Ru
13:14 / 25 Aprel 2018

Türklərə həqarət Güney Azərbaycanı ayağa qaldırdı

1964

Sədrəddin Soltan: "Əli Yunisi, Həsən Ruhani tipli dövlət adamları fars şovinizminə qulluq edənlərin görünənidir”


İran İslam Respublikası prezidentinin müşaviri Əli Yunisinin "İranda türk yoxdur” açıqlaması ciddi etiraz doğurub. Güneyli milli fəalların sözlərinə görə, Əli Yunisi Güney Azərbaycandakı türklərin "türkləşmiş azərilər” olduğunu bildirib. 


Onun bu sərsəm açıqlamasından sonra İran parlamentinin deputatları Yunisiyə etiraz məktubu ünvanlayıb. Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur və Hadi Bahadırın prezident Həsən Ruhaniyə ünvanladığı məktuba 50 türk əsilli deputat imza atıb. Millət vəkilləri Ruhaniyə yazılmış məktubda onun köməkçisi Əli Yunusinin "azərilər türkcə danışan farsdır” sözlərinə sərt reaksiya veriblər: "Yunisinin İrandakı azlıqlarla bağlı bu açıqlamaları ölkə təhlükəsizliyinə zərər verir. Quranda da irqi ayrı-seçkilik etmək böyük günah hesab olunur. Onun bu məktubu azəri, türkman, qaşqay, xəzər kimi türk dilində danışan, ölkənin təxminən 40 faizini təşkil edən türk qövmünə böyük təhqirdir. Müsəlman İranın türk əhalisinin sizdən inciməməsi üçün ümid edirik ki, tezliklə adı çəkilən şəxsin cəfəng, köksüz-əsassız və Rza Xan dövrünü xatırladan sözlərinə təpki göstərəsiniz”.


Qeyd edək ki, Əli Yunusi açıqlamasında "Azərilər 300 ildir ki, türkcə danışırlar, onlar farsdırlar və əvvəllər də fars dilində danışıblar” deyərək, absurd iddia səsləndirib.


Ekspertlər hesab edir ki, müşavirin sözləri Güney Azərbaycanda növbəti dalğalanma yarada bilər.





"Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan "Cümhuriyət” qəzetinə bildirib ki, Əli Yunisi İran prezidentinin etnik və dini azlıqlar məsələlər üzrə köməkçisidir:

 

"Əvvəllər o, ETTELAAT — İran İslam Respublikasının Kəşfiyyat İşləri üzrə naziri işləyib. İrandakı hakimiyyət özünü teokratik elan etsə də, bir çox məsələlər baxımından Rza Şahdan qalma siyasi-ideoloji xətti davam etdirməkdədir. Bu siyasi -ideoloji xətt fars mərkəzli İran düşüncə sisteminin tərkib hissəsidir. Yəni, ölkədə nə varsa, hamısı farsa aiddir və bu da İranın bütövlüyünə xidmət edir.  Zaman-zaman İranda Əli Yunisi bu məsələlərlə bağlı çıxışlar edib. Əli Yunisi təxminən 6 ay bundan öncə Qərbi Azərbaycana səfər etmişdi. Səfər zamanı çıxışında bildirmişdi ki, məktəblərdə azərbaycanlı şagirdlərə fars dili öyrətmək lazımdır ki, bu dil geniş təbliğ olunsun. O, bununla bağlı dövlət büdcəsində böyük məbləğdə vəsaitin ayrıldığını da demişdi. Əli Yunisi, Həsən Ruhani tipli dövlət adamları fars şovinizminə qulluq edənlərin görünənidir. Dünyada baş verən hadisələr Əli Yunisiləri hələ də oyatmayıb. Əli Yunisi və dövlətin başqa rəsmiləri bu sayaq çıxışları ilə bölücülüyə və İranın milli təhlükəsizliyinə zərbə vururlar. Belə hesab edirlər ki, ölkə ərazisində islahatları, dövlətin ərazi bütövlüyünü və.s bu tip hadisələri davam etdirmək üçün bu sayaq inkarçılıqla mümkündür”.


"Bölünmüş millətlərin milli haqları təmin edilməyənə qədər Əli Yunisilər inkarçılıq edəcək”...


Politoloqun qənaətincə, Azərbaycan türkünü fars və yaxud da türkcə danışan fars adlandırmaq türk millətinin inkardır: "Bu hadisənin kökü 80 il əvvəl Rza Şah Pəhləvi dövründən qoyulmuşdu. Məsələnin mahiyyətində isə "türk milləti yoxdur”, "türk milləti fars dilinin bir ləhcəsidir”, "türk milləti səlcuqlardan və farslardan törəmədir” və.s. kimi amillər durur. Bütün bunlar bir türkün, bir etnosun milli varlığını inkardır. Hakimiyyət elə zənn edir ki, inkarçılıqla milli problemi həll edə biləcək. Əli Yunisinin dediyi kimi oxşar sayaqlamaları əvvəllər İranda başqa-başaq dövlət rəsmiləri də bildiriblər.


Ümumiyyətlə, bu sərsəmləmələrin tarixi Rza Şah Pəhləvidən başlayıb bu günə qədər də davam edir. Amma bölgədə baş verən hadisələr sübut edir ki, İran bölünmüş millətlər həbsxanasıdır. O millətlərin milli haqları təmin edilməyənə qədər Əli Yunisilər inkarçılıq edəcək. Bu inkarçılıq isə ölkənin milli-mədəni və digər sahələrinin inkişafının qarşısını alacaq. Ölkədə milli haqları təmin olunmayan böyük bir etnosu inkar etmək, ən azından ağılsızlıqdır. Bu ağılsızlıqla da İrandakı Əli Yunisi kimi hakimiyyət təmsilçiləri məşğul olurlar”.
Türklərə həqarət Güney Azərbaycanı ayağa qaldırdı
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər