağrımır və cəmi 3 saat yatmağıma baxmayaraq, sanki bütün gecəni yatmışam. Buranın havasının təmizliyini sözlə ifadə etmək çətindir.


"Namazı qılaq, səni "Gamış gölü”nə aparacam” 


"Zahir müəllim, namazı qılaq, səni "Gamış gölü”nə aparacam” deyəndən sonra  Şəhrzad Allahı ilə üz-üzə dayanır. Mən namaza başladığımdan "Gamış gölü”nün nə olduğunu soruşa bilmirəm.


Məndən sonra başlasa da, o namazını tez bitirir və qonşu otağa keçib deyəsən, gecədən hazırladığı və ya həmişə hazır olan idman çantası ilə geri qayıdır. Mən namazı bitirərək, "qardaş, sən namazı neçənci "skorostla” qıldın” deyə onunla zarafat edirəm. O gülümsünür, "müəllim, mən daim yollardayam, yeməyi də, namazı da qısa edirəm” deyə çantadan mənə aid olanları ayırıb yan gözə qoyur, "bax bunlar sənindir”.


Biz Şəhrzadın həyətdə saxladığı "Pejo”suna əyləşirik. Maşının çölü kimi içərisi də çox səliqəli və təzədir. Adətən İran maşınlarının əksəriyyət əzik və səliqəsiz olur. Burada avtomobillər bizə nisbətən qaydasız sürülür. Dostumun maşını isə 2009-cu il buraxılışı olsa da, zavoddan yeni gələnə oxşayır.

Həyətdən çıxırıq. Şəhrzadın əsil idmançılara məxsus çox qıvraq davranışları var. Amma evdən çıxmamış bir neçə həb qəbul etdiyini görəndə və böyrəklərinə görə bu dərmanlara ömürlük möhtac olduğunu deyəndə pərt olmuşdum. İnsanlara təkcə baxmaqla içərilərində nə dərd gəzdirdiklərini müəyyən etmək çətindir və nə yaxşı ki, belədir.

 

 


Elə həyətdən çıxan kimi Savalanla üz-üzə dayanırsan. Sanki kənarda uca boylu bir adam yuxarıdan sənə baxır, yəni bu qədər yaxın. Arada heç binalar da yoxdur, Savalan və sən, ala-toranda nə qədər danışırsan danış. Yardımlının Arvana təpələrindən bircə zirvəsini görmək ümidi ilə əllərini gözlərinin üstünə tutub gözlərini qıyaraq günbatanda axtardığın Savalan qarsız vücudu ilə elə ayağının altından başlayır.


Hələ hava tam işıqlanmayıb, yaxınlıqdakı binalar gecənin ağuşunda sakit-sakit uyuyur. Biz irəli gedirik, qabaqdan sola dönən kimi vəziyyət dəyişir. Məhəllədən fərqli olaraq şəhər işıqlı və oyaqdır. Düzdür, gecəki izdiham olmasa da, bütün dükanlar açıqdır. Maşınlar və insanlar hərəkətdədir. Şəhrzad deyir ki, bu şəhərə "diri şəhər” deyirlər, çünki bu şəhər daim canlıdır, dükan-bazar səhərə qədər açıq olur, isti sular çıxan mənbələr üzərində qurulmuş müalicə obyektləri gündə üç dəfə, o da xüsusi qurumun suyun tərkibini müəyyənləşdirməsi üçün nümunə götürməkdən ötəri qısa bir müddətə bağlanır. O da giriş dayandırılır, içəridəkilər bayıra çıxarılmır.


Biz şəhərin içərisində bir yerdə dayanırıq. Hələ də hava tam işıqlaşmayıb. Təqribən saat 5-30 olar. Şəhrzad kənardan baxıb deyir ki, "Gamış gölü”nə hələ buraxmırlar, açılmayıb. Onun dediyinə görə, bura iki növbədə bütün gün ərzində işləyir, günün yarısı kişilər üçün, yarısı isə qadınlar üçün. Yalnız gecə yarısı 2 saatlıq bağlanır, sanitariya işlərinə görə. Buranı "Gamış gölü” ona görə adlandırılıb ki, vaxtilə burda yerdən çıxan isti sular ətrafda bataqlıq əmələ gətirib və qışda da camışlar bura gələrək özləri üçün kef ediblər.


1949-cu ildə bura ayaq basan rus qoşunları Səreyn yaxınlığında dislokasiya ediblər. Qoşunun komandanı olan general yalnız özünün çimməsi üçün isti bulaqlardan birini daş hasarla əhatələtdirib və bununla da ilk dəfə termal sulardan insanların yuyunması üçün istifadəsi başlayıb. Sonralar bura "Jenral ("general”) suyu” adlandırılıb. Ümumiyyətlə, Səreyndə əsas 9 isti su çıxan mənbə olub. Birinci, "Yol suyu” adlandırılıb. "Yol suyu”nda paltar, yun yuyarmışlar. Uşaqlar da üst-başların batıranda anaları aparıb onların həm də üst-başların çıxardıb yuyarmışlar. Kənd camaatı apardıqları pal-paltar, xalça-palaz çox olanda at-eşşək arabalarına yükləyib qayıdarmışlar. Çünki Səreyn kəndi aşağıda haqqında söhbət açacağımız Anahita təpəsinin ətrafında yerləşib. İndi şəhər salınan su mənbələri isə aşağıda, vadidə çıxırmış. "Yol suyu”ndan aşağıda iki su da olub. Birinə "Qəfə suyu”, digərinə "Göz suyu” deyiblər. "Qəfə suyu” ona görə deyilib ki, üstündə qəhvəxana var imiş, "Göz suyu” isə ona görə adlandırılıb ki, hələ Rza şah dövründə Fransadan şahın dəvət etdiyi mütəxəssislər gələrək bu suları tədqiq ediblər və bu suyun gözə dərman olduğunu müəyyənləşdiriblər. Doğrudan da, gözündə problem olan insanlar bura gələrək gözlərini bu su ilə yuyan kimi xəstəlikləri keçib-gedirmiş. Bu sulardan 100 metr aşağı "Jenral ("general”) suyu”dur ki, yuxarıda söhbət açdıq. Bu su ilə üzbəüz "beş bacılar” və ya dərənin içində olduğuna görə "dərələr suyu” adlandırılan sular olub. Bu sulardan da aşağı suların başı "Gamış gölü”dür. Bu bulaqdan bu dəqiqə də hər saniyədə 80 litr su çıxır. Bu mənbə su çıxımına görə dünyada nadir mənbələrdən biridir. Bu mənbədən başqa da digər bulağa "Peyinli su” deyilib ki, bu suda da həmişə qoyun yuyarmışlar, peyin iyi verdiyinə görə adı da belə qalıb. Digər iki bulaqdan çıxan sulardan birinə "Qara su” deyilib. Yerdən qara rəngdə çıxırmış, əsəbləri sakitləşdirdiyinə görə "Əshab suyu” da deyilir. Onun da yanında "Sarı su” adlandırılan mənbə olub. Rəngi sarıya çaldığına görə belə adlandırılıb. Yəni Səreynin əsl orijinal suları bu mənbələrdir. İndi ki, çoxlu Hotellər və su müalicə müəssisələri tikilib, bunların bəziləri bu su mənbələrinin üstündə tikilib, bəzilərinə isə əsasən "Gamış göl”dən su çəkilib.


Gölə buraxılışın nə vaxt olacağını öyrənmək üçün gedən Şəhrzad qayıdıb deyir ki, suyun tərkibini və şəraiti yoxlamağa gələn məmurlar narazı qalıblar və içəridə səliqə-sahman işləri getdiyi üçün yarım saat da buraxılış olmayacaq. Biz maşına əyləşirik və dostum maşınla şəhər ətrafına çıxıb kənardan şəhərlə məni tanış edir. Yol boyu yerdən çıxan qaynar su mənbələrini və onların üzərində tikilmiş tikililəri və hotelləri göstərir. Hotellər hamısı 3-4 ulduzludur. Hoteldə dincələnlərin isti sulara girmək üçün uzağa getmələrinə ehtiyac yoxdur. Hotelin aşağı mərtəbəsində hər cür şəraiti olan hovuzlar var. Burada qadınlar üçün ayrı şərait yaradılıb.

 

Kişilərin hovuzları ilə qadınların hovuzları ayrıdır. Hotellərdə də xidmət sanitar saatları çıxmaq şərti ilə bütün gün ərzindədir. Və bir də buraya giriş sərbəstdir, yəni hotellərdə yaşamayanlar da müalicə mərkəzindən istifadə edə bilərlər. Şəhəri ətraf təpələrə çıxmaqla kənardan müşahidə etmək mümkündür. Təqribən bizim Sumqayıt boyda olar. Hər yerdə tikinti işləri, yeni su-müalicə kompleksləri və hotellər tikilir. Varlı adamlar üçün villa komplekslərinə ayrıca yerlər ayrılıb. Əlbəttə fərdi şəkildə pulundan asılı olaraq istənilən yerdə tikinti aparmaq olar. Bütün torpaqlar yerli səreynlilərin olub.

Onlardan və ya sonradan mülkiyyət sahibi olanlardan asan qaydalarla daşınmaz əmlak almaq mümkündür. Ümumiyyətlə, İranda mülkiyyət hüququ ciddi şəkildə toxunulmazdır. Siyasi baxışlara və digər əməllərə görə mülkiyyətə əl qoymaq məsələsi ümumiyyətlə, heç kimin ağlına belə gəlmir. İrs məsələsi dövlət tərəfindən qorunur. Üç qardaş arasında irsi bölmək məsələsində razılığa gəlməmələrinin hesabına, nəhəng bir hotelin illərlə bağlı qalmasının şahidi oldum. Yaxud bacılarla qardaşların ana mirasını bölmələri üçün öz aralarında razılığa gəlməmələri hesabına milyardlarla tümən gəlir gətirə bilən bir ərazi illərdir boş qalıb. Sadəcə olaraq ananın bir razılıq kağızının olmaması hesabına böyük pullar ailənin büdcəsindən gedir. Yəni zor, qolu güclülük, başqasının haqqına girmək problemi demək olar ki, yoxdur.


1 manata istirahət


Biz geri qayıdırıq. Şəhrzad deyir ki, sulara girmək üçün ən sərfəli vaxt səhər tezdəndir. Özünün dediyi kimi, bu vaxtlar şuluq (yəni sakitçilik) olmur. Artıq içəri buraxırlar. İnsanlar tək-tək içəri keçirlər. Adamın biri 60 tüməndir, yəni bizim pulla 1 manat. Buranın üstünlüyü təkcə ucuz olduğunda deyil, özəllik buranın üstünün açıq olmasındadır. İçəri girən kimi ayaqqabılarını təhvil verib xüsusi etiket alırsan, etiket qola bağlanır, üstündə olan nömrə ilə içəridəki saxlanma kamerasındakı etiketində göstərilmiş kameraya yaxınlaşırsan və etiketi kameranın üstündəki xüsusi yerə yaxınlaşdırmaqla qapını açıb paltarlarını dəyişdikdən sonra çantanı ora qoyursan. Özünlə yalnız içəridə istifadə edəcəyin sabun və şampun və ayaqqabını təhvil verdiyin yerdə sənə təqdim olunmuş çəkələkləri götürürsən. Xüsusi dərmanlanmış sudan keçdikdən sonra, çəkələkləri orada qoyub ayaqyalın şəkildə yalnız ətrafı tikilmiş hovuz olan binaya daxil olursan.

 

 

Divar boyu duşlardan daim təzyiqlə vuran suda yuyunub təmizlənməmiş hovuza girməyə heç kimin ixtiyarı yoxdur. Buna içəridəki xidmətçilər xüsusi olaraq fikir verirlər. İçəridə doğrudan da adam azdır. Şəhrzad deyir ki, uzağı bir-iki saatdan sonra buralar çox şuluq olacaq. Hovuzdan buxar qalxır. İçəri girmək üçün bədənin suyun istiliyinə uyğunlaşması üçün kənarda xüsusi su zolağı var, əvvəlcə ora girib zolaq boyu gəzişirsən. Sonra böyük hovuza girmək olar. İçəri pillələrlə düşürsən. Əsas hissə mənim çiyinlərim bərabəri dərinliyindədir. Su qaynardır, amma bir az qalandan sonra öyrəşmək olur. Hovuzun ortasında su bir neçə yerdən qaynayıb daşdanır. Şəhrzad deyir ki, bir dəfə xoşbəxtlikdən adam olmayanda suyun qaynadığı yer açılıb və ətrafda nə varsa təkinə çəkib. Bu sözdən qorxuram, mənbəyə yaxınlaşdıqca həyəcanlanıram, ayağımın altı, yəni hovuzun dibi bütövlükdə çınqıldır, elə bilirəm, sürətlə qaynayıb daşdanan su ya fontan vuracaq, ya da deşilib hamını içəri çəkəcək. Amma su 4-5 yerdə öz ahəngi ilə üstündə dayanan insanları yuxarı qaldırmaqda davam edir. Hovuzun kənarında bir tikili diqqətimi cəlb edir.

 

Şəhrzad deyir ki, əsas və ən gur mənbə ordadır, o su da bu hovuza buraxılanda, mümkün olmur, su hovuzun üstündən daşdanıb problemlər yaradır. Ona görə onun dediyi kimi ifadə etsək, həmin mənbəni "boğub” digər hotellərə aparıblar. Hovuzda su daim yenilənir, yəni girdiyimiz su yenidir, durğun deyil, buna baxmayaraq, sanitar nöqteyi-nəzərindən xüsusi idarə suyun təmizliyinə nəzarət edib, vaxtlı-vaxtında nümunələri laboratoriyalarda yoxlayır.


Hovuzun üstü açıqdır. Səhər açıldıqca buxarı soran bacadan qalxan tünd buxar yavaş-yavaş görünməz olur. Hovuzun içində qaynayan sulardan qalxan buxar isə hələ də insanları həmin hissədə ağuşuna alıb. Mənbənin üstündə dayananda səni yuxarı qaldıran suyun hansı hikkə ilə yerdən buraxıldığının şahidi olursan. Bu həm xoş gəlir, həm də möcüzəli görsənir. Açıq səma altında belə bir su kefi həddən artıq yaxşı təsir edir. Sudan çıxıb dincəlmək üçün hovuzun kənarında oturan insanlar bu suların möcüzələrindən, hansı sağalmaz xəstəliklərdən şəfa tapdıqlarını bir-birlərinə ağızdolusu danışırlar.


İnsanların çoxaldığını gördükdə getmək qərarına gəlirik. Sudan çıxıb divardibi cərgə ilə düzəldilən duşlarda yaxalanıb yenidən qapının ağzındakı çəkələklərdən geyinir, xüsusi su zolağından keçərək saxlanma kamerasına yaxınlaşırıq. Qolumuzdakı etiketi qapıya yaxınlaşdıran kimi qapılar açılır, qurulanıb paltarımızı geyinərək birinci salona daxil oluruq. Burada Savalanda bitən cürbəcür otlardan şərbətlər təklif olunur, çox dadlıdırlar, xüsusilə çöl reyhanının toxumları ilə dolu içki çox gözəldir. Buradan çıxandan sonra insan özünü necə də rahat və yüngül hiss edir.

 

Bayıra çıxıb maşına əyləşirik. Şəhrzad mənə şəhərdəki əsas, yəni içəridən çıxan 9 termal su mənbələrinin yerləşdiyi hotelləri və binaları göstərir. Bunlar "Gamış gölü”ndən fərqli olaraq hamısı qapalı yerlərdir. Sonrakı gəzintilərdə gördüm ki, bu mənbələr təkcə Səreyn şəhərində deyil, Savalan ətrafı bütün ərazilərdə vardır. Geoloqların fikrincə,  vulkanik mənşəli olan Savalanın dibindəki ocaq sönməyib, fəaliyyətdədir. Elə ona görə də Savalanın özəyində baş verən proseslər nəticəsində qaynar sular hər yerdən baş qaldırıb həm də insanlara şəfa verir. Həsrətlə Yardımlıdan baxdığımız Savalan həm də bərəkət dağı, ən böyük təbibdir.


Zərdüşt peyğəmbər Səreyində yaşayıb...


Səhər yeməyinə evə getməyi qərara alırıq, bunun səbəbi həm də paltarlarımızı dəyişib digər bir ustadla görüş planımızdır. Maşın Şəhrzadgilin məhəlləsinə çatmağa az qalmış, o "gəl bir Anahita təpəsinə də gedək” deyə sükanı sağa döndərir. Bura mənim nəzərimdə adi bir təpədir. Təpənin ətrafında da turistlər çadırlarını salıblar. Və davranışlarından bilinir ki, səhər olduğuna görə yığışıb getməyə hazırlaşırlar. 60-70 pillə qalxıb təpənin başına yetişirik. Təpənin ortasında təndir kimi bir oyuq var. Kənarda isə üstü örtülü antik formada bir alaçıq tikilib. İçərisində daşdan masa və ətrafında da daşdan yonulmuş stullar var. Hiss olunur ki, bunlar müasir vaxtlarda düzəldilib. Şəhrzad deyir ki, təpə əvvəlcə çox böyük olub, amma torpağı yanmış olduğundan insanlar ətrafını evlərində tikinti materialı kimi istifadə etmək üçün daşıyıblar. Yalnız dövlət işə qarışdıqdan sonra bura qoruq elan edilib və torpağın daşınması dayandırılıb, yerində də gördüyümüz bu təpə qalıb. Təpə Zərdüşt peyğəmbərin qızı Anahitanın atəşpərəstlik məbədi olub. Təpənin başındakı təndirdə daim alov qorunub saxlanılıb. Təqribən 3000 il bundan əvvəl Zərdüşt Anahitanın anası Doğdu ilə Səreyində yaşayıb. Zərdüşt tarixçilərin yazdığına görə 15 il Savalanın zirvəsindəki Mehrab daşının qabağında ibadət edib. Burada ona göydən vəhy gəlirmiş. Ona görə Savalanın adı bəlkə də burdan qaynaqlanıb. Vaxtilə Savalana Sav dağı da (Sav-vəhy) deyilib. Sonra Zərdüşt Savalanın ətəyindəki Qara məbəddə ibadətini davam etdirib. O məbədin təməli bu gün də Qara məscid adı ilə tanınır.


Dostumun Səreynin ən yaxşı qaymağı və ən yaxşı balını almaqdan ötrü bir xeyli maşın sürməsindən sonra əldə etdiyimiz nemətlərdən səhər yeməyi yemək üçün evə yollanırıq. Mənim fikrim isə Anahitanın, 3000 il buralarda nələrin baş verməsinin yanında qalıb.

 


Səreyn – bulaqların başı…

 

Səhər yeməyindən sonra yolüstü şəhər kitabxanasına baş çəkirik. Bizi hündürboy bir gənc qarşılayır. Şəhrzad "mənim qardaşımdır, Davər”deyə gənci təqdim edir. "Zahir müəllim, xoş gəlib, səfa gətirmisiz”deyə, Davər əlini uzadır. Mən hiss edirəm ki, dostum mənim haqqımda onu məlumatlandırıb.


Davər buranın rəhbəridir. O, tarix müəllimi işləyib, sonra bizim təhsil pilləsi ilə desək, elmlər namizədi elmi dərəcəsi, sonra isə doktorluq dərəcəsinə qədər oxuyub. Sonra dövlət onu şəhərin kitabxana sisteminə rəhbər təyin edib. Şəhərdə olan bütün məktəblərə də buradan dərsliklər və digər ədəbiyyatlar paylanılır. Mən elə başa düşmüşdüm ki, Şəhrzad məni bura təkcə qardaşı ilə tanış etmək üçün yox, Səreynin tarixi ilə maraqlandığıma görə gətirib. Sonra məlum oldu ki, Cənubi Azərbaycanın tanınmış şairi və ictimai xadimi Rəhim Əsədullahi ilə bizi Davər əlaqələndirəcək. Davər çox ziyalı bir adamdır. O dəqiqə söhbətimiz alınır, adamın fikrini göydə tutur. Uzun müddət pedaqoji sahədə çalışmağımız da bizi yaxınlaşdırır. O mənə iş qaydalarını danışır və binanın içərisindəki otaqları gəzdirir. "Rəhim əmi” dediyi şairin bir kitabını bağışlayır. Səreynin tarixinə dair bəzi məlumatlar alıram.

 

 


Vaxtilə bu ətrafda üç kənd olub. Səreyn, Əsbəmərz (və ya Əsnəməz) və Vərəniyab kəndləri. Əsbəmərz kəndinin mənası "əsb” - farsca at, "mərz” də sərhəd deməkdir, yəni atların sərhədi. Bunun bir mənası yoxdur. İran tarixçisi, azərbaycanlı ustad Əlizadənin fikrincə, kəndin adı əslində, Əsnəməz olmalıdır. Çünki oranın havası soyuq yel kimidir. Səreynin xanı Qulu bəy, Əsbəmərzinki Nüsrət bəy, Vərəniyabkı isə Salar bəy olub. Bu üç bəy çətin zamanlarda birləşərək Ərdəbil-Təbriz İpək yolunun üstündə olan kəndlərini oğru və quldurlardan qoruyublar. Elə bir zaman olub ki, qaçaqlar nəinki kəndlərə, hətta Şah Abbas karvansarasında düşən çarvadarlara (tacirlərə) da hücum edib onları soyurmuşlar. Mən çox dərinə getmək istəmirəm, ancaq bu üç bəyin adını hamı xatırlayır. Səreynin adı əvvəlcə Sərəqeyin olub. "Sarı” qaya mənası verir. Səreyn sarı rəngdə olan sönmüş vulkan lavalarından təşkil olunmuş vadinin, dərənin üstündə yerləşdiyinə görə belə adlandırılıb. Sonralar ərəblər İranı istila edəndə Sərəqeyn dəyişilib Səreyn olub. "Sər” farsca baş, "eyn” də ərəbcə bulaq deməkdir. Yəni bulaqların başı, bu da Səreyndə bulaqların çox olmasına işarədir.


Davər müəllimin sentyabrın birindən məktəblərdə dərslərin başlaması ilə əlaqədar işləri həddən artıq çoxdur. Çünki məktəblərə kitablar buradan bölünüb paylanır. Ona görə Davər müəllimə mane olmamaq üçün ondan icazə istəyirik. O, telefonu götürüb ustad Rəhim Əsədullahiyə zəng vurur və ustadın bizi gözlədiyini bildirir. Davər müəllimlə işçisi bizi maşına qədər ötürürlər və Şəhrzada bir gün məni onlara qonaq aparmasını xahiş edir.


Ustad Şəhriyarın "Qartal” ləqəbi verdiyi Rəhim Əsədullahi 


Maşınımız Rəhim Əsdullahinin evinin qarşısında dayanır. Darvaza açıqdır. İçəridə ağ saqqallı qoca bir kişi armud ağaclarını sulayır. Həyətin baş tərəfində divarları İranda dəbdə olan ağ mərmər lövhələrlə işlənmiş ikimətəbəli ev görsənir. Şəhrzad yerə düşür. Qoca kişi Şəhrzadı görən kimi əlindəki şlanqı ağacın dibinə qoyub darvazaya yaxınlaşır. Mən də düşürəm. Ağsaqqal Şəhrzada əl verib görüşür, Şəhrzad mən hələ ona çatmamış məni təqdim edir, "Dostumdur, Azərbaycandan gəlib”, müsahibimizin ağ saçlarının və saqqalının arasında gizlənmiş gözləri parıldayır, çöhrəsi açılır, gülümsəyib təəccüblə həm mənə, həm də Şəhrzada baxır. "Yəni Bakıdan gəlib”. Bu zaman mən ona yetişirəm və görürəm ki, düşündüyüm kimi pirani qoca deyil, şux, gümrah bir adamdır, həm də nikbin əhval-ruhiyyədə qarşımdadır. Rəhim ustadla qucaqlaşırıq, mən onun ağ saqqalını, o da gözlərimi öpür.

 

Bizi içəri dəvət edir. Şəhrzadsa, "ustad, müəllimin oturmaqla arası yoxdur, istəyirəm onu Savalana aparım, get paltarını dəyiş, bizimlə gedək” deyə əlini onun kürəyinə qoyur. Ustad itaətkarənə şəkildə "deyirsən gedək, gedək də, sənin sözünün qabağında söz demək olmaz ki, o yerdə ki, qonağımız da belə istəyir. Gedim həm üstümü dəyişdirim, həm də Zahir müəllimə kitablarımdan gətirim” deyə Rəhim ustad içəri keçir. Lap ürəyimdən xəbər verdi kitab məsələsində. Və birdən yadıma düşdü ki, "ağa, bu xalis baldır, qaymaq da xalis gamış qaymağıdır” deyə-deyə mənə izafə yedirtdiyi bal-qaymağın susuzluğundan dodaqlarım quruyub, tez Şəhrzada deyirəm ki, ustada de stəkan da gətirsin su içək. Bilirəm ki, burda harda su varsa təmiz Savalan suyudur. Harda su kranı görsən ovuclarını doldurub içə bilərsən.


Çox keçmir ki, ustad əlində dörd ədəd kitab və su qabı ilə qayıdıb gəlir. Doyunca su içdikdən sonra məcburi şəkildə ustadı qabaqda əyləşdirirəm. Arxada oturub kitablara baxıram. Davər müəllimin verdiyi kitab bu kitabların içində yoxdur. "Ustad, sizin bir kitabınızı da mənə Davər müəllim hədiyyə edib” deyirəm. Arxaya dönüb kitabı görən kimi gülümsünür, "nə yaxşı, məndə o kitabdan qalmamışdı” deyir.

Biz şəhərdən çıxıb üzü Savalana tərəf istiqamət alırıq. Yol boyu tanışlıqdan- filandan sonra mən ondan şeirlərindən oxumağı xahiş edirəm. Əlini uzadıb kitablardan birini götürür. Təsadüfən açdığı şeiri oxumağa başlayır. Şeirin bütün ruhunda bir Azərbaycan var.


Zirvələrdə elm fərhənginin vurub bayrağını

Hər nəfəs ecazidən hikmətdir Azərbaycanım

Kökləyib göy nəğmələr Qorqud, Fizulilər yolu

Şah əsərlər xəlq edən, xilqətdir Azərbaycanım.

Sinəsində dağların bum-buz bulaqlar çağlayır

San Ana torpağını, türbətdir Azərbaycanım

Öp muğanın torpağın, fəxr elə sultan dağına

Şüş qızıldır baş-başa , sərvətdir Azərbaycanım.

Dərk elə dörd guşəsində qəhrəmanlar şöhrətin,

Üz çevirsən hər yana, izzətdir Azərbaycanım.

Uç səhənd ilə qonub Şah dağına al qüdrəti

Qəhrəmanlar xəlq edən heybətdir Azərbaycanım.

Qoç Koroğlu, Babəki sal yada Qartal, yaz qəzəl,

Nəxşəsində aləmin zinətdir Azərbaycanım.


Şəhrzad deyir ki, şeirdəki "Qartal” Rəhiim əminin təxəllüsüdür, 51 il əvvəl, yəni 1345-ci (1967) ildə ustad Şəhriyar verib ona bu təxəllüsü. O vaxtdan da Rəhim Əsədullahi "Qartal” ləqəbi ilə şeirlərini yazır.

 


Şair kitabın başqa yerindən vərəqləri aralayır, gözucu baxıb əzbərdən digər bir vətən həsrətli şeir səsləndirir:


Qorqud təməlin qoydu Fizuli yaradarkən

Eşqində çəkib nəzmə ğəzəllərdir nəbati

Rəhm eylə mənə şurumi Şəhnazə çurumə

Qartal, oxu tar əldə Qarabağda bayati


Şairin elə gözəl diksiyası var ki, adam valeh olur. Danışığında fars qarışığı demək olar ki, yox dərəcəsindədir. Cüzi qarışıq olmasa, qətiyyən İran mənşəli olduğunu hiss etməzsən. Sınamaq üçün digər bir kitabını açıb əlimlə göstərdiyim şeiri oxumasını xahiş edirəm. İlahi, yenə vətən, yenə dil, yenə ayrılıq, yenə Savalan, yenə Araz...


Kimi dindirirsən deyir ürəkdən

Varlığım, izzətim Azərbaycanım,

Bülbüllər dinləyir bağda çiçəkdən

Behiştim, cənnətim Azərbaycanım


Quzular, ceyranlar səndə bəslənir

Yaşıl çəmənlərin yatıb xəslənir

Ellərim əl-ələ verib səslənir

Qolumda qüvvətim Azərbaycanım


Ayrılıq ğəmindən könlüm göynəyir

Çəkir həsrətini öz-özün yeyir

Evindən ğurbətə tuşlanır deyir

Vəslətim, ğurbətim Azərbaycanım.

Başım ucalanır ana Vətəndə

Güllərin qoynunda yellər əsəndə

Bülbüllər söyləyir yaşıl çəməndə

Şirinim, şərbətim Azərbaycanım.


Adınla göylərə səslənir adım

Olubdur adına dilimdə dadım

Dilimin əzbəri, qolum-qanadım

Sözlərim-söhbətim Azərbaycanım.


Çəkirəm keşiyin gecə gündüzü

Buyurram çiçəyə dərəni düzü

Ürəyimin özü, dilimin sözü

Həsrətim, ləzzətim Azərbaycanım.


Dayağındır sənin Savalan dağı

Alovlar sinəndə odlar ocağı

Anamın torpağı, atamın bağı

Möhürüm, türbətim Azərbaycanım.


Ayrılmaz bülbülün yaşıl çəməndən

Alqışlar alarsan umub-küsəndən

Almışam yaşayış yolunu səndən

Qələmim, şöhrətim Azərbaycanım.


Quşları uçanda tutursan dənə

Qoymursan yadların yurduna enə

Varlığım, qeyrətim bağlıdır sənə

Şərəfim, şövkətim Azərbaycanım.


Qalanıb sinəndə eşqin tonqalı

Damır dodağından Savalan balı,

Səninlə cuşə gətir Qartalı

Bəzəyim, zinətim Azərbaycanım!


 

"Burda da bir gözəl şair var…”


Körpünü keçib bir kəndə daxil olan kimi, şair maşını saxlatdırır. "Burda da bir gözəl şair var, qoy zəng edim, görüm burdadısa onu da götürək” deyə telefonu götürüb zəng edir. "Salam, hardasan…o taykı Azərbaycandan bir qonağımız var, üzü Savalana gedirik, dedik səni də götürək,..həy…hə yaxşı çıx gəlirik”, deyə telefonu qulqğından ayırmadan, bir az geriyə qayıtmağımızı işarə etdi. Kəndin içərisinə girdik. Bu kənd Aldaşı adlanır. Məscidə bitişik açıq alaqapının qarşısında maşını saxlatdı. ” Bura evdir?” deyə soruşdum. "Yox , bi istilah sizin dilnən desək bura poçtdur, Cahanbəxş şair də buranın böyüyüdür” deyə ustad dilləndi.

 


 

Çox keçmədən gənc bir adam maşına yaxınlaşıb salam-kalamdan sonra maşına əyləşdi. Biz yanaşı arxada oturmuşduq. Hal əhvaldan sonra gənc şair də ustadın icazəsi ilə şeirlərindən oxudu. Onun şeirləri ustadın şeirlərindən fərqlənirdi, sanki, mahnı yazmaq üçün bəstəkarın sifarişi ilə yazılmışdı.


Nə gözəldir sarı tellər,

Yandırmasın yarı tellər.

Kökləyibdir tarı tellər

Yanaqlarda yay telləri

Qaşlar üstə say telləri.

Dönüb dolanım başına,

Çatıbdır on beş yaşına

Yolunu sal Aldaşına

Ellər görsün ay telləri

Yanaqlarda yay telləri.

Baxım telə yana-yana

Od salıbdır şirin cana

Cahanın dərdini qana

Salıbdı hay-hay telləri

Qaşlar üstə yay telləri.

O tellərdə gözüm vardı,

Saçlarına sözüm vardı,

Məgər canda dözüm vardı

Göy çəməndə say telləri

Qaşlar üstə yay telləri.

Tellərini töküb dara

Göstər onu nazlı yara

Sanki bağlar dolub bara

Gətir mənə pay telləri,

Yanaqlarda yay telləri.


Çox təəssüf ki, onun şeirlərini götürməyi unutmuşam, amma yaxın vaxtlarda onları mənə göndərəcəklər.


"İranda qaydaları yalnız dəlilər və bir də şairlər pozurlar”


Maşınımız ancaq üzü yuxarı qalxırdı. Bilirdim ki, açıq havada şairlərdən özüm üçün götürməkdən ötəri səs yazısı və ya videomüsahibə ala bilməyəcəyəm, çünki yuxarı qalxdıqca külək imkan verməyəcəkdi. Ona görə üzümü Şəhrzada tutub, "Qardaş, ustadların danışığını telefona yazmaq üçün bizə bir qapalı yer lazımdır, buralarda çayçıdan – zaddan bir yer olsaydı oturardıq” dedim. "Narahat olma, qabaqda yer var, orda əyləşərik” deyə Şəhrzad dilləndi. Bir az da üzü yuxarı qalxdıqdan sonra sağda-solda tək-tək evlər görsənməyə başladı və biz yolun ortasında qoyulmuş kiçik bir "budka”ya yetişdik. Hiss olunurdu ki, yuxarı qalxan maşınları yoxlayırlar.

 

Bizdən qabaqda cəmi 3-4 maşın olmasına baxmayaraq, ustad Rəhim maşını əks yolla sürməyi əmr etdi. Şəhrzad da buna bənd imiş kimi, soldan keçdi. Nəzarətçilərdən biri maşına tərəf boylananda şair "nə təhərsiniz, yaxşısınızmı inşallah” deyib ona əl yellədi. O da "belə niyə edirsiniz” kimi çıxacaq şəkildə, "biz yaxşıyıq, sizin kefiniz necədir” deyə maraqla maşının içinə baxdı. "Nə əcəb bir söz demədilər” deyə mən təəccüb edəndə, yanımda əyləşən Cahanbəxş gülərək "onlar o dəqiqə bildilər ki, maşındakılar şairdirlər, İranda qaydanı ancaq dəlilər və bir də şairlər pozurlar”.

 

Onun bu sözünə hamımız gülüşdük. Nəzarət məntəqəsini keçən kimi, üstü bəzədilmiş iki dəvə yolun qırağında yerə çöküb arxayın-arxayın kövşəyirdilər. Görünür, turistlərin minməsi üçün nəzərdə tutulmuşdu. Biz maşını dəvələrin yanında saxlayıb yerə düşdük.  Dağın döşündə evlər sanki daşların diblərində gizləniblər. Dostlarımın dediyinə görə Savalana doğru bu sonuncu kənddir. Solda qəşəng bir istirahət mərkəzi var idi. Biz ora yollanıb İran toxuculuq məktəbinin nəfis nümunələri ilə bəzədilmiş ən sonuncu "besedka”da özümüzə yer elədik. Demək olar ki, qonaq yoxdur. Çox geniş və gözəl bir məkandır. Biz burada oturduq, telefonun imkanları daxilində şairlərlə söhbətimizi telefonun yaddaşına köçürdüm. Söhbət zamanı öyrəndim ki, Rəhim Əsədullahinin İranda 14 kitabı dərc olunub. Cahanbəxş Eldostun isə ayrıca kitabı çıxmasa da, ustad Rəhimin sözləri ilə desək, beş iri kitab həcmində almanaxlarda və digər dərgilərdə şeirləri çap olunub. Ustad özü də ona bir şeir həsr edib... 


İstirahət mərkəzinin sahibləri görünür, qonaqlarının olacağından şəklərini vurduqlarından bizə heç xidmət də təklif etmədilər. Odur ki, söhbətimizi bitirdikdən sonra maşına əyləşdik və "qeyrətli” "pejo”muz dik üzü yuxarı, dolanbac asfalt yolla irəliləməyə başladı. Dağlarda böyüyüb yaşasam da, belə uzun və dik asfalt yolları yalnız  Türkiyədə "Qaraca mağara”ya qalxanda görmüşdüm. Maşınlar bir-birinin ardınca üzü yuxarı dartınır. Enənlər də var. Günün birinci yarısı olduğu üçün hələ ki, əksəriyyət üzü yuxarı gedir. Ustad əzbərdən şeirlərindən parçalar səsləndirir:


Gözüm düşcək gözlərinə, bülbülləri lal eylərəm

Pöhrə verib arılartək gül şəhdini bal eylərəm.

Qalarığı tariximdir Səreyinin Təbriz yolu

Yeridikcə ipək üstdən, maraqlanıb hal eylərəm.


Elin gəzib varlığında, özlüyümü tapan kimi

Gözəlliyin göy mahnısın dodağımda xal eylərəm.

Yadigarlıq taxçasında əl güzgisi nur saçanda

Fizulinin divanından səndən-sənə fal eylərəm.


Qələm qılıb qaşlarını qanad verən duyğulara

Verib başa məktəbini, vurğunları al eylərəm.

Bayram payın yazdan alıb, apararam ıldırıma

Haraylayıb yaz yağışın, çəmənləri şal eylərəm.


Uca dağlar zirvəsində şimşək çalan baltasını

Kürənləri sallam yola, yel atları lal eylərəm.

Göy qurşağın göydən asıb, mat qoyaram bağbanları

Serçələrə qanad verib, Qartal başın qal eylərəm.


Sonuncu bəndləri deyəndə dönüb mənə baxır. Məmnun qaldığımı görəndə digər şeirini başlayır. Bu şeir Babəkə həsr olunub:


Bu doğma Vətəndə gəzir mələklər,

Eşqindən çırpınır çılğın ürəklər

Qoynunda dalğalır arzu diləklər

Ruh verdi nəğməsi ürəyə, cana

Azadlıq istədi Azərbaycana.


Becərib Babəklər bu doğma Vətən

Göyərib bənövşə, süsən

Lalələr qəddinə biçilib kəfən

Vətənin eşqində bələşib qana

Azadlıq istədi Azərbaycana…


Söhbətdən məlum olur ki, Babək haqqında yüksək fikirdədir, o Babək haqqında mənim də fikirlərimi öyrənəndən sonra, onu heç də deyildiyi kimi, din düşməni hesab etmədiyini, İmam Rza əleyhissalam ilə xüsusi müqaviləsinin olduğunu, onu xalq qəhrəmanı hesab etdiyini və hətta Babək haqqında roman yazdığını söyləyir.


Maşınımız isə bu təpədən o təpəyə dolanbac yollarla qalxmaqdadır. Yuxarı qalxdıqca Savalan zirvəsini gizlədir. Savalanətrafı qayalıqlar artıq onun zirvəsini görməyə imkan vermir. Əvəzində hərarət getdikcə düşür və üşüdüyünü hiss edirsən. Əsən mehdə qəribə soyuqluq var. Sanki tədricən soyuducunun içərisinə daxil olursan. Günəş isə aşağıda olduğu kimi başımızın üstündə eyni ahənglə şüalarını hər tərəfə səpir. Savalanın zirvəsi tərəfdə kiçik ağ buludu nəzərə almasaq, göyün üzü tər təmizdir. Maşın döngənin tininə çatanda zirvəni görmək arzusu ilə maşının pəncərəsindən o tərəfə boylanıram. Ustad Əsədullahi elə bil fikrimi anlayır, "Narahat olma düşəndə Savalanın təpəsini görəcəksən” deyir və sonra yenə şeir deməyə başlayır:


Duman almış başını, harda qalıbsan Savalan?

Gözlərim görmür, ürək dərdə salıbsan, Savalan?

Sən yaşmağda qalan dağ deyilsən, püskür olovu

Qaş-qabağın qaralıbdır, qocalıbsan Savalan?


Səni ellər tanıyır, tarixin öz varlığısan,

Salmısan şahları taxtdan, tac alıbsan Savalan.

Əllərin ərşə çatır, ay hörüyün sənlə hörür,

Ulduzu dərməyə göydən ucalıbsan Savalan.


Yoxsulun, məzlumun oldun vətənimdə havadarı

Zalıma yağdırıb od, qiyyə çalıbsan Savalan.

İldırımlar çaxıb, almış başını mavi bulud,

Qəm alıb sinəni, qəmdən qaralıbsan Savalan.


Dilimin, ellərimin varlığı sinəndə coşar,

Ana yurdumda Günəşdən bac alıbsan Savalan.

Ürəyimin sirrini açdım sənə, sən könlümü al,

Olma Qartal kimi əhdinə, yahalıbsan Savalan?!


Şair sonuncu bəndi deyəndə xeyli maşının dayandığı dayanacağa çatırıq. Dükanlar, iaşə mərkəzləri, sanitariya qovşağından başqa, turistlərə əylənmək üçün atlar və dəvələr də təklif olunur. Buradan yuxarı asfalt yol bitir. Amma torpaq yol davam edir. Hiss olunur ki, kim istəsə hələ bir xeyli də yuxarı maşınını sürə bilər. Zirvəyə 12 kilometr qalmışa qədər "CİP”lər dırmaşa bilir. Buradan həm də kanat yolu başlayır. Həm mənim, həm də Şəhrzadın başımız hərlənir. Hiss edirik ki, kanatla yolu davam etdirmək gücündə deyilik. Maşın və kanat yolu 3000 metr yüksəklikdə bitir. Zirvəyə qədər isə hələ 1811 metr də qalxmaq lazımdır. Bundan sonra sağlam və özünə güvənən insanlar 4-5 saat müddətində zirvəyə yetişə bilərlər. İranda, xüsusilə Ərdəbil zonasında Savalanın zirvəsinə qalxmaq bir hobbiyə çevrilib. Qışda burada dağ turizmi işə başlayır. Dünyanın hər yerindən idmançılar gəlir.


 

Savalanda qış fəslində dağçılar üçün hər cür şərait var. Durduğumuz yerdən sübh çağı dənizi belə görmək mümkündür. Ərdəbil ilğımlar içərisində sanki ayağımızın altındadır. Səreynin dəniz səviyyəsindən 1700 metr yüksəklikdə olduğunu nəzərə alsaq, burada təqribən 2500 metr ucalıqdayıq. Burada dostlarla bir-iki şəkil çəkdirib geri qayıtmaq qərarına gəlirik. Geri qayıtmağa tələsməyimizin bir səbəbi də ustad Rəhimin telefonunu yaddan çıxarıb istirahət mərkəzində qoymağıdır. Amma bundan heç kim narahat olmur. Əmindirlər ki, telefonu tapanlar mütləq oradakı işçilərə verəcəklər. Həm də biz çox kənarda oturmuşduq.


Aşağı endikcə yolun nə qədər sərt və təhlükəli olduğunu yalnız indi başa düşürsən. Yol kənarında alaçıqlar gözə dəyir. Burada turistlərə süd məhsulları və dəvələr təklif olunur. Aşağı endikcə Ərdəbili əhatə edən sıra dağlardan nə qədər yüksəkliyə qalxdığının fərqində olursan. Ustad Rəhim Qartal oxumağa başlayır. Gözəl səsi var. Ona hiss etdirmədən kiçik bir hissəni telefonun yaddaşına köçürürəm. Bunu biləndə gülümsünür. "Duyğulandım bir az” deyir.

 



 

Oturduğumuz istirahət mərkəzindəki dəvələrin yanında saxlayırıq. Cahanbəxş telefonu elə qoyduğumuz yerdən götürüb qayıdır. 

Aldaşı kəndində şair Cahanbəxş Güldost xudahafizləşib bizdən ayrılır. Şeirlərini Şəhrzada çatdırmasını xahiş edirəm. "Qurbanəm” deyib razılıq əlaməti olaraq əlini sinəsinə qoyur.


Səreyinə çatdıqda, Şəhrzad, "Ustad, yaxşı bir günorta sifariş vermişəm, bəlkə birlikdə günorta edək” deyə şairə təklif edir. Şair isə, "Gedəyin evə, Zahir müəllimi əlavə dəvət edəcəyəm, amma indi də bir evimizdə bir qismət çörək kəssin” deyə üzünü mənə tutur. Şəhrzad mənim cavabımı gözləmədən. "Ustad dünən də yeznəyə sifariş verdim, gedə bilmədik, bu dəfə də getməsəm, nəğdindən axşam əmiqızını dədəsigilə göndərəcək” deyə zarafat edir. "Onda məni mənzur sayın, xanım xəstəxanadadır, ora getməliyəm, sizdən keçişmədim” deyə üzrxahlıq edir. Ustadla darvazalarının qarşısında xudahafizləşib, yeznənin yeməkxanasına yollanırıq.


Mən dəqiqləşdirə bilmədim, burada doğrudan belə qayda var, ya yox. Mənim yanımda bir dəfə də olsun Şəhrzaddan yemək pulu almadılar. Nə vaxt pul vermək üçün cəhd etdimsə, "Zahir müəllim, burda qonaqdan pul almazlar” deyə nə yeməkxana sahibləri, nə də Şəhrzad imkan vermədi. Deyirəm, "axı burda hamı qonaqdır”, Şəhrzad deyir ki, yerli səreynlilərin yanında olan qonaqlardan pul götürməzlər. Doğrudur, buna heç inanmadım, hiss edirdim ki, Şəhrzad gizlicə hamı ilə hesablaşırdı. Bu dəfə də məxsusi hazırlanmış günortamızı yeyib pul verməyərək Ərdəbilə tərəf üz tutduq…

 

(Ardı var)






Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər