Yalnızlıq və qorxu

1431

QARAŞIN XATUN

Sehri pozulmuş dünyanın ən önəmli qavramlarından biri yadlaşma və yalnızlaşmadır. Doğulduğumuz andan etibarən hər birimizin içində bir tənhalıq, bir yalnızlıq var. Ətrafımızda bizi çox sevən ailəmiz, dostlarımız, bütün çevrəmizə rəğmən.
 
Bəziləri bu yalnızlığın fərqinə belə varmır, bəziləri onu hiss edir, ama qəbul etməkdən çəkinir, bəziləri bu yalnızlığı çox primitiv qəbul edir və daha çox insan əhatəsində olmağa can atır. Yalnızlıq bütün hallarda çox qorxuncdur. Ən böyük qorxumuz özümüzlə, içimizdəki mənlə baş-başa, yalnız qalmaqdır. Ama unutmayaq ki, ən gözəl şeylər də hər zaman qorxunun qarşı tərəfində olur. Yalnız adam, heç bir zaman özü və ətrafı üçün yaşamaz. Öz prinsipləri üçün yaşayar. O prinsipləri ideallara çevirmək üçün yaşayar. Yalnız adamların ən böyük arayışı içindəki "mən"dən başlayır. Onların varoluş qayəsi, özlərini aşaraq o mənə çatmaları, onu tapmaları çox böyük zaman tələb edir. Bu zaman kəsiyi həm çox ağrılı , həm də maraqlı olur. Axı həqiqətin həyat olması, həyatın həqiqətlə örtüşməsi heç də asan bir mərhələ deyil yaşam kəsiyimizdə. 
 Yalnızlıq üstünlük deyil, bir seçimdir. 

 "Həyatda varoluş səbəbim nədir” sualıyla qarşı-qarşıya gəldiyin zaman hər kəs sənə fərqli cavab verər. Ama həyatın mənası sənin gördüyün və qəlbində inandığın o sehrli döngədə gizlidir. O, sənin varoluş səbəbindir. Bütün suallarına cavab tapmalısan. Bunun üçün iç dünyana səfər etməlisən, ruhunun dərinliyinə enməli ordakı mənlə üz-üzə gəlməlisən. Elə bu səbəbdən səni anlamayan, duymayan, insanları kimliyindən asılı olmayaraq, həyatından kənarda tutmalısan. Unutma sənin yeganə dostun yalnızlığındır.

 Yalnızlıq bir az da azadlıq deməkdir. Azadlıq əməllərimizin nəticəsi deyil. Azadlıq yalnız adamlar üçün əslində, bir az təvazökarlıq və atacağı addımlara səy göstərməsidir. Məqsəd - hədəf qoymaq və bütün çətinliklərə nəzərən o hədəfə çatmaqdır. Hər hədəf bizi yanlızlığımıza, mənliyimizə bir addım daha yaxınlaşdırır, eyni zamanda həyat təcrübəsi qazanmamıza qulluq edir.

 Yalnız adam həm də çox çılğındır. Bəlkə də öz orijinal kimliyini, öz orijinal üzünü aramaq elə bunu gərəkdirir. Bütün maskaları, bütün göstərişini, bütün ikiüzlülüklərini tərgitməyə və dünyaya reallıqda kim olduğunu göstərməyə hazır olmaq. Sevilmək, ya da tənqid edilmək, sayğı duyulmaq, şərəfləndirilmək, ya da hörmətsizlik görmək, taclandırılmaq, ya da çarmıxa çəkilmənin heç bir önəmi yoxdur. Çünki özün (sən) olmaq yaradılışdakı ən böyük ərmağandır bizə.

 Yalnızlıq və eşq. 

Sevgi əslində, yalnızlıq deməkdir və gerçək sevgi əsla sənin yalnızlığını yox etməz. O hər zaman sənin fərdliyinə qarşı, yalnızlığına qarşı hörmət göstərər. O sənin sərhədlərinin harda başlayıb bitdiyini hər kəsdən yaxşı bilər. Eşq sənin azadlığına icazə verər; sadəcə icazə verməklə qalmaz, onu daha da gücləndirər. Və azadlığı yox edən heç bir şey eşq ola bilməz. Eşq və azadlıq bir bütündür, eyni quşun iki qanadıdır. Eşq insana azadlıq verir, səni azad edir, səni sərbəst buraxır. Və sən bir dəfə tam bütününlə özün olduğunda , sənə yalnızlığını hədiyyə etmiş o aşiqə minnət duyacaqsan. Eşq sahiblənmək deyil, azad buraxmaqdır.

 Çin klassiki Saikontan deyirdi ki ,o insanları kainatın özlərinə verdiyi sonsuz gücü unudaraq qapılarda dilənçilik edən zavallılara bənzədir. İnsan öz içində var olan gücünü unutmuş və başqalarından kömək dilənməkdədir. Bir gün dilənçi olmamaq üçün, hər birimiz öz gücümüzü və yaradılış səbəbimizi anlamaq məsuliyyətini qəbul etmək məcburiyyətindəyik. Yolumuz yalnızlıqdan keçsə belə.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər