Ru
14:25 / 09 Dekabr 2016

Prezident Tarif Şurasının qərarını ləğv edəcək? - “Bu mövzu cəmiyyətdə həmişə narahatlıq yaradacaq”/ AÇIQLAMA

14368

Milli Məclisdə 3 gün davam edən büdcə müzakirələri
zamanı deputatların tənqid hədəfinə tuş gələn qurumlardan biri də Tarif Şurası
oldu.

Millət vəkillərinin əksəriyyəti Şuranın işıq və qaz
pulunun artırılmasıyla bağlı qərarına qarşı çıxaraq, ciddi ittihamlar səsləndirdi.


Parlamentdəki gərgin müzakirələrdən sonra Tarif
Şurasının son qərarlarının prezident İlham Əliyevin göstərişi ilə ləğv
olunacağı iddiaları səsləndirilir. İddialara görə, ölkə başçısının xalqın
narazılığına səbəb olan işıq və qazın bahalaşması ilə bağlı tapşırıq verəcəyi
gözlənilir.


Məsələ ilə bağlı BakiPost.az-a açıqlamasında Milli Məclisin
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc
deyib ki, deputatların mövcud məsələyə reaksiyası başa düşüləndir: "Çünki bütün
hallarda verilən qərarların gələcək sosial, iqtisadi, həmçinin ictimai nəticələri
hesablanır.

Ümumən, dünyada qanunverici orqan hökumətə
opponentlik edir. Əksər hallarda qarşılıqlı debatlar, hər tərəfin öz mövqeyini
müdafiə etmək siyasəti vətəndaşların mənafeyini təmin etmək üçündür”.


Millət vəkili Tarif Şurasının məlum qərarından sonra
hökumətdə müəyyən hazırlıqların aparıldığını qeyd edib:
"Tarif Şurasının qərarına
yenidən baxılması və ya onun ləğv edilməsi ölkə başçısının səlahiyyətində olan
məsələdir. Mediada belə təhlillərin aparılması da başa düşünüləndir. Amma bizdə
belə bir məlumat yoxdur. İndiki şəraitdə prosesin qərarların ləğv edilməsindən
daha çox, alternativ tədbirlərin görülməsi yönündə getdiyini də görməmək mümkün
deyil. Yəni, 2017-ci ildə əhalinin aztəminatlı hissəsinin həyat şəraitinin
yaxşılaşdırılması, həmçinin "Strateji yol xəritəsi” ilə bağlı prezident İlham
Əliyevin müvafiq qərarının yerinə yetirilməsi yaranmış şəraitdə ən düzgün yol
olardı. Lakin manatın kursunu sabitləşdirmədən köklü iqtisadi tədbirlərin gözlənilən
səmərəsini təmin etmək mümkün deyil. Ona görə də isahatları elə bir səviyyəyə
çatdırmaq lazımdır ki, enerji sektorunda tariflər hökumətin sərəncamından
çıxsın. Vətəndaşla müstəqil şirkətlər arasında münasibətlərə keçməsək, daim həmin
mövzu cəmiyyəti narahat edəcək. Ona görə ölkə başçısı iki gün öncə mühüm
tapşırıqlar verərək, Sabitləşdirmə Şurasına konkret vaxt verib”.


Zahid Oruc qeyd edib ki, Milli Məclisdə müxtəlif fikirlərin
irəli sürülməsi dövləti güclü etmək, prezidentin indiyədək yürütdüyü siyasətin
fəlsəfəsindən çıxış etməkdən irəli gəlir:
"Qərəzlə və başqa maraqlar ucbatından
müxtəlif nazirlikləri hədəf seçən yoxdur. Ucuz populizm dövrü çoxdan arxada
qalıb. İnsanlara real iş lazımdır. Ona görə hansısa deputatın istənilən hər
hansı qurumun ləğvi haqda insayder məlumatına söykənib kiminsə süni qəhrəmanlıq
fikirinə düşdüyünü iddia edənlər yanılırlar”.


Deputat Tarif Şurasının razılaşdırılmamış şəkildə qərar
verməsiylə bağlı yayılan xəbərlərə də münasibət bildirib. Onun sözlərinə görə,
qaz və işığın tariflərinin qaldırılması ilə bağlı hökumətdə vahid fikir olub: 
"Tarif Şurasının tərkibi hamıya bəllidir. Hökumət hər halda məsələ ilə bağlı məlumatlı
olub. Əsas qurumlar, onların təmsilçiləri Dövlət Neft Şirkətinin irəli sürdüyü
təşəbbüsü xeyli müddət müzakirə edib. Hesab edirəm ki, burada zaman məsələsi önəmli
olmalı idi. Belə ki, qaz və işığın istehlakı qış aylarında yüksək olur. Suya isə
yayda tələbat artır. Belə olan təqdirdə əhalinin kredit borclarının, digər müxtəlif
sosial yükünün pik dövründə qiymət siyasətinə yenidən baxmaq ajiotaja səbəb
oldu. Hökumət içərisində müxtəlif qurumların tarif siyasətinə baxışı fərqli ola
bilər. Ən sonda qərar verilibsə, o zaman avtonom olaraq onu yerinə yetirməmək, yaxud
məsuliyyəti başqasının üzərinə yıxıb özlərini xalq içərisində "yaxşı oğlanlara”
çevirmək heç bir halda fayda gətirə bilməz. Vahid komanda olmağın tələbi budur
ki, ən yaxın gələcəkdə strateji məhsulları və infrastrkur layihələrinə xarici
kompaniyaları qoşaraq dövlətin yükünü azaltmaq, beləliklə rəqabət vasitəsilə
xalqı keyfiyyətli kommunal xidmətlərlə təmin etməkdir. Əgər Rusiyada dünən Rosneftin
səhmlərinin 20 faizə qədəri satıldısa, deməli, neft sahəsinin özü belə dövlət
qarışıq mülkiyyətə keçməyə məcburdur”.


Sevinc Yasinqızı

Bakı Post

Prezident Tarif Şurasının qərarını ləğv edəcək? - “Bu mövzu cəmiyyətdə həmişə narahatlıq yaradacaq”/  AÇIQLAMA
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər