Ru
13:45 / 23 Fevral 2018

Xocalı və Srebrenitsa soyqırımı şahidlərinin dünyaya birgə müraciəti - FOTO

2439
Fevralın 22-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində Xocalıda hər iki valideynini itirən gənclərdən Murad Hüseynov və Səbinə Məhərrəmova Srebrenitsa soyqırımı zamanı hər iki valideynini itirən şəxslərlə görüşüb.

 

BakuPost xəbər verir ki, görüş Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının boşnak dilinə tərcümə edilən "Böyüməyən uşaqlar”  kitabının təqdimatı zamanı baş tutub. "Böyüməyən uşaqlar”la bağlı layihənin məsləhətçisi Milli Məclisin deputatı Cavanşir Feyziyevdir. 


Tədbir Azərbaycanın  Bosniya-Herseqovinadakı diplomatik nümayəndəliyinin təşkilatçılığı ilə gerçəkləşib.


Görüş zamanı gənclər uşaq yaşlarında üzləşdikləri faciəni bir daha xatırlayıblar. Görüşün sonunda Xocalı və Srebrenitsa soyqırımının dəhşətlərini yaşayan və hər iki valideynini itirən gənclərin dünya ictimaiyyətinə birgə müraciəti qəbul edilib.


Xocalı və Srebrenitsa soyqırımı zamanı eyni faciəni yaşamış gənclərin muraciətində deyilir: 


"Biz çox kiçik yaşlarımızda soyqırımına məruz qaldıq. Gözümüzün önündə atalarımız, analarımız, bacılarımız, qardaşlarımız, doğmalarımız, qocalar, uşaqlar – hər kəs işgəncələrlə öldürülüb. Uşaq yaddaşımıza həkk olunan bu dəhşətlər bir an da olsun yaddan çıxmır.


Soyqırımının üstündən illər keçsə də, biz özümüzü o dəhşətlərdən ayıra bilmirik. Həyatımız o andan asılı qalıb. O gün, soyqırımı zamanı bizim uşaqlığımız güllələndi. Biz o gündən bu yana yaşaya bilmədik. Biz o gündən bu yana böyüyə bilmədik.


Amma bu dünyada xoş gün görmək, ana qucağı, ata qayğısı ilə əhatə olunmaq bizim də haqqımız idi.


Biz bəşəriyyətə, insanlığa qarşı törədilən soyqırımı hadisələrini lənətləyirik. Biz bu müharibələri lənətləyirik.


Biz həm Srebrenitsa soyqırımını, həm Xocalı soyqırımını törədənləri lənətləyirik. Onlar bəşəriyyətə, inşanlığa qarşı tərətdikləri soyqırımı cinayətlərinin cəzasını mütləq çəkməlidirlər.


1992-ci ilin fevralında Xocalıda, 1995-ci ilin iyulunda isə Srebrenitsada qətlə yetirilən soyqırımı qurbanlarının bu dünyada yaşamaq haqqı var idi.


Bütün dünya ölkələrini bu soyqırımı aktlarını tanımağa çağırırıq.


Bu gün dünya bu soyqırımıları tanınmasa, sabah yeni soyqırımı dəhşətləri yaşanacaq.


Sabah yenə uşaqlar valideynlərsiz qalacaq.


Bütün dünyanı səsimizə səs verməyə, aparılan müharibələri dayandırmağa çağırırıq”.

 

 




 


Qeyd edək ki, indiyədək türk, ingilis, alman, ukrayna, rus  dillərinə tərcümə edilən "Böyüməyən uşaqlar”  kitabı  boşnak dilində də 1000 nüsxə tirajla çap edilib. "Böyüməyən uşaqlar”  kitabı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan "Xocalıya ədalət” kampaniyası çərçivəsində çap olunub.


Xatırladaq ki, bu il "Xocalıya Ədalət” kampaniyasının 10 ili tamam olur.  Kampaniya 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. Bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. "Xocalıya ədalət!” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. 

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər