Ru
14:52 / 22 Oktyabr 2018

Tanınmış vəkil sərxoş halda yaxalanıb? - "Ailə üzvlərimi videoya çəkərək şantaja keçdilər" VİDEO/ Yenilənib

4469
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxtın müxəlif küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi məqsədi ilə növbəti maarifləndirici-profilaktik tədbir keçirilib.


Daxili İşlər Nazirliyindən BakuPost-a verilən məlumata görə, tədbir zamanı xeyli sayda sərxoş sürücü aşkar olunub, həmçinin yol polisinə tabe olmayan, avtoxuliqanlıq edənlərə rast gəlinib.


Kobud qayda pozuntusu etdiyi üçün Nobel prospektində saxlanılan "Yaguar” markalı avtomobilin sürücüsü Fərhad Hacıyevin yoxlama zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olub. Sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün həkim müayinəsinə gətirilən sürücünün etdiyi qayda pozuntusu sübuta yetirilib.


Daha bir sərxoş vəziyyətdə avtomobil idarə edən sürücü isə Rəşid Behbudov küçəsində saxlanıldı. Sürücü Afəl Cəfərov "Opel” markalı nəqliyyat vasitəsini içkili halda idarə etmədiyi bildirsə də, müayinə zamanı onun da sərxoşluq dərəcəsi müəyyən edilib.


Tədbir zamanı Binəqədi rayonu ərazisində "Toyota” markalı avtomobilin sürücüsü Bəhruz Bayramov qayda pozuntusuna yol verdiyi üçün polislər tərəfindən ona "saxla” işarəsi verilib. Sürücünün müayinə zamanı sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub. Sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə onun barəsində protokol tərtib edilib, avtomobil isə hərəkətdən kənarlaşdırılaraq mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.


"BMW” markalı avtomobilin sürücü Arzu Nəsibov isə Yasamal rayonu Mətbuat, Hüseyn Cavid prospektlərində təhlükəli manevrlər etdiyi, piyadalara yol vermədiyi üçün yol polisləri tərəfindən saxlanılıb.


Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsini psixotrop maddələrin təsiri altında idarə etdiyi məlum olub. Sürücü barəsində qanunauyğun tədbir görülərək aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinə təhvil verilib.


Qeyd edək ki, tədbir zamanı nəqliyyat vasitələrinin konstruksiyasında dəyişikliklər edən sürücülər də müəyyən edilərək saxlanılıb. Həmin sürücülərdən bəziləri avtomobildə etdikləri konstruksiya dəyişikliklərini yerində aradan qaldırandan sonra barələrində protokol yazılaraq buraxılıblar.


Reyd zamanı digər kobud qayda pozuntularına yol verən sürücülər barəsində də müvafiq tədbirlər görülüb. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.

 


Qeyd edək ki, sürücü Bəhruz Bayramov Vəkillər Kollegiyasının üzvüdür.

 

***

 


"Daxili İşlər Nazirliyinin  Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının paytaxtın müxtəlif küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərlə bağlı açıqlamasında mənim barəmdə qanunazidd, obyektiv olmayan saxta məlumatlar  yer alıb”.


Bu sözləri Gununsesi.az-a açıqlamasında tanınmış vəkil Bəhruz Bayramov BŞBPİ DYPİ-nin onun guya sərxoş halda avtomobil idarə edərkən saxlanılmasına dair açıqlamasına münasibətində bildirib.


Vəkil deyib ki, ailə üzvləri ilə birlikdə ayıq sürücü vasitəsilə yaşadığı əraziyə gəlib: "Mənzilimə bir neçə metr qalmış ayıq sürücü avtomobili saxladı. Mən də mağazaya düşüb, bəzi şeylər aldım. Bircə qalırdı maşını həyətə salmağım. DYP-nin xidmət dislokasiyasına aid olmayan küçədə avtomobilə əyləşib həyətə salmaq istəyəndə dayandılar. Bu zaman maşında olan ailə üzvlərimi videoya çəkərək şantaja keçdilər ki, media üçün çəkiliş aparırıq. Bu qanunsuzluğa etiraz etdim. Maşınımı cərimə meydançasına apararkən başqaları kimi sövdələşməyə girib, çıxa bilərdim. Amma bunu etmədim və tələb etdim ki, qanunla hərəkət etsinlər. Görünür,  bu cavabım onları məəyus edib deyə belə bir görüntü yayıblar. Mən bu qanunsuzluğun sonuna qədər gedəcəyəm”.


Vəkil bildirib ki, artıq prokurorluğa şikayət yazıb.


Gununsesi.az-ın əməkdaşı da vəkilin xidmətindən yararlandığı "* 3000 Ayıq Sürücü Xidməti” ilə əlaqə saxlayıb. Xidmətdən saytımıza  Bəhruz Bayramovun həqiqətən ayıq sürücü sifariş etdiyi və bu sifarişin yerinə yetirildiyi bildirilib.


Şirkətdən o da bildirilib ki, artıq vəkilə bununla bağlı səs yazıları və həmin sürücünün kimliyi və sifarişin yerinə yetirilməsinə dair xüsusi məktub da veriləcək.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər