Ru
10:41 / 23 Yanvar 2017

Ukraynadakı səfirimizə qarşı ağır ittihamlar - FOTO/ VİDEO

10925

Ukraynadakı azərbaycanlıların 20
Yanvarla bağlı təşkil etdiyi tədbir-yürüşə bu olkədəki səfirimiz qatılmayıb. Bu
isə soydaşlarımızın böyük narazılığına səbəb olub. Məsələ ilə bağlı İstiqlal.az
saytı geniş yazı hazırlayıb. Həmin yazıda Ukraynaya yeni təyin olunmuş səfirimiz
Azər Xudiyev diasporumuzu parçalamaqda, Prezidentin bu sahədə verdiyi
tapşırıqları yerinə yetirməməkdə, vəzifəsinin öhtəsindən gələ bilməməkdə
ittiham olunub.

BakiPost.az Həmin yazını təqdim edir:

  

Ötən həftə Azərbaycan və dünyada yaşayan
azərbaycanlılar 1990-cı il 20 yanvar tarixində Bakıda baş vermiş "Qanlı Yanvar”
hadisələrini müxtəlif formada qeyd etdilər. Bizim üçün ən maraqlısı 27 il
bundan əvvəl baş verən bu qətliamın dünyanın müxtəlif ölkələrində hansı səviyyədə
qeyd olunmasıdır. Bu tədbirlərin yüksək səviyyədə keçirilməsi həm də Azərbaycan
həqiqətlərinin dünyaya bir daha çatdırılması demək idi. Azərbaycanın xaricdəki
səfirlikləri və diaspor təşkilatlarının vəzifə və vicdan borcu olan bu kimi tədbirlər
onların həm də yaşadıqları cəmiyyətlərlə necə işləmələrinin göstəricisi
olacaqdı.


 

  

Əlbəttə, səfirliklərimiz və diaspor təşkilatlarının
elektron poçtlarımızı dolduran plagiat press-relizləri və 5-10 adamın
toplaşdığı dəyirmi masalardan çəkilmiş "qalstuklu fotoları” bir neçə il bundan əvvələ
qədər "başımızın altına yastıq qoyurdu”. Amma bu gün elə deyil. Nə yaxşı ki,
sosial şəbəkələr var və biz bu şəbəkələr vasitəsi ilə kimin harada "gözdən pərdə
asdığını” açıq-aydın müşahidə edirik.


Bu dəfə son günlər mətbuatın gündəmini
daha çox zəbt edən Ukrayna ilə maraqlandıq. O Ukraynaya ki, orda Azərbaycanın
yeni səfiri və iddiaları boylarını aşan, hətta erməni həmkarları ilə "dil
tapmağı” bacaran diaspor təşkilatlarımız var. Çox yaxşı və bütün bunlar varsa
niyə səfirlik və diaspor təşkilatları 27 ildir millət olaraq bizləri
"unutmadıq” deməyə məcbur edən bu qətliamı yüksək səviyyədə qeyd etmədilər?
Yox, pardon, qeyd etdilər, amma necə?

  

 


Azərbaycanın Ukraynadakı səfiri Azər
Xudiyev ermənilərlə qol-boyun olan azərbaycanlıların hansısa birləşmiş konqresi
və bu ölkədə yaşayan millətlər birliyinin sədri ilə qoşalaşaraq yanvarın 19-da
10-15 adamın iştirakı ilə (onların da 7-si azərbaycanlıdı) anım tədbiri
keçirir. Və bu tədbir sosial şəbəkələrdə canlı "yayımlanır”, fotoları gözümüzə
girir, kadrları hətta "AzTV” ekranlarına qədər gedir çıxır. Və hamı bu dar çərçivədən
Azərbaycan həqiqətlərini "öyrənir”...

Deyək ki, Ukrayna Azər Xudiyevin səfir
kimi ilk iş yeridir və cənab diplomat hələ adaptasiya mərhələsindədir. Yaxşı bəs,
minlərlə azərbaycanlıya, Ukraynada yaşayan hansısa qeyri-millətlər birliyinə rəhbərlik
edən Rövşən Tağıyevə nə olmuşdu? Ukraynada yaşayan azərbaycanlılar qalsın bir kənarda,
olmazdımı rəhbərlik etdiyi qeyri-millətlər birliyindən 100-200 adamı toplayıb
normal bir tədbir keçirəydi?! Deməli, olmur, əgər bacarsaydılar və bu millətin
acılarını paylaşmaq üçün pul, vaxt, enerji xərcləmək istəsəydilər, böyük bir
yer kirayələyib normal tədbir keçirmək olardı. Necə ki, düz 20 gün əvvəl erməni
diasporunun rəhbəri Aşotla qol-boyun olub yeni il şənliyini təm-təraqla
keçirmişdilər. Bu barədə çox yazıldığından əlavə şərhə ehtiyac duymuruq.

 

 Rövşən Tağıyev və Aşot Avanesyan


Sosial şəbəkələr Ukraynada 20 Yanvarla
bağlı başqa bir tədbiri də bizə nümayiş etdirir. Statuslardan və mətbuatda
çıxan məlumatlardan da aydın olur ki, yanvarın 20-də Ukraynanın Dnepr şəhərində
keçirilən tədbirin təşkilatçıları Dnepropetrovsk Azərbaycanlılarının Birləşmiş
İcmasıdır. İcma paytaxt Kiyevdə səfirin və Birləşmiş Konqresin "birləşərək” bir
gün əvvəl təşkil etdikləri tədbirdən qat-qat səviyyəli - 1000
nəfərin iştirakı ilə anım təşkil etmişdi.

 


Görüntülərdən də müşahidə edirik ki,
T.Şevçenko adına teatrın böyük salonunda keçirilən tədbirdə Dnepropetrovsk şəhəri
qubernatorunun müavini, deputatlar, Kiyevdən və Ukraynanın müxtəlif şəhərlərindən
həm yerli sakinlər, həm də yüzlərlə soydaşımız iştirak edir. Tədbirin özəlliyi
həm də ondan ibarət idi ki, rəsmi hissədən başqa, təşkilatçılar Donbasda həlak
olan müxtəlif millətlərin nümayəndələrinin dəfn edildiyi məzarları ziyarət edərək
"Qanlı Yanvar” hadisələri ilə paralellik aparırlar. Azərbaycan və Ukrayna
bayrağı ilə bəzədilən yüzlərlə maşın karvanı Dneprin küçələrində insanlara Azərbaycanı
- "Qanlı Yanvar”ı xatırladır.

 

 

Təəssüf ki, Azərbaycanın Ukraynadakı səfiri
Azər Xudiyev nədənsə bu tədbiri boykot edir, anım mərasimində iştirakla bağlı şəxsinə
ünvanlanan dəvəti geri çevirir, nəyinki özü, ümumiyyətlə diplomatik korpusdan tədbirdə
iştirak etmək üçün heç kimi göndərmir. Beləliklə, bölgədə yaşayan minlərlə azərbaycanlıya
hörmətsizlik edir. Əcəba niyə?


Bəlkə, cənab Azər Xudiyev 2016-cı il,
iyunun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV
Qurultayının rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin
aşağıdakı tələbini unudub: "...Dövlət orqanları ilə Azərbaycan diaspor təşkilatlarının
əlaqələri daimi olmalıdır, güclənməlidir. Bizim xarici ölkələrdə fəaliyyət göstərən
səfirliklərimiz də bu işdə çox fəal olmalıdırlar. Mən onlara da dəfələrlə
tövsiyə etmişəm, göstəriş vermişəm ki, diaspor təşkilatları ilə daim əlaqədə
olsunlar. Mən xaricdə fəaliyyət göstərən səfirlərlə iki ildən bir görüş keçirirəm
və hər bir çıxışda xüsusilə bu mövzuya toxunuram ki, onlar diaspor təşkilatlarına
kömək göstərməlidirlər. Diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr
olmalıdır və bu əlaqələr güclənməlidir...”

 

Baş verənlər göstərir ki, səfir Xudiyev
nəyinki azərbaycanlılara kömək edir, əksinə bu kimi ümummilli tədbirlərdə
iştirak etməməklə Ukraynada yaşayan azərbaycanlılar arasında hörmətdən düşür. O
da mümkündür ki, səfir statusundan bu qədər xoşhal olan cənab Xudiyev Prezident
İlham Əliyevin birlik və bərabərlik çağırışlarını belə unudub: "Mən çox istəyirəm
ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar,
birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara
qarşı hörmət də artacaq. Əgər xarici ölkələrin ictimaiyyəti görsə ki, Azərbaycan
diaspor təşkilatları bir-biri ilə yola getmirlər, bir-birinin əleyhinə fəaliyyət
göstərirlər, əlbəttə, bu, yaxşı hal olmayacaq. Belə hallar var, onlar çox
deyil. Ancaq mən istərdim ki, bu gün bu kürsüdən bu mövzuya toxunum və qeyd
edim ki, birlik əsas məsələdir...”

 


Göründüyü kimi, üç-dörd aylıq fəaliyyətində
dövlət başçısının bu ya digər tövsiyələrini nəzərə almayan səfir Azər Xudiyev
Ukrayna azərbaycanlılarını birləşdirmək, ümummilli məsələlərdə onların hamısını
"bir damın altına toplamaq” əvəzinə daha çox parçalamaq siyasəti aparır. Bu da əlbəttə
ki, səfirə - dövlətin Ukraynadakı birinci dərəcəli nümayəndəsinə etimadsızlıq
yaradır.

Fotolardan da göründüyü kimi,
pulu-parası qalsın bir yana, bəzi vicdanlı soydaşlarımız birləşərək bu kimi tədbirlərə
günlərlə hazırlaşırlar, canlarını, ruhlarını qoyurlar. Bu insanlara onsuz da dəstək
olmursunuz, heç olmazsa yanlarında olun, iki cümlə sözlə də olsa həmrəylik
nümayiş etdirin.


Axı siz orda dövlətsiniz, cənablar!


Ukraynadakı səfirimizə qarşı ağır ittihamlar -  FOTO/ VİDEO
Ukraynadakı səfirimizə qarşı ağır ittihamlar -  FOTO/ VİDEO
Ukraynadakı səfirimizə qarşı ağır ittihamlar -  FOTO/ VİDEO
Ukraynadakı səfirimizə qarşı ağır ittihamlar -  FOTO/ VİDEO
Ukraynadakı səfirimizə qarşı ağır ittihamlar -  FOTO/ VİDEO
Ukraynadakı səfirimizə qarşı ağır ittihamlar -  FOTO/ VİDEO
Ukraynadakı səfirimizə qarşı ağır ittihamlar -  FOTO/ VİDEO
Ukraynadakı səfirimizə qarşı ağır ittihamlar -  FOTO/ VİDEO
Ukraynadakı səfirimizə qarşı ağır ittihamlar -  FOTO/ VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər