ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri
"Keçən keçdi, olan oldu” anılar, düşüncələr romanından parça
1938-ci ilin dekadası Üzeyir bəyin taleyində bir növ dönüş ili oldu. "Koroğlu” operasının böyük uğuru və özəlliklə də Stalinin bu operanı bəyənməsi bundan sonrakı illərdə bəstəkarın ictimai mövqeyini xeyli möhkəmləndirdi.
Amma rəsmi təqdir zirvəsinə qədər Üzeyir bəyin başı çox bəlalar çəkmişdi. Sovet dövründən əvvəl maddi çətinliklər, saxladığı böyük ailənin ehtiyacları, operalarına və operettalarına paxılların, yarımçıqların cahil hücumları, sovet dövründə isə daima başının üstündən Demoklis qılıncı kimi asılmış təhlükələr... Axı, ömrünün ən fərəhli illərində - 1918-1920-ci illərin müstəqil Cümhuriyyət dövründə qardaşı Ceyhun bəylə "Azərbaycan” qəzetinin redaktorları olublar, bu qəzetdə bolşeviklərə, Rusiyaya, Leninə qarşı kəskin yazılar yazıblar. Həm də Üzeyir bəy Müsavat partiyasının üzvü, müstəqil Azərbaycanın dövlət himninin müəllifi, Əhməd Cavadın sözlərinə "Çırpınırdı Qara dəniz baxıb türkün bayrağına” mahnısının bəstəkarı idi. Və bütün bunlardan əlavə Ceyhun bəyin Parisdə siyasi mühacir kimi fəaliyyətini davam etdirdiyini yada salanda Üzeyir bəyin bu amansız dövrün əcəl dəyirmanından salamat çıxmasına təəccüb qalır və sevinirsən.
Bəstəkarın çətin həyat yolunu "Üzeyir ömrü” filmində göstərməyə çalışdım. Şübhəsiz, sovet vaxtında Moskvanın Mərkəzi Televiziyasının sifarişiylə çəkilmiş və ilk dəfə onun Birinci proqramıyla nümayiş etdirilmiş filmdə Üzeyir bəyin ictimai həyatı haqqında tam həqiqəti söyləmək mümkün deyildi. Nəinki həyatının çox mühüm dövründən - 1918-1920 illərdəki fəaliyyətindən söz açmaq olmazdı, heç sovet dönəmində Stalinlə görüşlərinin, söhbətlərinin (bu barədə Üzeyir bəy özü yazıb), Stalinə kantata həsr etməsinin də üstünü vurmaq olmazdı. Amma bütün bu məcburi qadağalar nəzərə alınsa da, "Uzeyir ömrü” filmində Hacıbəyli dühası haqqında tam təsəvvür yaratmağa çalışdıq. Çünki onun publisist fəaliyyəti, ictimai həyatı, siyasi mövqeyi, bioqrafiyasının müxtəlif dönəmləri nə qədər əhəmiyyətli olsa da, Üzeyiri Üzeyir edən onun musiqisidir. Bəstəkarın ölməz musiqisi isə filmdə ən parlaq nümunələriylə - "Leyli və Məcnun”, "Əsli və Kərəm”, "Arşın mal alan”, " O olmasın, bu olsun”, "Koroğlu”, "Sənsiz” və "Sevgili canan”la təmsil olunur.
Amma... müəyyən fənd işlədərək filmə hətta anonim şəkildə Ceyhun bəyin obrazını da salmışdıq. Məlum olduğu kimi, "Leyli və Məcnun”un ilk tamaşasında İbn Səlam rolunu Ceyhun bəy ifa edib. Bizim filmdə də İbn Salam rolunu oynayan aktyor operanın yaranma prosesində başqa müəlliflər və aktyorlarla birlikdə adı çəkilmədən iştirak edir. Bunu yalnız Niyazi tuta bildi. "Üzeyir ömrü” kinolentinin konsultantı kimi filmi ilk dəfə ona göstərdim. O səhnələr ekranda canlananda qulağıma pıçıldadı: Bilirsən İbn Salamı kim oynayıb? - Bilirəm - dedim. Bundan sonra isə nə o, nə mən bu barədə bir kəlmə də kəsmədik.
Üzeyir bəyin baldızı oğlu və yaxın köməkçisi Ramazan Xəlilov Üzeyir bəyin öz söhbəti əsasında xatırlayırdı ki, Stalin bəstəkarla görüşü zamanı onun xaricdə yaşayan qardaşı Ceyhun bəylə maraqlanıb. Üzeyir bəy: Neçə ildir heç bir əlaqəmiz yoxdur - deyib. Stalin: Nahaq yerə... məktub yazın ona, SSRİ-yə gəlmək istəsə, gəlsin, qorxmasın - deyə təklif edib.
Məşhur rus yazıçıları Kuprinin, Aleksey Tolstoyun mühacirətdən vətənə qayıtmaları və rahat yaşamaları bu təklifin fantaziya olmadığına əsas verir. Üzeyir bəyin təklifə münasibəti necə olub, bilmirəm. Onu da bilmirəm ki, belə bir məktubu yazıb, ya yox. Çox güman ki, böyük rəhbərin iltifatına baxmayaraq, yazmayıb, düşər-düşməzi ola bilərdi. Hər halda Ceyhun bəy SSRİ-yə gəlmədi və düz də elədi.
Stalinin Üzeyir bəyə xoş münasibətinin səbəbləri haqqında düşünəndə ağlıma müxtəlif fikirlər gəlir. Əvvəla, Sovet quruluşunun heç bir məntiqə sığmayan qəribə davranışları vardı. İkincisi, mənim heç bir konkret fakta əsaslanmayan öz fərziyyəm də var. Deyirlər ki, Stalin İohan Ştrausun həyatından bəhs edən "Böyük vals” filmini çox sevirmiş və dəfələrlə baxmaqdan doymurmuş. Onu da deyirlər ki, məhz bu səbəbdən İkinci dünya müharibəsi zamanı sovet qoşunlarının Vyananı darmadağın etməsinə imkan verməyib. Fərz eləyirəm ki, Qafqazda keçən cavanlıq illərində Stalin "Arşın mal alan” tamaşasını da görüb, bəyənib və yadda saxlayıb. Stalinin yaddaşında qalan "Arşın mal alan” bəlkə də Üzeyir bəyi taleyin keşməkeşlərindən xilas edib.
Bu xoş münasibətlər zəminində Stalinin "Koroğlu” operasını da, sonralar "Arşın mal alan” filmini da dəyərləndirməsi təbiidir. Qafqaz mühitində böyümüş, o cümlədən, qulaqları Şərq melodiyalarına alışmış Stalinə bu əsərlər xoş gəlməyə bilməzdi.
Niyazi Üzeyir bəyin bir söhbətini danışmışdı mənə. "Koroğlu” tamaşasından sonra Stalin başda olmaqla, Siyasi büro üzvləri Üzeyir bəylə görüşürlər və rəhbərin operaya münasibətini bilən Voroşilov qabağa düşür, bəstəkara: - Yaxşı olar bir cüt də belə opera yazasınız - deyir. Bu zaman Stalin kəskin şəkildə: - Yox - deyəndə Üzeyir bəy təlaşlanır. Qısa pauzadan sonra İosif Vissarionoviç: - İki cüt belə opera - deyə əlavə edir.
Moskva mətbuatı, bəstəkarlar, musiqişünaslar şah operamızın başına təm-təraqlı təriflər yağdırırdılar. Totalitar rejimdə sənət əsərinin dəyəri nə qədər yüksək olsa da, son həddə onun taleyini rəsmi dövlət təqdiri təyin edir. "Koroğlu”nu Stalin özü bəyənmişdi. O dövrdə bundan yüksək mükafat ola bilməzdi. Amma qısa müddət ərzində Üzeyir bəy dövlətin rəsmi ənamlarını da qazanmışdı. SSRİ Xalq artisti adına, əvvəlcə "Koroğlu” operasına görə, sonra "Arşın mal alan” filminə görə iki dəfə Stalin mükafatına layiq görülmüşdü, Lenin ordeniylə təltif olunmuşdu, SSRİ Ali Sovetinə deputat, Azərbaycan Elmlər Akademiyasına həqiqi üzv seçilmişdi. Bütün bunlardan başqa, şübhəsiz, Stalinin göstərişiylə keçmiş müsavatçı nizamnaməyə uyğun olaraq namizədlik mərhələsini keçmədən birbaşa Kommunist partiysına üzv qəbul edilmişdi.
İnsaf naminə deməliyəm ki, Üzeyir taleyinin faciəyə düçar olmayıb parlamasında Stalinlə barəbər iki Azərbaycan rəhbərinin - Nəriman Nərimanovun və Mir Cəfər Bağırovun da xidmətləri var. Nərimanov iyirminci illərdə Üzeyir bəyin adını ÇeKa cəlladı Pankratovun güllələnmə siyahısından çıxarmaqla, Bağırov da onu 37-ci il repressiyalarından qoruyub saxlamaqla... Axı, Üzeyir bəyin taleyi də "Koroğlu” ssenarisini yazmaq niyyətində olan və hətta kinofabrikayla müqavilə bağlamış Hüseyn Cavidin taleyi kimi ola bilərdi. O illərdə Hüseyn Cavidin nüfuzu Üzeyir bəyinkindən əskik deyildi. Üzeyir bəyin milli-patriotik ruhlu "Koroğlu”su isə Bağırovun razılığı olmadan nəinki Moskvaya aparıla bilməzdi, bəlkə heç səhnədə də qoyulmazdı.
Sovet quruluşunun izaholunmaz cəhətləri də vardı. Bir tərəfdən milli hissləri boğur, sənətdə milli təmayüllərin qarşısını amansızcasına alır, digər tərəfdən də müttəfiq respublikalarda ədəbiyyatın və incəsənətin inkişafına qayğı göstərirdi. Sovet həyatını təbliğ edən müasir əsərlər bir yana, xalqların qəhrəman keçmişini, tarixinin qürur verən şəxsiyyətləri haqqında dram, opera əsərlərinin meydana çıxması üçün şərait yaradır və yetərincə maddi vəsait ayırırdı. Sovet dövrünün müxtəlif illərində yaranmış "Koroğlu” operasından başqa, "Qız qalası”, "Yeddi gözəl”, "Məhəbbət əfsanəsi” baletlərini, "Vaqif”, "Fərhad və Şirin” pyeslərini, "Babək”, "Dədə Qorqud”, "Nəsimi” filmlərini xatırlamaq yetərlidir.
Milli siyasətin zahiri görsənişi üçün təbliğat vasitəsi olsa da, müttəfiq respublikaların Moskvada keçirilən dekadalarına minlərlə iştirakçı gedir, öz xalqlarının sənət uğurlarını ən parlaq şəkildə nümayiş etdirirdilər.
Mir Cəfər Bağırov da belə bir dekadaya şah əsərsiz, tədbirin gözü, zirvəsi, ən miqyaslı örnəyi olmadan gedə bilməzdi - belə əsər isə məhz "Koroğlu” operası idi.
"Koroğlu” operasının məhz o dövrdə, XX əsrin ortalarında dəhşətli repressiya illərində yaranması xalqın milli varlığının təsdiqi idi və bu varlıq İmperiyanın paytaxtında, İmperatorun hüzurunda nümayiş etdirilirdi.
XX əsrin son onilliyində isə başı min bəla çəkmiş Azərbaycan xalqı torpağının bütövlüyü, ləyaqəti, müstəqilliyi uğrunda mübarizəyə qalxarkən milləti meydana çağıran yenə də Üzeyir musiqisi oldu - izdihamlı mitinqlərin əvvəlində "Koroğlu” operasının uvertürası səslənirdi.
"Koroğlu”, şübhəsiz, opera sənətimizin tacıdır. Amma şah taclarından fərqli olaraq yeganə tacı deyil. Üzeyir bəy haqqında bir neçə məqalə yazmışam. Onların birində irəli sürdüyüm fikri bir daha burda təkrar etmək istəyirəm.
"Koroğlu” operası vaxt etibariylə Azərbaycanın son operası olan zaman Üzeyir bəy bir məqaləsində həm ilk operamızın - "Leyli və Məcnun”un, həm də son operamızın müəllifi olduğunu xatırladaraq yazırdı ki, bu opera sənətimizin keçdiyi inkişaf yolunun yeni mərhələsidir. Bəlkə də bir qədər qeyri-təvazökar səslənəcək, amma mən bəstəkarın bu fikriylə razılaşmıram. Mənə görə, "Leyli və Məcnun”u "Koroğlu”ya nisbətdə musiqimizin daha bəsit, daha aşağı, ilkin səviyyədə duran nümunəsi saymaq düz deyil və "Leyli və Məcnun”dan "Koroğlu”ya gedən yol da inkişaf yolu yox, paralel yoldur. Yəni, janr etibariylə Muğam operalarımız və tutalım "Koroğlu”, "Nərgiz”, "Sevil” - musiqi sənətinin başqa-başqa, fərqli, bir-biriylə müqayisə edilməz növləridir. "Leyli və Məcnun” sonrakı illərdə Azərbaycan melosu əsasında bəstələnmiş Avropa tipli operalarımıza nisbətən keçilmiş mərhələ olsaydı, bu günə qədər repertuarda ən sabit bir əsər kimi yaşamaz və yeni-yeni nəsillərin marağına səbəb olmazdı.
Təəssüf ki, bu paralelin - Muğam və Avropa tipli operaların bir qolu - yəni musiqimizdə yaranmış unikal bir janrın - Muğam operasının yolu qısa oldu, yalnız bir neçə örnəklə məhdudlaşdı və davam etdirilmədi. Amma Azərbaycan musiqisi dünyaya açıldıqca aydın olur ki, Üzeyir dühasının kəşfi olan Muğam operası Qərb və Şərq ölkələrində heç də "Koroğlu”dan az maraq doğurmur, əksinə, bəlkə daha artıq heyranlıqla qəbul olunur, natanış bir sənətin parlaq örnəyi kimi daha çox diqqət çəkir. Lakin şübhəsiz, Üzeyir bəyin "Leyli-Məcnun”dan "Koroğlu”ya gələn yolu tərəqqi kimi mənalandırmasına da haqq qazandırmaq olar. Axı 20-30-cu illərin musiqi diskussiyalarında Muğam operalarını da, ərəb əlifbası və çadra kimi tarixin arxivinə verilməsi tələb olunurdu. Üzeyir bəy bu ifrat tələblərə "Koroğlu” operasını yaratmaqla cavab verdi.
20-ci illərin musiqi mübahisələrinin, opera haqqında diskussiyaların mərkəzində duran nə idi? Yalnız tardan, kamançadan, muğamdan yapışıb qalmaq olmaz, musiqimiz dünya sənət vasitələrini mənimsəməlidir, not sisteminə yiyələnməli, xor, simfonik, kamara-vokal janrlarını, müasir opera və balet formalarını yaratmalı, inkişaf etdirməlidir. Bu, aydın həqiqətdir. Diskussiyalarda bunu hamı qəbul və təsdiq edir, amma bu yolla irəliləməkçün muğamı qurban vermək, tarı susdurmaq lazımdırmı, vacibdirmi, mütləqdirmi?
"Oxu tar, oxu tar, səni kim unudar?”, yaxud "Oxuma tar, səni istəmir proletar”?
Tara qarşı bu mübarizəni, onun yasaq olunmasını adətən o vaxtki Maarif komissarı ədəbiyatçı-tənqidçi Mustafa Quliyevin adıyla bağlayırlar. Amma insaf xatirinə demək lazımdır ki, Mustafa Quliyev tarın ümumiyytlə qadağan olunmasını deyil, sadəcə konservatoriyada tədris edilməməsini (onu da müvəqqəti bir vaxt ərzində) təklif edirmiş. Əlbəttə, bu təklifin özü də radikal bir təşəbbüs idi və Maarif komissarının göstərişi icra olunanda mətbuat şadyanalıqla car çəkirdi: "Tar konservatoriyadan qovuldu”.
Məqsəd tarı çıxdaş etməklə Avropa musiqi alətlərinə maraq oyandırmaq imiş. Ancaq əslində, gərəkli bir məqsədə çox yanlış yolla gedilirmiş. Sonralar özü də repressiya qurbanı olmuş Mustafa Quliyevin xatirəsinə həsr etdiyi yazıda Rəsul Rza bu məsələyə diqqət çəkir:
"Onun iş və xarakterində rus tənqidçisi Pisarevə, Nazım Hikmətə, Mayakovskiyə bənzər bir cəhət vardı. O, bəzi tənqidlərində Pisarev kimi sərt idi. Amma bu ayrı hallarda, ədəbi faktlara qarşı amansızlıq bütünlüklə xalqa, onun taleyinə, inkişafına olan böyük məhəbbətdən, bütünlüklə ədəbi prosesə qayğı, qəhmərlik, can yanğısından doğurdu. Mustafa Quliyevin papaq, tar və sairə haqqında bəzi fikirləri inkar pafosundan doğan bir ifrat idi... Mustafa Quliyev sağ olsaydı, mən inanıram ki, o, istər musiqi mədəniyyətimiz, istərsə teatr sənətimiz, ədəbiyyatımız, maarifimiz haqqında bəzi fikirlərini dəqiqləşdirər, təshih edər, bəzi ifratlardan özü geri durardı”.
Mustafa Quliyevin təmsil etdiyi tamayüllə bağlı bəzi fikirlərimi də bölüşmək istəyirəm. əslində, bu təmayül Mirzə Fətəlidən başlayır və ən ümumi şəkildə desək - milli mədəniyyəti, təfəkkür tərzini Qərb meyarlarına yönəltmək təşəbbüsündən doğur. Bu təmayül müxtəlif şəkillərdə Həsən bəy Zərdabinin qəzet və teatr fəaliyyətində, Mirzə Cəlil Məmmədquluzadənin mübarizəsində, "əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz” yazan Sabirin ağrısında davam edir. Əli bəy Hüseynzadənin ilk dəfə ortaya atdığı, Ziya Göyalp tərəfindən də qəbul olunduğu "İslamlaşmaq, türkləşmək, çağdaşlaşmaq (yaxud qərbləşmək)” düsturunun üçüncü maddəsi də elə bu təmayülə uyğundur. Amma məsələ ondadır ki, bu düsturu bilib bilməməsindən asılı olmayaraq Mustafa Quliyev bu üçlüyün müasirləşmə (yaxud avropalaşma) maddəsinin təsdiqinə çalışsa da, birinci iki maddəsini heç cür qəbul etməzdi. Bu təmayül, əlbəttə başqa şəkildə, Azərbaycan ictimai və bədii fikrində sonrakı illərdə də davam etdi və buna görə kosmopolitizmdə və nihilizmdə suçlanan Mikayıl Rəfiliylə Cəfər Cəfərov təqiblərlə, təzyiqlərlə üzləşdilər, hər ikisi müxtəlif vaxtlarda Yazıçılar İttifaqının üzvlüyündən xaric olundular. M.Rəfilini gah "Kitabi Dədə Qorqud”dan yazdığı üçün millətçilikdə, pantürkizmdə, gah da gənclik illərində ifrata vararaq Azərbaycan klassiklərinə deyil, Qərb yazıçılarına üz tutduğu üçün kosmopolitizmdə ittiham edirdilər. Cəfər Cəfərovun ədəbiyyatda, teatrda əyalətçiliyə, bəsitliyə, bayağılığa qarşı dediklərini milli dəyərlərə qarşı təhqir kimi qələmə verir, ilk dəfə Azərbaycan teatrının sanballı tarixini yazmış alimi nihilist deyə damğalayırdılar. Cəfər Cəfərovun musiqidə Qara Qarayevi, rəssamlıqda Tahir Salahovu, teatrda Tofiq Kazımovu daha artıq bəyəndiyinə görə "dostbazlıqda” günahlandıranlar da tapılırdı.
Yeri gəlmişkən, Cəfər Cəfərovun bir söhbəti də düşdü yadıma. Cəfər müəllim deyirdi, "bir dəfə Üzeyir bəydən o dövrün (sovet illərindən qabaqkı dövrün - A.) cəmiyyətləri haqqında soruşdum. - Çox ciddi çətinliklər vardı - dedi - bəzi dələduzlar əliəyrilik də edirdilər, amma o, başqa bir dövr idi, nə istəsək yazırdıq, oynayırdıq, tam sərbəst və asudə idik”.
Üzeyir Hacıbəylinin vəfatı ilə əlaqdar onun uzaq gənclik illərinin dostlarından Məmməd Əmin Rəsulzadənin dedikləri çox dəqiqdir:
"Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli sonra kəndi kəndini (özü özünü) yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropa mənasıyla avtoritetini (nüfuzunu) hər kəsə tanıtmış bir kompozitor olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da kəndi diktatorluğu altına almış və onu bayağı mənfəətləri üçün sömürə bulduqca (istismar etdikcə) sömürmüş və verdiyi bir takım rəsmi və siyasi vəzifə və ünvanlarla onu "mənimsəmişdir”. Fəqət, beyhuda, dəmir pərdə arxasında kəndisinə süni marşlar yazdırılsa da, Moskvada omuzu (çiyni) diktatorun əliylə oxşadılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgiləri (əlaqələri) olmayan kommisarlar növbədə dursalar da, Hacıbəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kulturundan və Azəri türk tarixindən kimsə ayıramaz. O, milli Azərbaycan varlığının məsnədləri (dayaqları) arasında qalacaq ayrılmaz bir dəyərdir”.
Üzeyir bəy cismani cəhətdən sovet cəmiyyətində yaşayırdı, sovet bəstəkarı sayılırdı, bu quruluşun soyuğunu da, təqdirini də görmüşdü. Bu mühitdə yaradırdı, istedadının gücüylə bu dövrdə də "Koroğlu” operası, "Sənsiz”, "Sevgili canan” qəzəlləri, Firuzənin ariyası kimi ölməz əsərlər bəxş etmişdi musiqi sənətinə. Ürəyi isə uzaqlarda, gənclik ideallarının çırpındığı zamanlarda idi. "Nicat”, "Səfa” cəmiyyətlərinin, Hacıbəyov qardaşları truppasının maddi çətinliklərlə, sıxıntılarla üzləşdiyi, fəqət sərbəst, asudə ömür sürdüyü, ümid və fərəh dolu günlərdə, gedib bir daha qayıtmayacaq illərdə idi...