Ru
12:18 / 20 Sentyabr 2018

- Bəxti gətirməyən məşhur azərbaycanlılar/ Savalandan reportaj “Bakı torpağını öpərsən”

8706
Rəssam, pedaqoq Zahir Məlikli Savalanın ətəyində yerləşən Səreyin şəhərində olub, orda gördüklərini geniş şəkildə qələmə alıb. 


 

BakuPost onun hazırladığı geniş reportajı təqdim edir:  


Şəhrzad


Şəhrzad Nüsrəti ilə 2018-ci ilin yanvarında tanış olmuşdum. Məşhəd ziyarətində nəhəng olduğu qədər də rahat olan avtobusumuzun sürücüsü idi. Səfər müddətində elə bir ünsiyyətimiz olmamışdı. Geri qayıdanda baş verən bir hadisə bizi yaxınlaşdırdı. Təqribən Tehran yaxınlığındakı imamzadələrin birini ziyarət etdikdən sonra, zəvvarlar küçədə naringi satan yaşlı bir kişinin ətrafına toplaşmışdılar. Satıcı qiyməti desə də, məscidin xuddamı-gözətçisi olan oğlan cığallıq etmişdi, kişinin imanını əlindən almaq istəmişdi. Naringinin iki kiloqramı olacaq qiymətə zəvvarlara bir kiloqram satmağa başlamışdı. Bunu görən Şəhrzad dözməmişdi, oğlana bu hərəkətinin yanlış olduğunu farsca başa salmağa çalışmışdı. Oğlan isə atılıb-düşür, Şəhrzadı xəbərçilik etməkdə günahlandırırdı. Məsələ böyüdü, oğlan Şəhrzada hücum çəkdi, Şəhrzad da oğlanın yaxasından yapışıb onu işıq dirəyinə çırpdı. Məscidin imamı da gəldi. Şəhrzad ona da başa saldı ki, bunlar qonaqdılar, həm də zəvardılar, imam ziyarətindən gəlirlər, bundan da başqa oğlanın özünün harama batmağı cəhənnəm, bu qoca kişinin də imanını əlindən alır. Nəhayət, aranı sakitləşdirdilər, maşına əyləşdik, bu insanın düzgünlüyündən xoşum gəldi, 3-cü cərgədəki yerimdən durub, bələdçilər üçün nəzərdə tutulmuş yerdə onunla yanaşı oturdum və gömrüyə qədər söhbət etdik, telefonlarımızı bir-birimizə verdik. 

 

...Doğrusu, zəng edəcəyinə inanmırdım. Bir gün votçapıma səsli mesaj göndərdi və beləliklə, əlaqələrimiz yarandı. Hər dəfə danışanda məni yaşadığı Səreyin şəhərinə dəvət edirdi, Səreyinin gözəlliklərindən danışıb məni həvəsləndirirdi. Mən Səreyin haqqında yaxın bir dostumdan eşitmişdim, o da deyirdi ki, Səreyin əsil Avropa şəhərləri kimidir, İranın digər yerlərindən fərqli olaraq, burada qadınlar başı açıq gəzə, kişilər isə şort də geyinə bilərlər.

Doğrusu, könlüm yox idi, uzaq yerlərə getməyə də bu zalım qan təzyiqi imkan vermir. Onun Azərbaycana gəlməyini istəyirdim. Oradan da bura viza problemi var. Beləcə danışıqlarımızın birində bəhanə olaraq Şəhrzada dedim ki, bəs Ərdəbildə filan həkim var, illər əvvəl məni müalicə edib, sonra Amerikaya köçdü, amma eşitmişəm ki, bəzən İrana qayıdır, onun gəldiyi zamanı öyrənən kimi gələcəyəm. 


Və bir gün Şəhrzad o bəhanəmi də kəsdi, dedi ki, həkimin gəlib. Avqustun 25-nə növbə də tutduğunu, ayın sonu da həkimin geri dönəcəyini bildirdi. Dostlar, tanışlar içərisində o qədər naxələf çıxanları olub ki, insanın daha heç kimə inamı da qalmayıb. Çoxdan axtardığım həkimi əldən buraxmaq olmazdı - getməyə qərar verdim. 


Şəhrzada Astaradan gələcəyimi, İranı yaxşı tanıdığımı deyib, lazım olan saatda Ərdəbildə görüşəcəyimizi təklif etsəm də, o israrla gömrük məntəqəsində məni qarşılayacağını dedi. Ona əziyyət vermək istəmədiyimi, 5 manata taksi ilə ünvana çata biləcəyimi desəm də, fikrindən dönmədi. Razılaşdıq ki, saat 11-də gömrük məntəqəsinin çıxışında görüşək. Görüşdüyümüz ana qədər həm bizim gömrük məntəqəsində, həm də İran gömrüyünü keçəndən sonra hamının başına gələn bir-sıra sərgüzəştlər baş verdi ki, bununla bağlı başınızı ağrıtmaq istəmirəm.

 

 

...Şəhrzad atası ilə gəlmişdi, 82 yaşlı atası yaşını göstərmir, maşallah yaxşı qalıb. Nə qədər israr etsəm də, qabaqda əyləşmədi, heç yanında da oturmağa qoymadı, "Zahir müəllim, sən qonaqsan, dostunla bir yerdə otur, həm həmsöhbət ol, həm də bizim yerləri bir yaxşıca gör" deyə məni qabaqda əyləşdirdi. İlk tanışlığımızda Şəhrzaddan xahiş etmişdim ki, mənə məhz belə müraciət etsin, ya sadəcə adımla, ya da müəllim kəlməsini artırmaqla. O da həmişə mənə belə müraciət edirdi və sonrakı görüşlərdə də hamıya məni məhz belə təqdim etdi.


ÜZÜ ƏRDƏBİLƏ TƏRƏF TİKANLI MƏFTİLLƏRƏ AZ QALA TOXUNA -TOXUNA YOL UZANIB GEDİR. Əllərini uzatsan sanki çatacaq qədər üzbəüz meşəliklər mənimdir, bir metr bu tərəfdə isə nə varsa, mənim olmalı olsa da, özgə mənimsəyib. Dərindən düşünəndə böyük faciədir. Bundan acı nə ola bilər ki?..


İmkan tapan kimi, evdən çıxandan məni narahat edən məsələni Şəhrzada açıram. Məni hotelə yerləşdirəcəyini xahiş edirəm. Çünki gəldiyimə görə ən azı bir həftə qalmaq istəyirəm. İran pulu çox aşağı düşüb, buna dostlarıma görə təəssüf etsəm də, pulumun, pulumuzun dəyərinin qalxdığı qürur verir. 100 dollar verib bir milyon tümən almışam. Bu, İranda böyük pul sayılır. Mənim kimi adam üçün 100 dollar da böyük puldur. Amma nəzərə alsaq ki, bizdə kilosu 25 manata satılan və süni şəkildə yetişdirilən çay forelinin qiyməti burada bizim pulla 5 manatdır, bizdə 1 litri 90 qəpik olan benzinin qiyməti burda 20 qəpikdir və mən 3 nəfərə 1 kilo 300 qram "xalodnı"sı ilə birlikdə qızıl balıq yesəm, cəmi 8 manat verəcəm. Bu hesabla pulum gen-boluna bir həftəyə məni dolandıra bilərdi. Şəhrzad isə, "yox” deyib durur, evə gedəcəyimizi bildirir, atası da bunun mümkün olmadığını, "sən bizim müsafirimizsən, bu necə ola bilər Zahir müəllim?" deyib oğluna tərəfdar çıxır. Deməli, tez qayıtmalı olacağam deyə, fikrə gedirəm. 

 


 

Astara-Ərdəbil yolunu 10 il əvvəl getmişəm. Yol həmin yoldur, indi genişləndirməyə başlayıblar, amma ətrafda əsaslı dəyişkənliklər var, dağların döşü pullu adamların villaları ilə bəzənib. Şəhrzad deyir ki, meşələrin məhv olmaması üçün, dövlət artıq belə yerlərdə tikintini qadağan edib. Yolda bir yerdə Fındıqlı meşə deyilən və dumanın içində itən təpəyə kanat yolu çəkilib. İnsanların dincəlməsi üçün infrastrukturlar yaradılıb. Ümumiyyətlə, İran camaatı gəzməyi, boş vaxtlarını səmərəli keçirməyi sevirlər. Hətta kasıbları da istirahət günlərini ailə ilə birlikdə təbiət qoynunda keçirirlər. Kiçik və ya böyük çadırları küçədə belə qurub gecələmək adi bir şeydir. İstirahət günləri hətta şəhərlərdəki parkların yaşıl örtüyü çadırlardan görünməz olur. 


Günorta yeməyimizi Ərdəbildə yeyirik. Pul vermək üçün dartınanda, Şəhrzad əlini sinəsinə qoyub incik tərzdə "Zahir müəllim olmaz, bizim yanımızda müsafirdən pul almazlar" deyir. Sonrakı günlərimin mənə mənəvi narahatçılıq yaradacağını anlayaraq, maşına əyləşirəm.


Həkimim


Həkimin qəbulunda saat 18-də olmalı idik. İranda adətən həkimlər saat 16-ya qədər dövlət xəstəxanalarında çalışır, sonra bir saat dincəlib özəl kabinetlərində və ya klinikalarında xəstələri qəbul edirlər. Bu həkimi 8 il əvvəldən tanıyıram. Bakıda ürəyində anadangəlmə ürək qüsuru diaqnozu qoyulan yaxın bir adamımı başqa bir tanışımın məsləhəti ilə bu həkimin yanına gətirmişdim. Həkim xəstəni yoxladı və ciddi bir şey olmadığını, hər şeyin demək olar ki, ötüb keçdiyini bildirməklə bizi sevindirdi. Dərman-zad yazandan sonra dedim ki, doktor, məni də təzyiq incidir, bəlkə məni də bir yoxlayasan. Həkim bizi onun yanına gətirən, bizim üçün əvvəldən növbə yazdıran həm onun, həm də mənim tanışımın üzünə baxdı. Sürücümüz Hafiz ani olaraq bayıra çıxdı və qayıdaraq, əlindəki kağızı həkimə uzatdı. İndi başa düşdüm ki, mən özümü yoxlatdırmaq üçün əlavədən növbəyə durmalı və pul ödəməliyəm. Hafizin hesabına bu proses baş vermədi, çıxıb pulu ödəyib qayıtmışdı.

 


Mənə çox maraqlı idi, axı həkim onsuz da ona çatacaq pulu özü də ala bilərdi. Mən pərdənin arxasına keçdim, müayinə çarpayısının üstündə uzandım, başımın yanında hündür bir borudan ibarət cihaz marağımı cəlb etdi. Həkim mənə yaxınlaşanda gördüm ki, bu təzyiqölçəndir. Hardasa bir metrlik borunun içindəki civə təzyiqdən asılı olaraq aşağı yuxarı hərəkət edirdi. Adi civəli təzyiq aparatının nəhəng bir forması. Həkim təzyiqimi ölçüb məni exokardioqrafiya cihazının masasına uzandırdı, bir xeyli ora-bura baxandan sonra dedi ki, ağa, xəstə gətirdiyin adam deyil, sən özünsən. Həkim çatışmazlıqları izah etdikcə Peşə Xəstəlikləri İnstitutunda müayinə olunduqdan və müalicə aldıqdan sonra mənə verilən epiqrizdə ürəyimlə bağlı yazılanlar yadıma düşdü.

 


O zaman da yalnız təzyiqlə bağlı dərmanlar qəbul edirdim və orada yazılanları təqaüd məsələmin düzəlməsi üçün həkimlərin hörməti kimi başa düşmüşdüm. İndi anladım ki, o həkim ürəyimdə olan problemləri görübmüş. Həkim çox ciddi adamdır, danışmağı sevmir, dedikləri qısa, konkret idi, ona sual verməyi də xoşlamırdı. Resepti yazıb mənə tərəf itələdi və eynəyinin üstündən mənə qəribə bir nəzərlə baxdı. Bu an o baxışlarda bir mərhəmət hiss etdiyimdən ehtiyatla bir də nə vaxt gələcəyimi soruşdum. Heç mənə tərəf baxmadan dilləndi, "Siqar çəkirsən?". "Bəli" dedim. Başını qaldıraraq tam ciddi şəkildə, "Onda inşallah bir də gəlməzsən" dedi. Əvvəl elə bil heç nə anlamadım. Sonra sözlər  sanki bir-bir çəkic kimi başıma dəydi. Bu nə söz idi mənə dedi, bəs inşallah niyə? Elə pis oldum ki, istədim, əl atıb eynəyini gözündən çıxarım, ayaqlarımın altına atıb çilik-çilik edim, sonra istədim üzünə tüpürüm, bu nə deyir, yəni bu deyir ki, öləcəksən, özü də inşallah? Bir saniyə ərzində bunları beynimdə saf-çürük etdiyim zaman, yadıma lap cavan vaxtlarımda Leninqradın Kuzmalovo stansiyasında qatardan düşən kimi, körpünün məhəccərinə söykənmiş bir rusla haqq-hesabım düşdü. Rusun siqaret çəkdiyini görəndə sevinmişdim, siqareti yandırmaq istədiyimi bildirdim. Sərxoş idi, cibindən ehmalca kibridi çıxarıb mənə verəndə dodağının altında mırıldandı. İndiki kimi əvvəlcə heç nə başa düşmədim, siqareti yandırıb hələ bir "spasibo" da dedim. Uzaqlaşmaq istəyirdim ki, sözlər beynimə çatdı, adə bu əclaf mənə gör nə deyib "qavno kuşiş, lojka nasi saboy", yəni pox yeyirsən, qaşığını özünlə gəzdir. Deyirlər cavanın beyni qan olar, düz imiş, yapışdım bundan ki, qaldırıb körpüdən atım aşağıda elə kibrit qutusu boyda görsənən, trasla şütüyən maşınların üstünə. İşə bax ki, məndən də bədəncə iri olan kişi əlimdə məhəccərin üstünə qədər quş kimi qalxdı. Qalxdıqca da yenə dodaqlarının altında mızıldandı,  ("ay yoldaş, o bir atalar məsəli idi, ən yaxşısı odur ki, çəkməyəsən"). Sifətinə baxdım, heç nə ifadə eləmirdi, qorxu hissi də yox idi, sadəcə nəfəsindən üfunət iyi gəlirdi. Amma son dedikləri beynimə batmışdı. Deyirlər, adam öləndə bütün həyatı saniyə içində gözlərinin qabağından keçir.

 


Mən belə şeyin ola biləcəyinə inanıram. Bütün bu hisslər çox ani olaraq beynimdən keçib getdi. Həkimin sözünün məni tutduğunu özü də hiss etdi. "İndi deyirsiniz mən öləcəm?" deyə soruşdum. "Yox baba, mən deyirəm ki, siqaret çəkməyi bu saniyədən burax, yoxsa mənim yanıma gəlmə" deyə yenidən resepti aldı və başımın da yəqin normal olmadığını hiss edib, bir dərman da əlavə elədi. Onu bilirəm ki, bax elə həmin dərmanı evə qayıdandan sonra qəbul edəndə, əhvalım düzəlirdi, üzüm gülürdü, evdəki də dua edirdi bu həkimin canına ki, Allah köməyi olsun, sənin sifətinin qırışlarını açdı. Elə həmin gündən 32 illik dostumla vidalaşdım. Sonra üç dəfə də biz görüşdük, sonrakı dəfələrdə artıq mehriban söhbətlər edirdik. Onun mənim həyatımda da, yenidən insanlarla ünsiyyətimdə də böyük rolu oldu. Bu yaxın vaxtlarda tərcümə etmək üçün götürdüyüm kitabı oxuduqca həmin həkim yadıma düşürdü, elə bilirdim o pıçıldayıb, müəllif yazıb. Budəfəki görüşümüzü detallar ilə yazmıram, amma birinci görüşümüzdən 8 il keçib, Allah istəsə bundan sonra da ömrümü nə qədər məsləhəti olsa uzadar. Həkimin adını ona görə yazmıram ki, bu yazını oxuyanlar tələsik həmin həkimi axtarmaq eşqinə düşməsinlər, ortada elə bir özəllik yoxdu, indi bizim Azərbaycanda da kifayət qədər yaxşı həkimlər var. Bir də ki, bu yazı əlinizə keçəndə o həkim yenidən mənə məlum olmayan müddətdə Amerikada olacaq. 


Səreyinə doğru


 

Həkimdən çıxıb xeyli uzaqda saxladığımız maşınımıza tərəf gedirik. Ətrafdakı bütün binalar həkimlərin qəbulu ilə bağlı trafaretlərlə bəzənib. Bura xüsusi məhəllədir, Sərçeşmə deyilir, bütün özəl həkim kabinetləri və klinikalar, apteklər demək olar ki, burada yerləşir. Bu bir növ yaxşıdır, çünki xəstələr şəhərin müxtəlif yerlərinə gedərək vaxtlarını itirmirlər. Bir məhəllədə bütün həkimlərlə görüşüb, dərdlərini bildikdən və dərmanlarını aldıqdan sonra evlərinə dönürlər. Amma Şəhrzadın dediyinə görə bura xəstə gətirən maşınlar onsuz da getdikcə avtomobil sıxlığından əziyyət çəkən şəhərin çətinliyini bir az da artırır. Ona görə şəhər rəhbərliyi buranı şəhər kənarına, Şorəbil gölünün kənarına köçürmək qərarına gəlib. Bunun üçün burada xüsusi binalar da tikilib. Sonra bu gölə baxmağa gedəndə özəl həkim qəbulu üçün nəzərdə tutulmuş yeni məhəlləni dostum mənə göstərdi. Doğrudan da bu məhəllənin beş addımlığında yerləşən gölün kənarında nəhəng maşın dayanacaqları istifadəyə verilib. Burada maşınları saxlamaqla rahatca istənilən həkimi görmək üçün müasir üslubda inşa olunmuş binalara getmək olar.

 

 


Ərdəbildən Səreyinə 21 kilometrdir. Ərdəbildən çıxıb üzü Təbrizə doğru istiqamət alırsan. Arada bir məntəqə var, həmin məntəqəni keçdikdən sonra sağa burulub Savalana doğru qalxırsan. Təbriz yolundan Səreyinə dönəndən azca sonra yolun sağındakı təpədəki uca qüllənin başında pərlərin fırlandığını gördüm. Sualıma cavab olaraq Şəhrzad bildirdi ki, bu küləkdən enerji almaq üçündür və bütün Səreyin ətrafı kəndləri enerji ilə təmin edir. Elə ki, akkumlyatorlar doldu, avtomatik olaraq pərlərin fırlanması dayanır, azalan kimi yenidən başlayır. Sonrakı günlərdə gördüm ki, bu cür küləkdən enerji istehsal edən cihazlardan hər bir şəhər ətrafında qoyulub. 


Savalan


Maşın getdikcə Savalana yaxınlaşır. Əlini uzatsan çatar. Daim gözümüzü qıyaraq Yardımlının Arvana kəndinin üstündən İran tayına baxaraq, Savalanın uca zirvəsini görmək həsrətində olmuşuq. Bundan ötrü hətta bəzən uzaq məsafələr qət etmişik ki, Savalanı görək. Bu isə həmişə müyəssər olmurdu. Savalan çox vaxt ya buludlarla, ya da ilğımla üzünü gizlədirdi. Amma budur, Savalan düz avtomobilin şüşəsindən mənə baxır. Qarı yoxdu. Bu il isti keçdiyindən qarlarını da əridib. Amma möhtəşəmliyini heç itirməyib. Savalan barədə ətraflı yazacam. İndi isə şəhərə giririk.

 

Sağ tərəfdə sirk binasına oxşayan iki tikili diqqətimi cəlb edir. Şəhrzaddan soruşuram, deyir ki, bunlar isti sulardır, insanlar bura bu sulara girib xəstəliklərdən azad olmaq üçün axışırlar. Maşın şəhərin içi ilə Savalana doğru irəliləyir. Savalanın düz ətəyindəki sonuncu məhəllədə yaşayır Şəhrzad. Atası ilə bir həyətdə olurlar, evləri yanaşıdır. 5 qardaş, üç bacıdılar. Onlar ayrılıb hər biri özlərinə güzəran qurublar. Şəhrzadı isə, ikinci oğul olmasına baxmayaraq, anası yanından buraxmayıb. Çox səliqəli görünən evə daxil oluruq. Həyat yoldaşı bizi qarşılayır. Artıq axşamdır. Bir azdan anası da qonağı ziyarətə gəlir. Xəstədir, yenicə Tehrandan, müalicədən qayıdıb. Çox nəfis xalça ustası olub. Həkimlər ağ ciyərlərini xalçanın tüklərinin zədələdiyini deyiblər. Vaxtında xəbərdar olmadığından yaş keçdikcə xəstəlik öz işini görüb. Çox səmimi bir anadır. "Düz on altı ildir, bu gəlin mənim qulluğumu tutur" deyir ana. Gəlinindən nə qədər razı olduğu ağzından məhəbbətlə çıxan hər kəlməsindən hiss olunur. Ana çox otura bilmir. Bir daha xoş sözlər deyib qonşuluqdakı evinə gedir.

 

 


Evin xanımı müsafirinə gözəl bir süfrə açıb. Hər şey son dərəcə səliqəli və təmizdir. Yemək əsnasında Şəhrzad deyir ki, müəllim, səni sabah Təbrizə aparacam. Mən isə ona deyirəm ki, mən Təbrizi görmüşəm, şəhərlərə məni aparma, məni bu yaxın ərazilərdə olan tarixi yerlərə, Savalana, mənzərəli təbiət qoynuna apar, imkan olsa Urmiya gölünü göstər, mümkün olsa Bəz qalasına çıxar. Dəfələrlə Ərdəbildə olsam da, Şeyx Səfi kompleksini görməmişəm, Şah İsmayılın qəbrini ziyarət etmək istərdim və bir də məni tanınmış sənətkarlarla, şairlərlə görüşdür, deyirəm dostuma. Şəhrzad razılaşır. Deyir dincəlmək istəmirsənsə dur gedək, səni məşhur bir müğənni-Cəmşid Nəcəfi ilə görüşdürəcəm. Mən təəccüb edirəm, yəni bu "Gecələr" mahnısını oxuyan ölməz Cəmşiddir? Şəhrzad özünə məxsus razı tərzdə "Bəəlii" deyir. Cəmşid Nəcəfini görmək, onunla həmsöhbət olmaq heç yatsaydım yuxuma da girməzdi. "Tez ol qardaş, gedək" deyə ayağa dururam.


Ürəkləri fəth edən Cəmşid Nəcəfi: "Bakı torpağını öpərsən və deyərsən: sizin Cəmşid sizə səlam dedi"

 

Şəhrzadgildən çıxıb evlərin arası ilə aşağı enirik. Özüm də hiss etmədən izdihama qovuşuruq. Məni hələlik bu şəhərin digər İran şəhərlərindən özəlliyinin nədən ibarət olması maraqlandırır. Dostumun dediyi kimi başıaçıq qadın gözə dəymir. Amma tək-bir şort geyinən adamlar var. Təmiz, hər yan çıraqban və canlı olan küçələr o üzlü-bu üzlü adi şərq şəhərlərində olduğu kimi dükanlar, məişət obyektləri ilə doludur. Addımbaşı bal dükanlarıdır və bir də hotellər. Digər şəhərlərdən fərqli olaraq burada müsafirxanaların yerini müasir və hündürmərtəbəli hotellər əvəz edir. Müqayisə axtardığım anlarda dostum qolumdan tutub məni sola çəkir. Geniş və izdihamlı bir bazara daxil oluruq. Yol boyu Şəhrzad gah sola, gah sağa dönüb salamlaşır. Mənə elə gəlir ki, bu şəhərdə hamı onu tanıyır  - hamı da onu ehtiramla dindirib hal-əhval tutur. Bir telefon dükanının qarşısında dayanıb "çolkaları” gözünün üstünə düşmüş yaraşıqlı bir oğlanla görüşür, "Zahir müəllim, bu mənim bacıoğlumdur” deyir. Oğlan piştaxtanın arxasından çıxıb mənim yanıma gəlib əl verir, mən daha səhv etmədən onun əvvəl sağ, sonra sol və yenidən sağ yanağını öpürəm. Bu zaman boyca bacıoğlunun yarısı boyda olan başqa bir uşaq bizə yaxınlaşır. "Bu da bizim Rizadır (onlar belə deyirlər) əmisi, kiçik nökəriniz” deyə Şəhrzad oğlanın qolundan tutur. İlahi bu uşaq necə də şirindir. İlk baxışdan iri gözlərinin içində işıq saçan qonur bəbəkləri məni valeh edir. Saçları da gözlərinin rəngindədir. Onunla da görüşüb-öpüşəndən sonra öyrənirəm ki, qızlar onu işləməyə qoymur, gözlərində əkslərinin şəkillərini çəkdirmək üçün növbəyə dururlar. Bunu bacıoğlu gileylənərək deyir. Onun dələduzluğundan da dayısına şikayət edir, amma bu heç şikayətə də oxşamır, şikayət etdikcə Rzanı saçlarını, üzünü-gözlərini öpüşlərə qərq edir. "Dayı, Riza  bütün bazarın əl-ayağını bir yerə yığıb, icazə ver, sözümə baxmayanda onu döyüm” - deyə o Rzanın saçlarını qarışdırır. Rza 7-ci sinifdə oxuyacaq, evdən onu bacıoğlunun yanında qoyublar ki, tətildə avara uşaqlara qoşulmasın, həm də ailəyə maddi cəhətdən də kömək etsin.


Söhbətə qonşuluqdakı dəri məmulatları satan da qoşulanda Cəmşid Nəcəfi ilə görüşmək üçün tələsirəm. Şəhrzada göz vururam ki, gedək. Ani olaraq məni başa düşür. Demə, böyük sənətkar elə növbəti halvaçı dükanında imiş. Budur, cavan vaxtlarımdan səsinin cazibəsinə düşdüyüm, Ququş, Cəmşid və Gita üçlüyünün pərəstişkarı olduğum Cəmşid Nəcəfi qarşımdadır. Piştaxtanın o üzündən Şəhrzadla salamlaşır. "Ağa, sənin fanatını (Şəhrzad bu sözü məndən öyrənmişdi) gətirmişəm, özü də Bakıdan”, deyə Şəhrzad qolumdan tutur. Nəcəfi iri cüssəli biridir, qaraşın sifəti çox mülayim və təbəssümlə dopdoludur. Elə bax belə bu məhəbbət dolu siması ilə mənə yaxınlaşır və doğma balası kimi məni qucaqlayır, onunla özlərinin qaydası ilə öpüşmək istəyirəm, "elə yox” deyir, "sizin kimi” deyib üzümü, gözlərimi öpür, saçlarımı qoxulayıb "oxxxayy, o üzün ətrini gətirmisən, mən sizləri çox sevərəm” deyir. İlahi bu necə mehriban adamdır, heç belə münasibət gözləmirdim. "Ustad, mən sizi hələ "Şurəvi” dövründən tanıyıram, radioda qulaq asırdım” deyirəm və dodağımda "Gecələr” mahnısını zümzümə edirəm. O əlini mənim çiynimə qoyub üzünü az qala sifətimə söykəyib məşhur "Gecələr”ini oxuyur.

 



 

 Dövrünün ən varlı və məşhur adamı indi Səreyində tənha yaşayır


Cəmşid Nəcəfinin cavanlığı simaca da səsi qədər çox gözəl olub. İranın ünlü sənətçiləri ilə adı bir yerdə çəkilib həmişə. İçində elə cavanlığından bir türk məhəbbəti olub, mahnılarını da əsasən azərbaycanca oxuyub. Düzdür, farsca da məşhur mahnıları var, amma daim bir azərbaycanlı olduğunu, bu xalqa mənsubluğunu şah dövründə də, sonrakı dövrlərdə də qürurla büruzə verib.

 

Atası ərdəbilli, anası isə təbrizlidir. İranın ünlü müğənnisi Gita ilə evli olub və bu izdivaclarından bir qızları var. Cəmşid Gita ilə də çoxlu duetlər yazdırıb. İran inqilabından sonra Gita vətənini tərk edərək Amerikaya köçüb və qızını da özü ilə aparıb. Cəmşid isə qızına həsrət qalacağını bilsə də, vətənindən ayrılmayıb və bir müddət oxumayıb. Amma İran-İraq müharibəsində hərbi təyyarəçilər qarşısında oxuduğu mahnılarla yeni hökumətin rəğbətini qazanıb və yenidən səhnələri fəth edib. O məşhur "Gecələr” mahnısı ilə digər məşhur azərbaycanlı müğənni Peyman Təbrizlini geridə qoyub. Onun qızının həsrətinə ithaf etdiyi "Gəldi babam” mahnısı mənim çox xoşuma gəlir. Bu həsrətlə o bir daha ailə həyatı qurmayıb. Cəmşid Nəcəfi – dövrünün ən varlı və məşhur adamı indi Səreyində tənha yaşayır.

 



Ustadla söhbətimiz o taylı-bu taylı vətən həsrətindən düşüb bizi kədərli bir həlqə ilə əhatələsə də, o özünü nikbin aparmağa çalışır, simasındakı gülümsər ifadəni itirmək istəmirdi. Amma onun gözlərinin dərinliyində kök salmış qüssə özünü büruzə verirdi ki, verirdi. Bilmirəm bu bulud qızının həsrətindən doğurdu, ya tənhalıq, qocalıq onu incidirdi, amma onu bilirəm ki, 80 yaşlı bu böyük azərbaycanlıdan ayrılanda özümü hönkürməkdən güclə saxlamışdım. Görüşüb ayrılanda gözlərimdən öpdü, "bax bu gəzlərinlə mənim əvəzimdən o taykı doğmalarıma baxarsan”, sonra dodağımdan öpdü "bax bu dodağınla da mənim əvəzimdə Bakı torpağını öpərsən və deyərsən: sizin Cəmşid sizə səlam dedi”.


Ustaddan kədərlə ayrıldım. Şəhrzad "bəlkə bir az da gəzişək” desə də, "Yox, gedək evə, heç halım qalmadı, bu kişinin nə cazibəli aurası var” deyərək dostumun çiyninə əlimi qoyub məni ustadla görüşdürdüyünə görə ona minnətdarlıqla baxdım.

 




(Ardı var)     

             

Zahir MƏLİKLİ
 - Bəxti gətirməyən məşhur azərbaycanlılar/ Savalandan reportaj “Bakı torpağını öpərsən”
 - Bəxti gətirməyən məşhur azərbaycanlılar/ Savalandan reportaj “Bakı torpağını öpərsən”
 - Bəxti gətirməyən məşhur azərbaycanlılar/ Savalandan reportaj “Bakı torpağını öpərsən”
 - Bəxti gətirməyən məşhur azərbaycanlılar/ Savalandan reportaj “Bakı torpağını öpərsən”
 - Bəxti gətirməyən məşhur azərbaycanlılar/ Savalandan reportaj “Bakı torpağını öpərsən”
 - Bəxti gətirməyən məşhur azərbaycanlılar/ Savalandan reportaj “Bakı torpağını öpərsən”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər