“Sözün hikməti” haqqında

2014
Son dövrlərdə oxuduğum kitablar içərisində "Sözün hikməti” kitabı məndə daha dərin hislər buraxıb. Aforizmlərdən ibarət olan bu kitabda doğrudan da sözün nə boyda hikmətə sahib olması, fikrin, insan zəkasının hansı qatları aça bilməsinin şahidi olursan. Bədii ədəbiyyat nümunələrində, ədəbiyyatın müxtəlif janrlarında kitab yazanlara tez-tez rast gəlindiyi halda aforizmlər yazan müəlliflərin sayı barmaqla sayılacaq qədər azdır. Belə bir vaxtda Kubra Əliyralının adamı heyrətləndirən müdrik kəlamları bir kitabda cəmləməsi əlbəttə təqdirə layiq addımdır. Kitabı oxuduqca bir deyim yadıma düşdü:
 
"Oxuduğunu dərk etmirsənsə, onun xeyrindən çox, ziyanını görərsən”. İlk növbədə kitabı oxuyarkən aydın oldu ki, Kubra Əliyarlı hər hansı gördüyünün və oxuduğunun üstündən adlamayıb. Hər şeyi xırdalığına qədər dərk edib, öyrənib və ondan çıxardığı nəticələri bir kəlama çevirib. Cəmiyyətə və insanlara əhəmiyyətli olması baxımından fikirləri öz ağlının və elminin süzgəcindən keçirərək, yuvarlaqlaşdıraraq onları bir araya gətirib. Beləliklə, hikmətlə dolu olan kitab ərsəyə gəlib. 

İlk baxışda belə bu qədər sadə... Düşünürsən ki, hər kəs belə kitablar yaza bilər. Bəlkə də həqiqətən belədir. Hər kəsin hikmətli sözləri olmalıdır. Amma hər söz o qədər elmi biliklərlə əsaslanmalıdır ki, həqiqətən hikmətini qoruyub saxlaya bilsin. 

Məsələn, kitabda işlədilən bu aforizm kimi: "Həkimlər Hipokrata deyil, Qurana and içməlidirlər”. Niyə Hipokrata deyil? Hər şeydən əvvəl ona görə ki, Hipokratın yaşadığı dövrdə ictimai şərait tamamilə fərqli idi. O zaman bütlərə inanırdılar. O deyirdi: "Bütün tanrıların şahidliyinə and içirəm ki, verdiyim sözə və götürdüyüm öhdəliklərə gücüm və dərrakəm çatana qədər əməl edəcəyəm”. 

Əvvəla, biz tanrılara deyil, Allaha, onun rəsulu Məhəmməd peyğəmbərə və Qurana tapınırıq. İkincisi, həqiqətən Hipokratın andı nə qədər vacib olsa da, artıq öz aktuallığını, hətta deyərdim, əhəmiyyətini itirib. 

Misal olaraq Hipokratın daha bir deyimini qeyd edək: "Biz hamilə qadına uşaq salması üçün kömək etməyəcəyik”. Bu fikrin üzərində dayanmağa ehtiyac yoxdur. Çünki həkimlərlə tibb işçiləri hamilə qadınlardan uşaqların salınması üçün hər cür dərmanlar hazırlayırlar və əməliyyatlar da həkimlər tərəfindən aparılır. 

Kitabın öz söz müəllifi, ziyalımız  Ramiz Göyüşov haqlı olaraq qeyd edib ki, bu kitabda toplanmış hikmətli sözlərin hamısı böyük yaradana sevgidən yaranıb. Əminik ki, bu sevgi yaşayacaq və müəllifin yaradıcılığının daha böyük nümunələrini görəcəyik.

Faiq Əliyev
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər