Trampla Putin arasında ilk görüş nələr vəd edir? - ŞƏRH

1072
İyulun 16-da beynəlxalq ictimaiyyətin gözlədiyi ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasındakı görüş keçirildi.

Bu, Ukrayna hadisələrindən sonra iki ölkə lideri, o cümlədən Trampla Putin arasında ilk görüş idi.

Düzdür, bu sammit ABŞ-ın 37-ci prezidenti Riçard Niksonla keçmiş SSRİ-nin lideri Leonid Brejnev, yaxud ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanla SSRİ-nin lideri Mixail Qorbaçov arasında keçirilən görüşlə eyni səviyyədə deyildi. Çünki indiki Rusiya o zamankı Sovet İttifaqı gücündə və qüdrətində deyil, eləcə də ABŞ-ın da sözü o vaxtkı kimi müttəfiqləri arasında birmənalı olaraq qəbul edilmir.

Dünya təkqütblü adlansa da, ABŞ-ın iddialarına qarşı kəskin münasibətlər bildirilir.

Almaniyanın xarici işlər naziri Xayko Maas Helsinki zirvə toplantısından əvvəl Ağ Evə artıq tam etibar edə bilmədiklərini söyləyib: ""Tərəfdaşlığımızı davam etdirmək üçün ABŞ-ı tənzimləməliyik. ABŞ-la münasibətlər fonunda Avropada sıx birləşəcəyimizin vacib olduğu ilkin yekun nəticədir”.

O, Donald Trampın sosial şəbəkə vasitəsi ilə Avropadakı müttəfiqlərinə yazdıqlarına işarə edərək, qeyd edib ki, "söz və "tvitter” hücumunun sərtliyindən asılı olmayaraq, Avropa İttifaqı parçalanmağına imkan verməməlidir.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib ki, Tramp Avropa İttifaqında sabitliyi pozmağa can atır: "ABŞ prezidenti Donald Tramp Avropa İttifaqında sabitliyi pozmaq üçün addımlar atır, ancaq Avropa buna imkan verməyəcək. O, iqlim üzrə razılaşmanı, İranın atom-nüvə proqramı, BMT-nin fəaliyyət modeli ilə bağlı razılaşmaları təhlükəyə atıb. Onun üçün Avropanın mövcud birliyi qəbuledilməzdir. O, Avropaya, o cümlədən ticarət sahəsinə münasibətdə bəzi təşəbbüslər göstərir. Ancaq Avropa sabitliyin pozulmasına özü imkan verməyəcək”.

Avropalılar belə ehtimal edir ki, Donald Tramp Rusiyaya qarşı tətbiq edilən sanksiyaları ləğv edə bilər. Bu və başqa bu kimi məsələlər iki müttəfiq arasında gərginlik yaradıb.

Donald Tramp NATO-nu zirvə toplantısında Avropadakı müttəfiqlərinin müdafiə xərclərinin artırılrmasını istəyib. Almaniya onun tənqidinə daha çox məruz qalıb. Donald Tramp bildirib ki, Almaniya bir yandan Rusiyadan təbii qaz alır, o biri yandan isə təhlükəsizliyinin təmin edilməsində ABŞ-dan yardım istəyir.

ABŞ prezidenti bundan sonra müttəfiqlərinin NATO çərçivəsində müdafiə xərclərini ödəməyəcəyini vurğulayıb.

Avropa İttifaqı İranla nüvə proqramına dair imzalanan Əhatəli Fəaliyyət Planı müqaviləsinə sadiq olduqlarını vurğulayırlar. Görünür, ABŞ-ın İranla bağlı istəklərinin reallaşmasına avropalılar mane olur. Onlara "dost və düşməni” göstərmək üçün Ağ Ev bu yolla Avropa İttifaqındakı bəzi dövlətlərə, o cümlədən Almaniyaya təzyiq edir.

Təzyiqlər artıq öz nəticəsini verməkdədir. Bu günlərdə Fransanın "Total” şirkəti İranda fəaliyyətinin dayandırdığını bildirib.

Donald Tramp iyulun 13-də Londonda Britaniyanın baş naziri Tereza Meylə keçirdiyi görüş zamanı İrana qarşı təzyiqlərin artırılması məsələsində razılığa gəlib. Tərəflər İranın nüvə silahına sahib olmaması məsələsində də ortaq mövqeyə malik olduqlarını bildiriblər.

Qeyd edək ki, belə bir şəraitdə Tramp-Putin görüşü reallaşdı.

Görüşdən sonra dövlət başçıları bəzi açıqlamalar verdi.

"Son bir neçə ildə əlaqələrimiz yaxşı deyildi. Ancaq fövqəladə əlaqələrə sahib olar bilərik. İki nüvə gücüyük. Məncə, dünya bizim yaxşı rəftar etməyimiz istəyir”, - deyə Donald Tramp vurğulayıb.

ABŞ prezident bildirib ki, Rusiya ilə "möhtəşəm işlər” görəcəklər. O, terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə Rusiyanın yardım etdiyini də vurğulayıb.

Görüşdə müzakirə edilən məsələlərdən biri də İranla bağlı olub. Tramp bildirib ki, İranla nüvə sazişinin qorunması Moskvanın marağındadır, ancaq bu onları qane etmir. O, İrana nüvə planları ilə bağlı təzyiq göstərmək vacibliyini söyləyib: "İranın Yaxın Şərqdə nüvə planlarının qarşısını almaq üçün bu ölkəyə təzyiq göstərməyin vacibliyini vurğulamışam".

Görüşdən əvvəl İranın ali rəhbəri Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti iyulun 13-14-də Moskvaya səfər etmiş, Rusiya Prezidenti Vladimir Putinlə görüşmüşdü. Rusiya ilə İranın yaxınlığına görə, KİV-də iranlı qonağın Vladimir Putinə Donald Trampa catacaq məktubu verdiyinə dair məlumatlar yayılmışdı.

İran tərəfi bu məlumatı təkzib edib.

Bununla belə Rusiyanın ABŞ-İran münasibətində vasitəçilik etdiyi də istisna edilmir. Liderlərin görüşündə Rusiyanın İranla bağlı mövqeyi heç şübhəsi müzakirə olunub. Onu da ehtimal etmək olar ki, Vilayəti Moskvaya səfəri zamanı Putinlə görüşündə ölkəsinin ABŞ-la bağlı mövqeyini açıqlayıb.

Bu baxımdan İran ABŞ-a rəsmi olaraq, məktub ünvanlamasa da, şifahi mesaj ola bilər.

Tramp Suriyada vəziyyətin qarma-qarışıq olduğunu söyləyib: "İki ölkənin əməkdaşlığı yüz minlərlə insanın həyatını xilas etmək potensialına malikdir”.

Vladimir Putin də öz növbəsində görüşün nəticələrindən danışarkən, Donald Trampla bir-birinin başa düşdüklərini, əlaqələrinin yaxşılaşması üçün ilk addımın atıldığını deyib.

Putin Suriya məsələsində səyləri artıracaqlarını, humanitar yardım ediləcəyini bildirib. İranla bağlı müzakirədən danışan Rusiya prezidenti qeyd edib ki, bu məsələdə Moskvanın mövqeyi Vaşinqtona məlumdur.

Görüşdə ABŞ lideri Rusiyanın Ukraynadakı fəaliyyətindən, Krımı ilhaqından narazılığını vurğulayıb.

Beləliklə, 4 saat sürən görüşdən dünyada mövcud münaqişələrin həlli, o cümlədən Suriyadakı vəziyyətlə bağlı elə ciddi anlaşmanı olmadığı qənaətinə gəlmək olar. Suriyada əsas problemlərə - Bəşşar Əsədin siyasi hakimiyyətinin gələcəyi, ölkənin ərazi bütövlüyü kimi taleyüklü məsələlərə işarə belə edilmədi. Elə Ukrayna məsələsində də Rusiya geri çəkilənə oxşamır. Bununla bağlı da bir konkret fikir söylənmədi.

Moskva Tehranı müdafiə edəcəyini gizlətmir. Putin bunu Trampla görüşündə də vurğulayıb. Energetika ilə bağlı məsələ də örtülü qalıb.

Odur ki, bu görüşü daha çox tərəflərin bir-birini öyrənməsi, tanış olması kimi xarakterizə etmək olar. Tramp-Putin görüşündə iki dövlət arasında heç bir sənəd imzalanmadı. Bu sammiti beynəlxalqa arenadakı problemləri iki liderin müzakirəsi, məsləhətləşməsi kimi də dəyərləndirmək olar.

Atalar sözündə deyilir: "Üz, üzdən utanar”. Prezidentlər bir sıra məsələlərdə bunu yoxlamağa da cəhd göstərdi. Ancaq yayılan informasiyalara əsasən demək olar ki, onlar öz mövqeyindən geri çəkilənə oxşamır. Yəni üz, üzdən utanmadı.

Liderlərin görüşünün əhəmiyyəti isə qapalı, açıqlanası mümkün olmayan məsələlərin təkbətək müzakirə edilməsində idi. Bir də beynəlxalq sahədə gərginliyin azalmasına təsir göstərə bilər. Bundan sonra ABŞ və Rusiya prezidentləri vasitəçi olmadan istənilən mövzunu bir-birinə zəng edərək, müzakirə etmək imkanı qazandı. Başqa sözlə, küsülülük aradan qalxdı.

Bu həm də Avropa İttifaqının narahatlığını azaltdı. Onların ehtiyatlandığı hadisələr baş vermədi. Başqa sözlə, avropalılar dərindən nəfəs ala bilər. (report)
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər