“Sizin həyəcanınız proseslərə neqativ təsir edir” - Elman Rüstəmovdan jurnalistlərə müraciət

427
"Devalvasiyanı şərtləndirən səbəblər barədə ictimaiyyətin məlumatlılığı qənaətbəxş səviyyədə deyil".

BakuPost APA-ya istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, qonşu ölkələrdə 5-6 faiz kurs üzməsi baş verəndə cəmiyyətin bunu devalvasiya adlandırması düzgün deyil: "Bu, devalvasiya deyil. Xarici şəraitin kəskin dəyişməsi, yeni makroiqtsadi şəraitin formalaşması, valyuta ehtiyatlarının tam itirilməsi bu proseslərə gətirib çıxara bilər. Açıq etiraf etmək lazımdır ki, 2015-ci ildə ölkədə devalvasiya baş verdi. Amma sonradan manatın üzməsi devalvasiya demək deyil. Bu, valyuta volatilliyidir",- deyə E.Rüstəmov vurğulayıb.

E.Rüstəmov maarifləndirmə tədbiri kimi ekspert və KİV nümayəndələri üçün seminar keçiriləcəyini bəyan edib.

"Mən mətbuat nümayəndələrinə şəxsən seminar keçirməyə hazıram. Sizin həyəcanınız, düzgün praktik nəticə verməməyiniz proseslərə neqativ təsir edir. Bizimlə yanaşı, mətbuat nümayəndələri də çox məsuliyyətli işlə məşğul olur. İlk növbədə məsuliyyət bizimkidir. Amma mətbuat nümayəndələri də məsuliyyət daşıyır. Bilirsiniz ki, cəmiyyətin, biznes subyektlərinin gözləntiləri var. Azərbaycan Mərkəzi Bankı gözləntilərin formalaşmasında mühüm rol oynayır, amma mətbuat nümayəndələri transmissiya funksiyasını yerinə yetirir. Buna görə də mətbuat nümayəndələrinin çox böyük məsuliyyəti var. Mən istərdim ki, bununla bağlı vahid anlaşma olsun. Təbii ki, media informasiyanı düzgün çatdırmalıdır. Amma istəmədən prosesləri başqa məcraya yönəldə bilərik. Mən təklif edirəm ki, bununla bağlı ciddi təqdimat keçirək. Seminarı şəxsən özüm aparacağam. Sizə bunu lazım gəlsə, hər rüb, bir neçə dəfə və hətta hər ay etməyə hazırıq. Bizim yeni kommunikasiya strategiyamız var. Biz ciddi ekspert cəmiyyəti və media ilə işləməyə hazırıq və bu strategiyanı reallaşdıracağıq", - deyə E.Rüstəmov vurğulayıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər