Ru
17:05 / 23 Yanvar 2017

“Mənzərə çox acınacaqlı idi, xüsusi göstəriş verdim” - Prezident

1844

"Bizim hərbi hissələrimizin vəziyyəti bir neçə il
bundan əvvəl tam fərqli idi. Mən xüsusi göstəriş vermişdim ki, bu vəziyyət təhlil
edilsin, mənə məruzə olunsun və tədbirlər görülsün. Yadımdadır, bir neçə il
bundan əvvəl müxtəlif bölgələrimizdə yerləşən hərbi hissələrin fotoşəkilləri mənə
təqdim ediləndə, əlbəttə ki, mənzərə çox acınacaqlı idi”.


BakiPost.az xəbər verir ki, bu fikirləri prezident
İlham Əliyev deyib. O, bir neçə il əvvəl hərbi hissələrin yarıdağılmış binalar,
yararsız vəziyyətdə olan kazarmalardan ibarət olduğunu, ordumuzun ərzaq təminatının
çox aşağı səviyyədə olduğunu bildirib: "Ona
görə dərhal göstəriş verdim və bu sahədə köklü dəyişikliklər baş verdi. Bu gün
Müdafiə Nazirliyinin rəhbərləri bütün bu işləri yüksək səviyyədə təmin edirlər.
Yəni, bu gün həm təminat, həm xidmət baxımından Azərbaycan Ordusu dünyada nümunəvi
ordular sırasındadır.


O ki, qaldı ordumuzun döyüş qabiliyyətinə, biz
bilirdik və müntəzəm olaraq, bu istiqamətdə işlər aparılırdı. Həm
nizam-intizam, həm döyüş qabiliyyəti, həm hazırlıq və bütün bu görülmüş işlər
özünü lazım olan vaxtda göstərdi. Keçən ilin aprel ayında erməni silahlı təxribatının
qarşısını alaraq, Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Füzuli,
Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsi işğaldan azad edildi. O ərazilərdə Azərbaycan
bayrağı dalğalanır. Minlərlə hektar torpaq işğaldan azad edildi. On minlərlə
hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. O torpaqlarda təmizlik
işləri aparılır və yaxın gələcəkdə məcburi köçkünlər o ərazilərə qayıdacaqlar”.


Prezident bildirib ki, aprel döyüşləri bizim böyük hərbi
qələbəmizdir:
"Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı,
uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri
göstərdi ki, kimin ordusu yenilməzdir. Ermənistan öz acı məğlubiyyətini etiraf
etmək istəməsə də məcburdur ki, etiraf etsin. Məhz aprel döyüşlərindən sonra
Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər öz
vəzifələrindən kənarlaşdırıldı. Bu, aprel döyüşlərinin nəticəsi idi. Bizim əsgərlərimiz,
zabitlərimiz qəhrəmanlıq göstərdilər. Biz şəhidlər də verdik. Allah bütün şəhidlərimizə
rəhmət eləsin. Ancaq torpağımızı qoruduq, torpaqlarımızın bir hissəsini
işğalçılardan azad etdik. Aprel döyüşləri hərbi kitablara salınmalıdır. Azərbaycan
Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərmişdir. Bütün bu uğurların təməlində
düşünülmüş siyasət dayanır.


Ölkə başçısının sözlərinə görə, ordu quruculuğu
prosesi Azərbaycanda ardıcıllıqla icra edilir:
"Həm təminat, təchizat, müasir
texnikanın alınması, döyüş qabiliyyətinin artırılması, eyni zamanda, bizim hərbi
uğurlarımız siyasi uğurlarla da tamamlanır. Biz bu gün özümüzü beynəlxalq aləmdə
çox etibarlı tərəfdaş kimi təqdim etmişik. Bizim dünyadakı dostlarımızın sayı
getdikcə artır. Bizim haqq işimiz barədə dünya ictimaiyyəti daha da dolğun məlumat
əldə edir”.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər