Ru
14:16 / 20 Fevral 2017

- Baş həkimin müzakirə olunan müsahibəsi “Ailəmizdəki qadınları söyürlər”

6552

1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko")
baş həkimi Ədalət Dadaşov "Report”a müsahibə verib.

BakiPost.az xəbər verir ki, onun müsahibədə səsləndirdiyi
bəzi fikirlər cəmiyyətdə və sosial şəbəkələrdə müzakirəyə səbəb olub, birmənalı
qarşılanmayıb.


Müsahibədə müzakirə mövzusu olan fikirləri təqdim
edirik:


- Ötən ilin mayında Kliniki Tibbi Mərkəzə
baş həkim təyin olunmusunuz. Bundan əvvəl həmin səhiyyə ocağındacərrahiyə
şöbəsinin müdiri vəzifəsində işləyirdiniz.Bəzən mətbuatda Mərkəz haqqında
müxtəlif neqativ fikirlər, yənirüşvətin mövcudluğu, zəifxidmət göstərilməsi
və pullu olması, xəstələrin zərurət yaranmadığı təqdirdə əməliyyat edilməsi və
s. səsləndirilir.Bu hallar mümkündürmü?

- Mərkəzimizdə 30 min adama stasionar, 50-60 min
adama isə ambulator yardım göstərilirsə, təbii ki,hansısa xoşagəlməz hal
ola bilər. Hər şeyin ideal olması mümkün deyil.Mərkəzimizin 1919 əməkdaşı
var və iş prosesindəgərginliklər də olur. Məsələn, hansısa narkomanı əməliyyat
edirsən, oyananda sənin ailəndəki qadınları söyür. Sadəcə işimizin xatirinə
bunların hamısını uduruq.

Eyni zamanda, burada ehtiyac olmadığı təqdirdə
hansısaxəstəyə əməliyyat təklif edilməsinə rast gəlməmişəm. Düzdür,
hər bir xəstə əməliyyat olunmamasını istəyər. Çünki əməliyyat ağır bir
sınaqdır. Əməliyyat həkimdən asılı olan və olmayan fəsadlarla nəticələnə bilir.
Ona görə də riskli işdir. Əməliyyat yalnız xəstəliyin aradan qaldırılması üçün
başqa mümkün çıxış yolu qalmadıqda icra olunur. Bu səbəbdəndeyilənlər sadəcə
boş sözlərdir.

Hazırda mərkəzdə rəsmi şəkildə heç bir pullu xidmət
yoxdur. Əgər gələcəkdə burada hansısa xidmətin pullu olması qərarı verilərsə,
bu, həyata keçirilə bilər. Təbii ki, bu da dövlətin verə biləcəyi qərardır.
Ancaq biz xəstələri pulsuz müalicə edirik.


- Həkim və ya tibb işçilərinin xəstələrdən və ya
yaxınlarından pul tələb etməsi ilə bağlı şikayət olubmu? Belə olan hal müşahidə
olunubsa, nə kimi tədbirlər görmüsünüz?

- Hərdən belə hallar da olur. Xəstələr şikayət yazır
və "qaynar xətt"ə müraciət edirlər. Kim nöqsana yol verirsə, həmin
tibb işçilərinin izahatı alınır, lazım olanda töhmət verilir və ya xəbərdarlıq
edilir. Müəyyən müddətə həkim tibb işçisini müalicə işindən uzaqlaşdırırıq. Bu da
çoxluq təşkil etmir.

- Həmçinin, dərman və tibbi ləvazimatların
çatışmadığı, yaxud da dərmanların xəstələrin özlərinə aldırıldığı deyilir. Bu nə
dərəcə düzgündür?

- Mərkəzdə müalicə olunan xəstələrə Səhiyyə
Nazirliyinin hazırladığı siyahıya uyğun olaraq dərmanlar verilir. Əgər xəstənin
özünə dərman aldırılırsa, deməli, həmin dərman nəzərdə tutulmuş siyahıda
yoxdur. Yəni bununla bağlı müqavilə var və yazılanda xəstə heç bir etiraz
etmir. Siyahıda olan dərmanların təchizatında qısamüddətli texniki fasilələr
ola bilir. Məsələn, innovasiya bazasına həmin dərman yazılıb, lakin xəstəxanaya
hələ gətirilməyib. Bu, həmin dərmanların Mərkəzdə olmadığı demək deyil. Əsas
olan xəstənin taleyidir.

- Bəzən reanimasiyada tibb işçilərinin sayının az
olmasından da şikayət edirlər. Ümumilikdə reanimasiya şöbəsində nə qədər tibb
işçisi çalışır?

- Xəstələr reanimasiyada iki yerə bölünür. Bunlar
süni tənəffüs aparatına qoşulanlar və ağır xəstələr. Yəni 3 xəstəyə bir
reanimatoloq olmalıdır. İdealda isə hər xəstəyə bir tibb bacısı baxmalıdır. Mərkəzdə
isə müəyyən çatışmazlıq var. Məsələn, 4-5 xəstəyə bir tibb bacısı var, hətta
7-8 və ya bəzən 10 xəstəyə bir reanimotoloq düşür. Ancaq vəziyyət kritik olanda
çox ağır səylər nəticəsində işin öhdəsindən gəlirlər. Lakin ümumilikdə vəziyyət
qənaətbəxşdir.

- Hazırda xəstəxanada nə qədər vakant yer var? Gənc
kadrların işlə təmin olunması məsələsi necə həll olunur?

- Hazırda Mərkəzdə 1 919 tibb işçisi çalışır. Keçən
ildən başlayaraq rezidenturadan sonra bir neçə gənc kadr işlə təmin olunub.
Terapiya şöbəsində təhsil alan bir qız da bizdə işə götürülüb. Keçən il üzrə
bizim xəstəxanaya 3 nəfər gənc gəlib. Praktika Səhiyyə Nazirliyi tərəfindən
davam etdirilir. Bizdə vakansiya elə də çox deyil. Məsələn, toksikologiya şöbəsində
vakant kardioloq vəzifəsi var. Yaxud da Qan bankında terapevt vəzifəsi vakant
ola bilər. Vakant yerlərin az olması 2005-ci ildə təcili tibbi yardım
stansiyası ilə mərkəz birləşdirilməsi ilə bağlıdır. Həmin vaxt çarpayı sayı
azaldılsa da, işçi sayı olduğu kimi qalmışdı. Hazırda burada 760 çarpayı üçün
1919 işçi sayı var.

- Keçən il işdən çıxarılan işçi sayı nə
qədər olub?

- Keçən il üçün 4 həkim, 10-a yaxın tibb bacısı və
xadimə işdən çıxıb. Onlardan çoxu öz istəyi ilə gedib. Bəziləri qalmaq istəsə də,
biz razılaşmamışıq. Çünki onların bu və ya digər səbəbdən işlərinin öhdəsindən
gələ bilmədiyini müşahidə etmişik.


- Mərkəzinizə kimsəsizlər də gətirilir.
Onların sonrakı aqibəti necə olur? Müalicələri davam edirmi?

- Xəstə göstəriş olanda xəstəxanaya qəbul olunur. Sonradan
müalicə proseduru icra olunur. Ardınca həmin xəstə evə buraxılır. Əgər hansısa
xəstənin, kimsəsizin evi yoxdursa, onu pansionata, reabilitasiya mərkəzlərinə,
yaxud qocalar evinə göndəririk. Adətən, kimsəsizləri xəstəxanaya gətirəndə
onlarda xroniki xəstəliklər müşahidə olunur. Küçədə qaldıqlarına görə onlarda
soyuqdəymələr, ağciyər xəstəlikləri, bronxitlər, oynaq xəstəlikləri, şəkərli
diabet, qan təzyiqinin yüksək olması, hipertoniya xəstəliyi qeydə alınır. Bura əsasən
40-60 yaş arası kimsəsizlər gətirilir. Çünki 60-dan çox yaşı olanlar çox
yaşamır.

- Adətən, xəstələr və yaxınları nədən
şikayət edirlər.Sizin özünüzün narazılığınız nədir?

- Xəstə hər şeydən şikayət edir. Əvvəl istliklə
bağlı problem var idisə, artıq bu məsələ öz həllini tapıb. Az hallarda isə həkimin
xəstəyə olan kobud rəftarından şikayət edirlər. Bu da yerində araşdırılaraq
müvafiq tədbirlər görülür.

Əslində həkim xəstə və onun yaxınından şikayət etməli
deyil. Adətən, həkimlər xəstə yaxınları ilə çox ünsiyyətdə olur. Normadan çox
olanda da bu müəyyən narazılığa gətirib çıxarır. Amma yenə də həkim öz əsəblərini
cilovlamalıdır.

- Həkimlər Hippokrat andına sadiq
qalırmı?

- Əksər vaxt.

- Ümumiyyətlə, Mərkəzdə çalışan həkim və
tibb bacılarının maaşı nə qədərdir?

- Həkimlər təxminən 220-250, tibb işçisi 150-160,
xadimə 110-120 manat əmək haqqı alır.

- Sirr deyilsə, siz özünüz nə qədər maaş
alırsınız və bu, sizi qane edirmi?

- Hazırda 590 manat məvacib alıram. Əgər maaş insanı
qane edirsə, deməli, onda qüsur var. Çünki insan hər zaman artıq pul qazanmaq
istəyir. Bu o demək deyil ki, siz pis adamsınız, sadəcə, insanın fantaziyası çox
böyük olur.


Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər