“Səngəçal əhalisi qorxudan çöllərdə yatır” - Qəsəbə köçürüləcək?

Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki magistral qaz kəmərində son 2 ayda artıq 3-cü partlayış qeydə alınıb. Partlayışlar və yanğınlar isə ətrafdakı evlərə ziyan vurub, sakinlər təlaş içindədirlər.


Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhərmanlının BakiPost.az-a verdiyi məlumata görə, qəsəbə əhalisi evlərə girməyə qorxur: "Orada yaşayan insanlar arasında çox böyük narahatlıq var. Bütün qəsəbə əhli çöldədir. Heç kim qorxudan evə girə bilmir. Əhali bildirir ki, evlərinin başlarına uçmasına az qalıb. Bu nə vaxta kimi belə olacaq? Hamilə qadınlar, qocalar, uşaqlar nə vaxta kimi qorxaraq yaşayacaq? Hər partlayış onların qorxu və stress keçirməsinə səbəb olur. Hətta orda yaşayan xanımlardan biri mənə yazdı ki, partlayış zamanı evlərinin tavanı belə tərpənib. Hökumət bunlar haqda fikirləşməlidir. Çünki ölkədə birinci amil insan faktorudur. İstehsalat ikinci yerdədir”.


M. Qəhrəmanlı bildirib ki, hazırda belə obyektlərin yerləşdiyi yerdən nə qədər uzaq məsafədə yaşayış massivlərinin mövcud ola biləcəyi ilə bağlı araşdırma aparılır: "Biz indi əsas standartları öyrənirik ki, "sanitar” zonalardan hansı uzaqlıqda yaşayış sahələri və massivləri ola bilər. Həmin ərazidə 3 dəfə partlayış olub. Təlafatsız ötüşsə də, hökumət zaman-zaman qəsəbənin oradan köçürülməsini planlaşdırmalıdır. Çünki sənaye obyektləri olan yerdə yaşayış massivləri ola bilməz


Həmin qəsəbənin lap yaxınlığında həm qaz emalı zavodu var, həm də yüksək təzyiqli qaz xətləri gedir.

 

Qaz emalı zavodunun da ətraf mühitə atdığı çirklər, nə vaxtsa havaya vurduğu ziyanlar da nəzərə alınmalıdır”.

 

QHT rəhbəri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qaradağ qaz emalı zavodunu cərimələdiyini vurğulayıb: "Nazirlik 2016-ci ildə ətraf mühiti çirkləndirdiyinə görə Qaradağ qaz emalı zavoduna 5935 manat cərimə tətbiq edib. Deməli bu cərimənin özü sübut edir ki, orada və digər emal sahələrində də ekoloji çirklənmələr var”.

 

Qeyd edək ki, dünən Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində ötən ay partlayış baş vermiş qaz xəttinə yaxın ərazidə yenidən partlayış olub.

Partlayışlar zamanı xəsarət alan olmasa da, yaxın ərazidə yaşayanlar xeyli zərər görüb.

 

Sevinc Yasinqızı

Bakı Post

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

25 May 2017
Bütün xəbərlər
Bütün xəbərlər