Ru
13:06 / 24 İyun 2017

Şərin gücü. “Porşe” və Vəli...

3368

Emil Salamoğlu


Çətindir...bundan sonra daha çətin və pis olacaq. Yaşamağın halqası elə daralır ki, sakit və başıaşağı olmaq da təhlükəni sovuşdurmur - iri pəncələri ilə üzərimizə gəlir. 


Mütləq deyil ki, mətbuatın və siyasətin içində olasan, necə deyərlər, siyasət özü səninlə məşğul olur. Ucqar dağ kəndinə getmək, Selincersayağı evə qapanmaq, yaxud Henri Toro kimi meşəliyi seçmək də çıxış tuneli deyil. 

 

Toro özü də yazırdı ki, bir sinfin dəbdəbəsi digər sinfin yoxsulluğu ilə tarazlığa gəlir. Bir tərəfdən saray, digər tərəfdən dilənçilər üçün sığınacaq... Və bu təbəqələşmənin dərinliyi ölçülməzdir – dibsiz quyu kimi!

Bu deqradasiyanın və mənəvi böhranın təhlükəsi maddiyatın çiyinləri üstündə olsa da, qoşa addımlayır. Böhran isə həmişə aşağıların əzilməsi ilə müşahidə olunur.

 

Bəs hardadır bu böhran? Biz niyə görmürük? Yalnız bəsirət gözlərinin bağlanması lazımdır ki, kor olasan. Mənəvi aşınma isə qanun-pul və kütləvi psixozun üzərində irəliləyir.

 

Hansısa şəhərdə ana körpəsinin südünə zəhər qatır, hansısa kənddə kişi pula görə arvadını və balasını öldürür, hardasa kimsə özünü ağacdan asır, hansısa məhkəmə bankla əlbir olub aprel şəhidinin ailəsini evindən küçəyə atmağa hazırlaşır (yuxarı eşelonda reaksiya olmasa, bankın vecinə də olmazdı), hansısa milyonçunun 15-16 yaşında balası isə iki uşaq anasını 200 minlik maşınla vurub öldürür, qanun həbsinə icazə vermir, tarzənin nəvəsini maşınla öldürən məmur oğlu azadlıqda gəzir və deyəsən Freyd haqlıdır – ayrı-ayrılıqda insanlar dəli olmur, bütünlüklə xalq dəli olur.

 

Deməli, şəhid olmaq nəyisə həll eləmirmiş, bank səni vətənin torpağı üstündə tikilmiş yuvandan küçəyə ata bilər, ya da qanun icazə verir - 15 yaşın varsa, atanın verdiyi maşını 180 sürətlə sür, kimsə təkərlərin altında qalıb can versə, eybi yoxdur, cəza gözləmir, cəriməni ödə, ölənin meyitini götür, başdaşını qoy, bir az da yas xərcləri çək, otur "Porşe”yə yola davam elə...

 

Yəni, ucqar dağ kəndinə getmək, Selincersayağı evə qapanmaq, yaxud Toro kimi meşəliyi seçmək də çıxış tuneli deyil - şərin gücü və yayılma arealı hüdudsuzdur, harda olsa səni tapacaq.

 

Bütün bunlar Dostoyevskinin "Cinayət və cəza”sı deyil, heç Mopassanın "Həyat”ı da deyil. Sadəcə, həyatın banallaşması və cinayətin vərdişə çevrilməsinə öyrəşdirilməkdir.

 

Amma başqa yol da var axı?! Məsələn, Naxçıvan MTN-nin naziri olmuş Vəli Ələsgərov nümunəsi: elədikləri qaşıq-qaşıq qabağına çıxarıldı və məhkəmədə arvad kimi göz yaşı tökürdü. 

 

Bu, tarixin misilsiz dərsiydi. İŞİD-lə əməkdaşlıqda ittiham edilərək MTN "padval”ında işgəncələrə məruz qalan keçmiş hərbçi Nizami Ağasiyev nazirlə məhkəmə üzləşməsində ona sətir-sətir xatırladır: 

"Vəli Ələsgərov ağlaya-ağlaya məhkəmənin sədrinə dedi ki, evdə 5 gözləyənim var, göydə Allah var, mənə yazığınız gəlsin. 

Onda sual verdim ki, bəs sənin evində 5 nəfər gözləyənin varsa, mənim evimdəkilər kim idi?! Və yaxud, əgər sən Allahı tanıyırdınsa, niyə içəridə telefonu uzadıb deyirdin ki, zəng vur, gəlsin görək Allah kişidir, ya arvad?! 

Hansı ki, əgər mən işgəncələrə dözməyib bunu yazsaydım, həm özüm, həm də tayfam biabır olardı. O, heç nə demirdi, sadəcə başını aşağı salıb susurdu...”


Bu, tarixi dərslik və romanlıq bir dialoqdur. Haçansa gələcək nəsillər üçün dərslik materialı ola bilər - Vəlinin "timsah göz yaşları” da, şəhid ailəsinin küçəyə atmağa hazırlaşan bank da, körpəsini öz südündə zəhərləyib boğan qatil ana da...


 



Şərin gücü. “Porşe” və Vəli...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər