Ru
12:30 / 29 Mart 2017

Tanınmış alimin Əfqanıstanla bağlı kitabı çıxdı - FOTO

1005
ƏFQANISTAN DÜYÜNÜ NİYƏ AÇILMIR? 


Tanınmış şərqşünas-alim və tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) baş elmi işçisi Məsiağa Məhəmmədinin "Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə” adlı kitabı çapdan çıxıb.


Kitabda təqribən qırx illik dövrdə – 1978-ci il aprel çevrilişindən XXI əsrin əvvəllərinə qədər Əfqanıstanda və onun ətrafında baş verən hadisələrdən bəhs olunur.

 

Müvafiq fəsillərdə "Aprel inqilabı” ərəfəsində Əfqanıstanda vəziyyət, SSRİ-nin Əfqanıstana hərbi təcavüzünün gedişi və nəticələri, işğal illərində ölkədə gedən hərbi-siyasi proseslər, silahlı əfqan müxalifətinin tərkibindəki qruplaşmalar, Sovet qoşunlarının çıxarılmasından sonrakı mərhələdə baş verən olaylar, mücahidlər və Taliban hakimiyyəti dövründəki durum və nəhayət, ABŞ-ın Əfqanıstana müdaxiləsinin doğurduğu situasiya təhlil edilir. Bütün bu məsələlər Böyük oyunun yeni mərhələsi kimi – Əfqanıstanda regional və qlobal güclərin geosiyasi mübarizəsi kontekstində nəzərdən keçirilir.


Beş fəsil, giriş və nəticədən ibarət olan kitabda həmçinin vurğulanır ki, son onilliklərdə Əfqanıstanda baş verənlərin öyrənilməsi təkcə həmin ölkənin müasir tarixi və beynəlxalq əlaqələri baxımından deyil, qlobal siyasətin açar məqamlarından birinin aydınlaşdırılması, günümüzdə regionda və dünyada cərəyan edən hadisələrin adekvat dərki nöqteyi-nəzərindən də əhəmiyyət daşıyır. Tədqiqat işində  proseslərin hələ də bitmədiyi və  regionda hansı düzənin formalaşacağı bəlli olmadığından 2001-ci ildən sonra Əfqanıstan və onun ətrafında baş verən hadisələrdən ümumi şəkildə bəhs edilmiş, əsas diqqət onların köklərinin gizləndiyi əvvəlki dövrlərə verilmişdir və bu zaman ölkədəki durum daxili və xarici faktorların dialektikası əsasında nəzərdən keçirilib.

 

Nə üçün onilliklər keçsə də, Əfqanıstanda sülh və sabitlik bərqərar olmur? Nə üçün bütün siyasi dəyişikliklərə rəğmən, əfqan xalqı öz ölkəsində dinc birgəyaşayışın formulunu tapa bilmir? Nə üçün çoxsaylı beynəlxalq səylər Əfqanıstan düyününün açılmasına gətirib çıxarmır?


Kitabda bu və digər suallara cavab tapılmasına cəhd göstərilib. Müəllif sonda  belə bir qənaətə gələrək qeyd edib ki, nəzərdən keçirilən dövrdə Əfqanıstanda yaşananlar qlobal və regional güclərin cari və strateji maraqlarının toqquşma meydanına çevrilmiş bir ölkənin başına gələnlərin ibrətamiz hekayətidir. 


Kitabın "Əlavələr” bölməsində mövzuya dair müxtəlif tipli, o cümlədən, vaxtilə məxfi sayılan sənədlər, xatirə, çıxış və müsahibələr verilib. Həmin materiallar müəllif tərəfindən dəri (fars), rus və ingilis dillərindən tərcümə edilib. "Personalia” bölməsində isə araşdırılan dövrdə Əfqanıstanın siyasi həyatında mühüm rol oynamış şəxsiyyətlərin bioqrafiyası təqdim olunub.


Qeyd edək ki, bu kitab Əfqanıstanın müasir tarixinə və beynəlxalq əlaqələrinə dair Azərbaycanda işıq üzü görən ilk araşdırmadır.                              

Tanınmış alimin Əfqanıstanla bağlı kitabı çıxdı -  FOTO
Tanınmış alimin Əfqanıstanla bağlı kitabı çıxdı -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər