Ru
22:38 / 22 İyun 2017

Sürücülərin keyfiyyətli yanacaq problemi - VİDEO

2209
Ölkəmizdəki yanacaqdoldurma məntəqələrində yanacaq problemi sürücülər üçün baş bəlasına çevrilib.


ARB TV-nin "Günə doğru” verilişində yanacaqdoldurma məntəqələrində sürücülərin aldadılması ilə bağlı reportaj yayımlanıb.


Avro 2, Avro 4, Avro 5 standartlarına keçid, keyfiyyətin daha da artacağına və ekoloji cəhətdən təmiz yanacağın olacağına dair inam formalaşdırdı. Ancaq aparılan müşahidələr və ortaya çıxan nəticələr göstərir ki, sürücülər benzinin keyfiyyət və kəmiyyətində hələ də aldadılır. İstifadəçilərin sözlərinə görə, yanacağın tərkibindəki oktanın faizi aşağı salınır ki, alınan benzin daha tez sərf olunsun.


Sürücülər üçün yaşanan problem ancaq benzinin tez bitməsi ilə yekunlaşmır. Keyfiyyətsiz yanacaq avtomobillərin detallarını da tez sıradan çıxardır. Belə olduğu halda da sürücü əlini bir dəfə deyil, dəfələrlə cibinə atmalı olur.


Ölkəmizin bütün bölgələrinə yanacaq bir yerdən satışa çıxarılır. Ancaq maraqlısı budur ki, yanacaqdoldurma məntəqələrində benzinin keyfiyyəti müxtəlif olur. Belə nəticəyə gəlmək olar ki, benzinin keyfiyyətsiz olmasında sahibkarların rolu daha çoxdur. YDM əməkdaşları isə avtomobildə yaşanan hər problemin benzinin üzərinə atılmasını da doğru hesab etmirlər.


Keyfiyyət problemi ilə yanaşı, həm də avtomobilin çəninə yanacağın az vurulması məsələsi də var. Əksər yanacaqdoldurma məntəqələrində yanacağın keyfiyyəti bir başqa, benzinin az vurulması isə başqa bir problemdir. Yəni sürücülər ancaq benzinin keyfiyyətindən deyil, kəmiyyətindən də korluq çəkirlər.


Bir sıra ölkələrdə bu problem artıq öz həllini tapıb. Yanacaqdoldurma məntəqələrində xüsusi qurğular qoyulur ki, istehlakçı aldığı benzinin miqdarının düzlüyünü bu aparatla yoxlaya bilir. Eyni zamanda istehlakçılar üçün müstəqil laboratoriyalar fəaliyyət göstərir. Həmin laboratoriyalarda benzinin keyfiyyətindən şübhəli qalan istehlakçılar analizin cavabı ilə tanış olmaq imkanları əldə edirlər.


Hər halda biz bu sahədə yaşanan problemləri çəkib, çıxış yolunu göstərməyə çalışdıq. Onların həllinə gəldikdə isə, bu artıq aidiyyəti qurumların üzərinə düşən məsələdir.

 

BakuPost



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər