Ru
13:02 / 22 Avqust 2017

Səudiyyə Ərəbistanının 100 milyardlıq İraq planı - Bağdadın Tehrandan qoparılması layihəsi

3014
Orta Şərqdə və oradan min kilometrlərlə uzaqlarda yerləşən dövlətlər "İŞİD-dən sonrakı” dövrə hazırlaşırlar. Kimi bölgədəki müxalifətlə oynayır, onun başını sığallayır, kimi oradakı alayarımçıq hakimiyyət başçıları ilə danışıqlar aparır, kimi də separatçı terrorçulardan qos-qocaman dövlətlərə qarşı istifadə etməyə çalışır.


Bəziləri isə məsələyə milli heysiyyatla yanaşmağa cəhd göstərirlər.

Bölgədə fəallıq göstərən əsas dövlətlərdən biri də Səudiyyə Ərəbistanıdır. Əvvəlcə onu vurğulayaq ki, krallıq uzun illərdir ABŞ başda olmaqla Qərb dövlətlərinin regiondakı əsas müttəfiqlərindəndir. Ona görə də Səudiyyə Ərəbistanının atdığı addımlar dəyərləndirilərkən bu amil də nəzərə alınmalıdır.

Səudiyyə Ərəbistanı və İraq rəhbərliyi əlaqələrin inkişaf etdirilməsi istiqamətində real işlər görməyə başlayıblar. 

Belə ki, iki ölkə 27 il bağlı olan Arar sərhəd qapısının yenidən açılması ilə bağlı razılığa gəlib. Bu sərhəd qapısı 1990-cı ildə İraqın keçmiş lideri Səddam Hüseynin Küveyti işğal etməsindən sonra bağlanmışdı. İndi isə qapının ticarət sahəsində əməkdaşlığı genişləndirmək məqsədi ilə yenidən açılması planlaşdırılır. 

 


 

İraqın Anbar vilayətinin valisi Suheyb əl-Ravi bunun gələcək əməkdaşlıq baxımından böyük bir başlanğıc olduğunu bildirib.

Artıq müqəddəs Məkkəni ziyarət etmək istəyən mindən çox iraqlı zəvvarı daşıyan avtobus karvanı Səudiyyə Ərəbistanına yola düşüb. Səudiyyə şahzadəsi Faysal Bin Xalid zəvvarları "Quran"ın nüsxələri ilə qarşılayıb.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 2016-cı ildə bərpa olunub. Səudiyyə Ərəbistanı İraqın paytaxtı Bağdadda səfirlik açıb.

Ötən həftə Səudiyyə Ərəbistanı ilə İraq arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün yüksək səviyyədə danışıqlar aparıldığı haqqında da məlumat yayılıb. Belə ki, krallıq İraqın yenidən qurulması üçün 100 milyard dollarlıq maliyyə planı qəbul etməyə hazırlaşır. Bu, krallığın İraqı İrandan alması kimi də dəyərləndirilə bilər.

İraqdakı vəziyyət Suriya ilə müqayisədə yaxşı sayılır. Səddam Hüseyn devrildikdən sonra İranın İraqa təsiri artıb. Bu ölkənin hökumət başçılarının təyinatında da Tehranın rolunun olduğu ehtimalı az deyil.

 

 


İraq ərazisinin terrorçu İŞİD qruplaşmasından təmizlənməsi əməliyyatlarında İran hərbçilərinin iştirak etdiyinə dair çoxsaylı xəbərlər yayılır. Hətta İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdə fəaliyyət göstərən "Qüds” qanadının komandiri, general Qasım Süleymaninin daha çox İraqda olduğu deyilir.

Müxtəlif mənbələr İranın İraqda 40 mindən çox hərbçisinin olduğunu bildirir. Rəsmi Tehran ayətullah Seyid Əli Sistaninin çağırışını, fitvasını əsas götürərək İraqa göndərdiyi hərbçilərin sayını artırıb.


İranın bu ölkədə dəstəklədiyi "Haşdi Şabi” silahlılarının sayının 80 min olduğu bildirilir. Onun lideri Əbu Mehdi əl-Mühəndis ləqəbli Camal Cəfər İbrahimidir. O, iki ay əvvəl Səudiyyə Ərəbistanını hədələyərək bildirmişdi: "İraqla Suriya sərhədinə nəzarət edirik. Səudiyyə Ərəbistanının Ər-Riyad və Ciddə şəhərlərinə qədər irəliləyəcəyik, yanımızda husi qardaşlarımız da olacaq”.

Yeri gəlmişkən, 1954-ci ildə Bəsrədə doğulan Camal Cəfər 1977-ci ildən İran ideologiyasını mənimsəyən Dəvət Partiyasına qoşulub. Bu təşkilat Səddam Hüseyn tərəfindən bağlandıqdan sonra o, İranın Əhvaz şəhərinə mühacirət edib. Səddam Hüseyn devrildikdən sonra İraqa qayıdıb. Camal Cəfər general Qasım Süleymaninin "sağ əli” və baş məsləhətçisi sayılır. O, həm də İran ilə İraq arasında silah alverinə nəzarət edən şəxs kimi də tanınır.

 

 


Bundan başqa, iki dövlət arasında çoxsaylı iqtisadi layihələr də həyata keçirilməkdədir. Ümumiyyətlə, İran son 10-13 ildir İraqda bütün sahələrdə mövcudluğunu təmin edib.


Səudiyyə Ərəbistanı ilə İraq arasında münasibətlər isə Səddam Hüseynin hakimiyyəti illərində daha yaxşı olub. Çünki onları İrana qarşı düşmənçilik münasibəti birləşdirirdi. Hətta Səudiyyə Ərəbistanı İranla müharibə zamanı İraqı açıq-aşkar dəstəkləməsə də, 8 illik müharibə zamanı rəsmi Bağdada 25 milyard dollar həcmində aşağı faiz dərəcəsi ilə kredit verib.

Ancaq Səddam Hüseynin Küveytə hücumu tərəflər arasında münasibətlərin pozulması ilə nəticələnib.

Orta Şərqdə indiki qarışıq, boz dumanlı, tüstülü vəziyyətdə münasibətlərin normallaşması istəyi yaxşı hal sayılsa da, bunun arxasında başqa mətləblərin olduğu da istisna edilmir.

İraqın indiki sərhədlər daxilində mövcudluğunu davam etdirəcəyi şübhə doğurur. Başqa sözlə, bu ölkənin gələcəyi masa üzərindədir. İndidən hərə özünə bir pay almaq istəyir. 

 

 


Etnik kimlik baxımından Səudiyyə Ərəbistanı İraqa daha doğmadır. Baş verənlər deməyə əsas verir ki, bu amil proseslərdə bəzən az rol oynayır.

Krallığın ABŞ-la müttəfiqliyini nəzərə alsaq, onda İraqa 100 milyard dollar xərclənməsinə Ağ evin də xeyir-dua verəcəyini istisna etmək olmaz. Yaxud belə qənaətə gəlmək olar ki, rəsmi Vaşinqton İraqı İranın əlindən Səudiyyə Ərəbistanı vasitəsilə çıxarmaq istəyir.


Tehranla indiki münasibətlər fonunda İraq uğrunda mübarizədə Ər-Riyadın fəallığı da təbii görünə bilər. İki ölkə arasında sərhədin uzunluğu 814 km-dir. Bu münasibətlər həm də krallığın təhlükəsizliyi deməkdir. Camal Cəfərin timsalında İran yönümlü iraqlı silahlıların Səudiyyəni hədələməsi bunu təsdiqləyir. Qeyd edək ki, vaxtilə İranın ali rəhbəri, ayətullah Xomeyni də İraq ilə müharibə zamanı "Məkkəni düşmənlərdən azad edəcəkləri"ni bildirmişdi.

İran tərəfi iddia edir ki, Ər-Riyad Tehranla münasibəti bərpa etmək üçün rəsmi Bağdadın vasitəçiliyini istəyir. İran ilə münasibətlərin bərpa ediləcəyi halda krallığın bölgədəki missiyası daha da genişlənə bilər. Başqa sözlə, onun bölgədəki hadisələrə təsir etmək imkanı artar.

 

 


Səudiyyə Ərəbistanı İsraillə Misir arasında imzalanmış sülh müqaviləsini pozmayacağı haqqında öhdəlik götürüb. Krallıq Qırmızı dənizdə Tiran boğazında Tiran və Sanafir adalarında hərbi qüvvə yerləşdirməyəcək.

Bunu həm də Ər-Riyadla Tel-Əviv arasında münasibətlərin istiləşməsinə bir mesaj da saymaq olar. Krallığın yəhudi dövləti ilə yaxınlaşmaq cəhdləri də İraqın İrandan uzaqlaşdırılmasına xidmət edə bilər.

Beləliklə, onu da ehtimal etmək olar ki, Səudiyyə Ərəbistanının 100 milyard dollarlıq İraqı yenidənqurma planı İrandakı hakimiyyətin ərəb dünyasından təcrid olunması ilə yekunlaşacaq. Oxşar layihənin Suriyada da tətbiq ediləcəyi istisna olunmur. Səudiyyə Ərəbistanının  başçılıq etdiyi koalisiyanın Yəməndə ciddi uğur əldə edə bilməməsi İraq və Suriyada nüfuzunun artmamasınada da az rol oynamayıb. 

 

Sədrəddin Soltan

Report
Səudiyyə Ərəbistanının 100 milyardlıq İraq planı -  Bağdadın Tehrandan qoparılması layihəsi
Səudiyyə Ərəbistanının 100 milyardlıq İraq planı -  Bağdadın Tehrandan qoparılması layihəsi
Səudiyyə Ərəbistanının 100 milyardlıq İraq planı -  Bağdadın Tehrandan qoparılması layihəsi
Səudiyyə Ərəbistanının 100 milyardlıq İraq planı -  Bağdadın Tehrandan qoparılması layihəsi
Səudiyyə Ərəbistanının 100 milyardlıq İraq planı -  Bağdadın Tehrandan qoparılması layihəsi
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər