Tramp ABŞ-ın Azərbaycandakı səfirini geri çağıracaq? - Politoloq rəyi

"Robert Sekuta nə rəsmi Bakıya, nə də Vaşinqtona mane olur. Tam əksinə, Azərbaycan hakimiyyəti Sekutanın fəaliyyətindən razıdır”.


Bu sözləri BakiPost.az-a politoloq Elxan Şahinoğlu Amerikanın Azərbaycandakı səfirinin dəyişə bilmə ehtimalını şərh edərəkən deyib.

 

Onun sözlərinə görə, Donald Tramp da Sekutanı Azərbaycanda səfir kimi saxlaya bilər: "ABŞ-ın yeni prezidenti Donald Trampın keçid komandasının dekabrın 23-də göndərdiyi bildirişdə Barak Obama administrasiyası dövründə təyin olunmuş bütün səfirlərin yanvarın 20-də geri çağırılacağı deyilir. Xəbərlərə görə səfirlərə ABŞ-a qayıtmazdan əvvəl həm peşəkar, həm də şəxsi işlərini başa çatdırmaq üçün vaxt verilməyəcək.


Bu xəbər hələ də təsdiqini tapmayıb. Çünki ABŞ-ın qısa müddətdə yüzlərlə ölkədən səfirini geri çağırması prosedur baxımdan mürəkkəbdir. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın da geri çağrılıb-çağrılmayacağı müzakirə predmetidir. Sekuta 2015-ci ildə Azərbaycana təyin olunub. Robert Sekutanın özü bildirib ki, Donald Tramp onu Azərbaycanda saxlasa, o qalıb işləyəcək. Əslində bununla Sekuta Azərbaycandakı fəaliyyətini davam etdirmək istədiyinə işarə edib. O, yarımçıq geri qaytarılan səfir Metyu Brayzanın taleyini yaşamaq istəmir”.


Elxan Şahinoğlu bildirib ki, Azərbaycan kimi ölkələrdə səfirləri dəyişdirməyə Trampın ehtiyacı yoxdur: "Tramp üçün Rusiya, Çin və İsrail kimi ölkələrdə səfirlərini dəyişmək vacibdir. Çünki Ağ Ev sahibinin yeni xarici siyasətində bu istiqamətlər əsas götürüləcək. Bu ölkələrə təyin olunan yeni səfirlər Trampın yeni xarici siyasət kursunu həyata keçirəcəklər.

 

Görünür, Tramp böyük ölkələrdəki səfirlərini həm də ona görə dəyişməyə ehtiyac duyur ki, Barak Obamanın təyin etdiyi keçmiş səfirlər onun siyasətinə qarşı gizli fəaliyyət göstərməsinlər. Çünki Dövlət Departamenti sistemində də Donald Trampın gələcək xarici siyasətindən narazı olanlar var.


Cənubi Qafqaz yeni Ağ Ev administrasiyasının fəal xarici siyasət həyata keçirəcəyi istiqamətlərdən biri deyil. Ona görə də təcili surətdə Sekutanı dəyişməyə ehtiyac yoxdur. Azərbaycan hakimiyyəti Sekutanın fəaliyyətindən razıdır. Öncə Robert Sekuta keçmiş səfirlər Rino Harniş və ya Riçard Morninqstar kimi insan haqları və demokratiya mövzularında tənqidi açıqlamalar vermir. Məhz bu kimi açıqlamalar həmin səfirlərin Azərbaycan hakimiyyəti ilə münasibətlərinin gərginləşməsinə səbəb olmuşdu.


Həmçinin Sekutanın bir sıra hallarda səsləndirdiyi açıqlamalar rəsmi Bakı tərəfindən müsbət qarşılanır. Məsələn, Sekuta Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyini bildirmiş, Azərbaycanı tolerantlıq nümunəsi adlandırmışdı”.


Politoloq hesab edir ki, Robert Sekutanın vaxtından əvvəl bir başqa diplomatla əvəzlənməsi rəsmi Bakının da maraqlarına uyğun deyil.


Sevinc Yasinqızı

Bakı Post

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

20 Sentyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər