Ru
15:47 / 22 Fevral 2017

“Xarici yazıçılar nə yazırlarsa, yaxşıdı, öz yazıçılarımızın qələmindən çıxıbsa…” - MÜSAHİBƏ

1311
Tanınmış yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı sim.sim.az saytına müsahibə verib.

 

BakiPost.az həmin müsahibəni təqdim edir:

 

– Son illərin ən yaxşı romanlarından "Qurban" sanki öz layiqli qiymətini almadı. Əsər haqqında tənqidçilər susdular elə bil.  Sizcə, bu susqunluğun səbəbi nədir?


– Əvvəla, səninlə söhbətimizin müddəti uzandığına görə, üzürlü hesab elə. Əlimdə təcili işlər vardı, sonra da araya başqa qayğılar düşdü. "Qurbanı” ı son illərin ən yaxşı romanlarından biri saydığına görə də təşəkkürümü bildirirəm. Qaldı əksər tənqidçilərin susması məsələsinə, onsuz da buna alışmışam, ortaya bir əsər çıxaranda heç vaxt tənqidə bel bağlamıram, daha çox oxucuya üz tuturam. Çünki ədəbi tənqid cameəmiz tərəflərə, dəstələrə bölünmüş, ya da şəxsi münasibətinin qurbanına çevrilmiş qələm sahiblərindən ibarətdir, bunu da gerçəklik kimi qəbul eləməyə məcburam. Roman barədə təkcə professor Bədirxan Əhmədli romana ətraflı münasibətini bildirdi, bir də professor Tehran Əlişanoğlu ən yeni romançılıq haqqında araşdırmasının müəyyən bir hissəsini "Qurban”a həsr eləyib, amma oxucu kimi sənin, Cavid İsmayılın və Cəlil Cavanşirin yazıları çap olundu, eləcə də digər oxuculardan xeyli xoş sözlər eşitdim. Əlbəttə, müəyyən iradlarla, daha doğrusu mövqe fərqilə də rastlaşdım. Bu da təbiidi, heç özüm də birmənalı əsər yazmaq iddiasında olmamışam.

 

–  "Qurban" haqqında səslənən iradlardan biri bu oldu ki, müəllif mövqe nümayiş etdirib, öz düşüncələrini ortaya qoyub, "Əli və Nino"nun Yusif Vəzirin olması barədə qərar verib. Halbuki, müəllif neytral olmalıdır istənilən halda. Bu iradla bağlı nə düşünürsünüz?


– Bu iradı səsləndirənlərin mövqeyinə hörmətim var, bununla belə, əslində, çalışmışam ki, sözü müəllif yox, ƏLAHƏZRƏT MƏNTİQ desin. Əlbəttə, "Əli və Nino” romanının müəllifi məsələsinə son qoymaq iddiasında olmamışam, əminəm ki, mübahisələr bundan sonrra da davam eləyəcək. Əslinə qalsa, bu romanla müəlliflik problemini çözmək heç başlıca məqsədim də olmayıb. Təbii ki, ola bilsin, buna nə vaxtsa tam aydınlıq gəlsin. Əsas niyyətim o əsərin yarandığı dövrün mənzərəsini yaratmaq, taleləri həmin dövrdən keçmiş insanların talelərini izləmək idi, elə bilirəm ki, buna da nail olmuşam. Həyat yolları o əsərlə kəsişən adamların yaşadığı coğrafiyanı yada sal: Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə, İran, Türkmənistan, Almaniya, Avstriya, İtaliya, Fransa, İspaniya, Səudiyyə Ərəbistanı, İsrail, Pakistan, ABŞ… Üstəlik, o adamların taleyində bütöv bir zaman kəsiyinin – XIX əsrin sonlarından XX əsrin 40-cı illərinəcən (təxminən 50-60 illik) olan dövrün ağrı-acıları var. Bədi əsərlə nəyisə sübut eləmək, məncə mənasız məşğuliyyətdi, bundan ötrü ciddi, akademik ədəbiyyatşünaslıq var. Əslində, yazıçının işi formalaşmış ehkamları dağıtmaqdır, əks təqdirdə yazılanı uğurlu saymaq çətindi.

 

–  Səslənən iradlardan biri isə budur ki, kitab haqqında kitab, roman haqqında roman yazmaq o qədər də uğurlu gediş deyil. Bu iradla razılaşırsınızmı?

 

– Sözün düzü, bu iradı ilk dəfə səndən eşidirəm, həm də məndən ötrü xeyli təəccüblüdü. Bəyəm, bədii əsərdən ötrü gediş əsasdı, yoxsa ƏLAHƏZRƏT MƏTN? Bəyəm, dünya ədəbiyyatında roman haqqında saysız-hesabsız romanlar var? Məncə, onu deyənlər "Qurbanı”ı heç oxumayıblar, ancaq fərziyyə irəli sürürlər. "Əli və Nino” ətrafında baş verən hadisələr dramatizminə görə, heç də romanın özündə cərəyan eləyən hadisələrdən geri qalmır – bunu qətiyyətlə deyirəm. Qəribə budur ki, məsələn, Orxan Pamuk kitab haqqında roman yazanda uğurlu gediş hesab olunur, amma Azərbaycan yazıçısının belə bir gedişi uğursuz sayılır. Çoxdandı ki, bizdə "Özgələr sindromu” adlandırdığım bir psixoloji vəziyyət yaranıb: xarici yazıçılar nə yazırlarsa, yaxşıdı, öz yazıçılarımızın qələmindən çıxıbsa, "belə də…” Çox təəssüf, bir-birimizi bəyənməmək, oxumamaq, görməzliyə vurmaq, danışanda mütləq əcnəbi yazıçıdan sitat gətirmək artıq gerçəkliyə çevrilib.

 


– Sizin təndiqçilərin, ciddi ədəbiyyat adamlarının diqqətini çəkən əsərlərinizdən biri "Yolçu"dur. Amma əsər çox yorucudur elə bil. Hadisə az, təfərrüat çoxdur sanki. Bu barədə nə düşünürsünüz?


– Asan oxunmaq üçün nəzərdə tutulan əsərlər – detektiv, macəra, fantastik ədəbiyyat var. Heç vaxt yazanda asan oxunmaq barədə düşünməmişəm. Hadisə əsasında əsər yazmaq çoxdan keçilmiş, artıq primitiv yoldu. Dünya ədəbiyyatında hadisəsizlik özülü üstündə yazılmış saysız-hesabsız əsərlər var. Mənə görə, hadisəni əsas götürmək yazıçının gücsüzlüyündən başqa bir şey deyil. Heç "Yalqız” və "Yolsuz” romanlarımda, əksər hekayələrimdə də "hadisə” söykənməmişəm. Yazmaq, əslində sözlə ruhun mənzərəsini yaratmaqdı. Dünya ədəbiyyatının pirlərindən sayılan Dostoyevskinin əsərlərində çoxmu hadisə var? Məncə, əsərdə başlıca məsələ "Yolçu” haqqında ustad yazıçımız Kamal Abdullanın yazdığıdır: "Mən bu romanı həm beynimlə oxudum, həm qəlbimlə. Əsl oxucular (oxuyucular yox!) bilir bu nə deməkdir. Bu ağırlığında mətndə bir-birini inkar edən, ən uzaqda belə dursa, bir-birilə uyuşmayan söz, cümlə, mətləb, xətt, demək olar ki, yoxdur. Necə Nəriman buna nail olub – bilmirəm. Böyük ədəbi hünərdir. Dili, cümləni, sözü hiss etməyin ən yaxşı nümunəsi elə budur. Nəfəs bütövlüyü elə budur”. Mən həmişə nəfəs məhz belə bir nəfəs bütövlüyünə can atmışam.


– Sizin tərcümələrinizlə bağlı ciddi iradlar səsləndirilir. Bu iradları qəbul edirsinizmi?


– Söhbəti əsasən mənə qarşı irəli sürülən iradlar üzərində qurdun. Nolar, bu irada da cavab verərəm. Eyni sualı "Teleqraf.com”da Mövlud Mövlud da vermişdi. Əslində, bu iradların hardan və nədən qaynaqlandığını bilirəm. O adamların özlərinin neylədiklərini soruşmağı heç ağlıma da gətirməmişəm. Məndən ötrü tərcümənin iki ölçüsü var: vicdan və peşəkarlıq. Allaha şükür, ikisindən də xali deyiləm. İndiyəcən 44 tərcümə kitabım çıxıb, bir neçəsi də çapını gözləyir. Normal şərtlərlə, yaxud öz istəyimlə tərcümə elədiyim əsərlərlə bağlı ciddi irad eşitməmişəm. Yüz əlli cildlik Dünya Ədəbiyyatı Kitabxanası seriyasından Nobel mükafatı Kenzaburo Oenin təxminən 600 səfifəlik "Seçilmiş əsərləri”ninin tərcüməsini bu yaxınlarda bitirib nəşriyyata vermişəm, kitab artıq çapa verilib, heç bir irad-filan da olmayıb. Sifarişçilərin tələsdirdikləri, sonra da redaktəsiz, hətta kottektəsiz çap elədikləri kitablarda xətalar ola bilər. Həm də adamların zövqləri də, səviyyələri də, dil duyumları da müxtəlifdi, müəyyən bir mətn heç də hamını təmin eləyə bilməz. Bir də ki,  başlıcası niyyətdi; pis niyyətlə yanaşdığın istənilən mətndə "ilişməyə” nəsə tapa bilərsən. Geniş mənada isə bizim əsas bəlamız nəşriyyatlarımızda redaktor institutunun sıradan çıxmasıdı. Hər bir kitab müəlliflə (o cümlədən, tərcüməçiylə) redaktorun qarşılıqlı işinin nəticəsidi. İndi təəssüf ki, orfoqrafik səhvlərin hesabını belə müəllifdən (həm də tərcüməçidən) soruşurlar.


– Siz kitabları başqa ölkədə çap olunan və kitabların satışından gəlir əldə edə bilən azsaylı yazıçılarımızdansınız. Bu uğurun bir sirri varmı?


– Cəmi bir kitabım, "Könül elçisi” romanım Türkiyədə çap olunub. Gəliri ilə də xahiş eləmişəm ki, çəkdiyi zəhmətin haqqı əvəzində tərcüməçi, təəssübkeş dostum Fəthi Gədikli maraqlansın. Bir povestim, ayrı-ayrı hekayələrim Türkiyədə, Rusiyada, Misirdə, Belorusda, Qazağıstanda, Gürcüstanda nəşr edilən antologiyalarda, qəzet və jurnallarda, ədəbi portallarda dərc edilib. Hələlik bacardığım elə budur. Ancaq əminəm ki, Azərbaycanda dünyaya rahatca cıxa biləcək qələm adamları var ki, kitabları Azərbaycan məkanını doldurmuş əcnəbi yazıçılardan dah yazşı yazırlar. Sadəcə onların dünyaya çıxmaq imkanları məhduddu, bir də ki, "Özgələr sindromu” yollarını kəsib.


– Hazırda nə yazırsınız? Hansısa əsər üzərində izləyirsinizmi?


– İki ildən bəri hazırlaşdığım, tariximizin çox maraqlı dövrüylə bağlı yeni roman başlamışam. Bu cür kitablar ağır yazılır, saysız hesabsız məxəzlərə bələdlik, sonsuz dəqiqləşdirmələr tələb eləyir. Artıq ilk fəsillərini yazmışam, ümidvaram ki, payızda çap etdirəcəyəm. Əslində, məndən ötrü yazı prosesi bir müddət dünyadan təcrid olunmaq, az qala yarıbayğınlıq içində yaşamaq deməkdi. Amma indi işləyə-işləyə, ancaq istirahət və bayram günlərində yazmağa məcburam. Məndən ötrü çətindi, bununla belə, nəticənin uğurlu olacağına inamdan güc alıram. Qismət!

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər