Ru
12:22 / 27 Mart 2017

Yeganə sərhədçi qadın pilotumuzun ölümündəki müəmmalar - VİDEO

3312
Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu, Dilarə Babayeva... Öz sahəsində gördüyü işlər onu qəhrəman kimi tanıtmağa əsas verir. Bu barədə özü ilə danışmağı çox istərdik, amma vaxtsız ölümü buna imkan vermir. Keçən ilin avqustunda pilotumuz bətnində daşıdığı körpəsi ilə birlikdə həyatla vidalaşdı.  

 

Ailəsi ilə söhbət etmək üçün yaşadığı evə baş çəkdik.  Kapitan rütbəli pilotumuz 1986-cı ildə doğulub. Babası da hərbçi olub Dilarənin. Uşaq yaşlarından onun da hərb sənətinə böyük marağı olub. Bu arzusunu 2012-ci ildə reallaşdırıb. Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Həmin məktəbi bitirdikdən sonra Aviasiya Akademiyasında hərbi pilot kimi 1 illik idarəetmə  kursu keçib. Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində çalışıb, daha sonra isə  Dövlət Sərhəd Xidmətində pilot kimi fəaliyyətə başlayıb. Ölümündən 8 ay keçməsinə baxmayaraq ailəsi hələ də onun yoxluğu ilə barışa  bilmir. Dilarənin anası Səmayə xanımın  xahişi ilə mərhum pilotumuzun otağına keçirik.

 

"Bura girəndə o dəqiqə yatağına baxıram. Elə bilirəm uzanıb məni gözləyir. Biz ona ölümü yaraşdırmırıq. Ona o qədər vərdiş eləmişəm... Səhər 6-da dururdu. "Pioner" mağazasının yanından uşaqlarla birlikdə gedirdilər. İndi iş yoldaşları onun oturacağında heç kəsi oturmağa  qoymur. Ora hər gün gül qoyurlar. Aparırdım, qaranlıq olanda maşına mindirirdim, gəlirdim. Axşam blokdan baxırdım ki, görək, gəlir? İndi də hərdən çaşıram, yenə baxıram".

 

Dilarə çox qayğıkeş olub. Səmayə xanım Uzun müddət xəstə yatdığını bu müddətdə ona qızının baxdığını deyir. İndi o hər gün övladını yuxusunda görür.

 



 

"Yuxuda görürəm ki, böyük çəmənlikdir. Deyir ki, ana mənim yanıma gəlməyə çox can atırsan, amma gəlmə, gec gəl. Bilirdi ki, xəstəyəm. O deyirdi ki, mən ölsəm də, sənə demərəm xəstəyəm. Mən xəstə olanda bütün gecəni yatmırdı. İndi həkimə getmirəm, özümü pis hiss edirəm. O vaxt dərmanlarımı atırdım, ondan sonra atmıram, deyirəm onun yanına tez çatım".

 

Anası  Dilarənin uşaq vaxtlarından idmanla məşğul olduğunu deyir.  Səmayə xanım  onu bir an da olsa tək buraxmayıb. Oxuduğu müddət ərzində onu özü  məktəbə aparıb gətirirmiş.  İndi o, qızının qoxusunu asılqandan asılmış hərbi geyimlərdən alır.

 

"Mən həmişə yolda olmuşam. Səhərlər məktəbə aparırdım, onlarda elə idi ki, evə gəlməyə buraxmırdılar. Heç kəsin anasını buraxmırdılar, məni buraxırdılar. Gedirdim yataqxanasına, yemək yerinə, hamısına baxıb gəlirdim".  

 

Dilarə  əlavə məşğuliyyət kimi toxumağı, paltar tikməyi də öyrənibmiş.

 

"Deyirdi, bəlkə hərbidə paraşütdən tullandım ayağım sındı, sonra necə olacaq, haradan pul qazanacağam? Gah toxumağı öyrəndi, gah tikməyi öyrəndi. Hər şeyi öyrəndi. Deyirdim, ay qızım hara ərə getsən, mənə söyəcəklər, yemək bişirə bilmirsən.  Deyirdi ana, mən yemək bişirərəm, sən baxarsan necə bişirirəm".

 

Dilarə 2015-ci ilin sonunda gəlin köçüb. Bir müddət sonra həkimlər Dilarəyə ana olacağını deyiblər. Hamiləliyinin 36-cı həftəsində isə... Səmayə xanım deyir ki, Dilarənin oğlu olacaqdı, adını da qayınatasının şərəfinə Alı qoymağı düşünürmüş.

 

"Ölümündən 5-6 gün əvvəl görüb ki, qayınatası ona su verir. "Mağazada uşaq üçün çarpayı, paltarlar var" deyirdi, alarsan mənə, getdik qiymətinə baxdıq, ala bilmədim".

 

Dilarə atasına çox bağlı olub.  Atasına, "sənə nə isə olsa özümü öldürərəm" deyirmiş həmişə.  İndi atası üçün də ağırdır qızı haqqında danışmaq. Yarımçığam deyir...

 

"O mənim ürəyim idi. Mənim böyük oğul əvəzim idi. Hamı öz meylini oğula salır, amma o mənim birinci uşağım idi, həm də oğul kimi idi. Biz hər yerə bərabər gedirdik. Biz bütöv idik, indi yarımçıq olmuşuq. Mən lap yarımçıq olmuşam".

 

Ata qızının ölümü ilə bağlı mediada yazılan xəbərlərin doğru olmadığını, qızının  qarpızdan zəhərlənmədiyini deyir. İddia edir ki, Dilarə həkim səhlənkarlığının qurbanı olub. O, hamiləliyinin ilk dövründə DSX-nın hospitalında müayinədən keçib, sonra Sumqayıtda 3 nömrəli qadın məsləhətxanasında qeydiyyata alınıb. Sonuncu dəfə isə avqustun 20-də müayinədən keçib. Heç bir probleminin olmadığını deyiblər. Avqustun 29-da onun vəziyyəti anidən pisləşib. Onu  yenidən 3 nömrəli qadın məsləhətxanasına çatdırıblar. Zəhərlənmə diaqnozu qoyularaq onu  infeksiya şöbəsinə göndəriblər. Şöbədən deyiblər ki, Dilarə zəhərlənməyib. Ana olmağa hazırlaşan xanım pilotumuzu  2 saylı doğum evinə göndəriblər. Oradan isə Bakı Perinatal Mərkəzə.

 

"Dilarənin ağrılarına baxmayaraq, onu müayinə ediblər, deyəsən mədəsinə görə  orada onun əməliyyatı mümkün olmayıb. Ondan sonra onu 1 saylı Klinik Tibbi Mərkəzə göndəriblər".

 

Dilarəni ginekoloji şöbəyə, oradan cərrahiyə şöbəsinə aparıblar. Həmin vaxt uşaq da, ana da sağlam olub. Daha sonra yenidən zəhərlənmə diaqnozu ilə infeksiya şöbəsinə gətiriblər. Burada sistem altında qıc olan Dilarəni yenidən ginekologiya şöbəyə qaytarıblar.

 

"Həkim  heç bir məlumat verməyib, bizdən tələb etdiyi dərman və qan olub. Qızı əməliyyat ediblər, əməliyyatdan sonra uşağı götürüblər. Biz məcbur olub həkimin qabağını kəsdik. Dedi gözləyin, sizə məlumat verəcəyəm, qızının vəziyyəti normaldır. Saat 1-də mənə zəng gəldi ki, durma, Bakıya gəl. Gördüm ki, qız vəfat edib. Sumqayıtda start verilən ölüm prosesi Bakıda müvəffəqiyyətlə yerinə yetirildi. Əgər istəklərinə çatıblarsa, cavablarını da verməlidirlər".

 

Ölümündən sonra Dilarəyə preeklamsiya diaqnozu qoyulub. Ata indi qızının ölümünə görə məsuliyyət daşıyan həkimlərin cəzalanmasını istəyir, buna görə də aidiyyatı qurumlara müraciət edib. İndi Dilarənin həyat yoldaşı, dostları,  həmkarları hər gün onların evlərinə gələrək ailəyə dəstək olur.

 

"Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin müəllim, başda Zakir Həsənov olmaqla Müdafiə Nazirliyinin, Sumqayıt Hərbi Komissarlığının əməkdaşları çox sağ olsunlar, böyük köməklik göstərdilər, yas mərasimin keçirilməsini təşkil etdilər. Onlardan çox razıyam".

 

Dilarə bətnindəki körpəsinə ürək sözlərini də yazmağı unutmayıb.

 

"Sən mənim hər şeyimsən. Mən səni görmək üçün o qədər səbirsiz olmuşam ki... Sağlam balam olacaqsan inşallah.  Balam, mən səni səbirsizlikdə gözləyirəm. Bilirəm ki, həyatıma maraq qatacaqsan...  Sən bilirsən, ana heç vaxt, heç kimə görə heç nədən keçməyib, amma sən mənim hər şeydən keçməyimə tək səbəb olacaqsan".   
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər