SDU-da yoxlama - Rektor tələbələrdən təhsil haqqını tam almayıb

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən Sumqayıt Dövlət Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.

Palatadan BakuPost.az-a daxil olan məlumata görə, universitetin gəlirləri 2014-cü ildə 6332,1 min manat, 2015-ci ildə 7375,3 min manat, 2016-cı ildə 9174,0 min manat, xərcləri müvafiq olaraq 5690,3 min manat, 6858,9 min manat və 8418,7 min manat olub.
 
2016/2017-ci tədris ilində bakalavriat təhsil səviyyəsi üzrə Universitetin tələbə qəbulu planı 40 ixtisas üzrə 1865 nəfərə qarşı 1394 nəfər və ya 74,7% yerinə yetirilib, dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 100 nəfər, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 1294 nəfər təşkil edib. Tələbə qəbulu planı  "Ekologiya mühəndisliyi” ixtisası üzrə 100,0% yerinə yetirilsə də "Riyaziyyat” ixtisası üzrə 23,3%, "İnformasiya texnologiyaları” ixtisası üzrə 10,0%, "Psixologiya” ixtisası üzrə 20,0% yerinə yetirilib, "Kimya”, "Biologiya” və "Müsiqi müəllimliyi” ixtisasları üzrə isə tələbə qəbulu olmayıb.
 
Tələbə qəbulu planı 2014/2015 tədris ilində 36 ixtisas üzrə 1385 nəfərə qarşı 1242 nəfər və ya 89,7% yerinə yetirilib, dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 80 nəfər, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 1162 nəfər, 2015/2016 tədris ilində 41 ixtisas üzrə 1695 nəfərə qarşı 1348 nəfər və ya 79,5% yerinə yetirilib, dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 87 nəfər, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 1261 nəfər təşkil edib.
 
Magistratura təhsil səviyyəsi üzrə Universitetin tələbə qəbulu planı 2014/2015 tədris ilində 174 nəfərə qarşı 113 nəfər və ya 64,9 % (dövlət sifarişi 30 nəfər, ödənişli təhsil üzrə 83 nəfər), 2015/2016-cı tədris ilində 213 nəfərə qarşı 108 nəfər və ya 50,7% (dövlət sifarişi 35 nəfər, ödənişli təhsil üzrə 73 nəfər), 2016/2017-ci tədris ilində 229 nəfərə qarşı 100 nəfər və ya 43,7% (dövlət sifarişi 18 nəfər, ödənişli təhsil üzrə 82 nəfər) yerinə yetirilib.
 
Auditlə əhatə olunan illərdə təhsil alanlar tərəfindən qabaqcadan ödənilmiş təhsil haqqı məbləğləri kreditor borcu kimi, müxtəlif səbəblərdən Universitetdən xaric edilib, akademik məzuniyyətə gedən xarici və yerli tələbələr, doktorant və dissertantlar üzrə ödənilməmiş təhsil haqqı borcu debitor borc kimi uçota alınmayıb, təhsil haqqının düzgün müəyyən edilməməsi nəticəsində təhsil haqqı az alınıb, dövlət sifarişi ilə təhsil alan və tədris ilini tam başa vurmadan müxtəlif səbəblərdən Universitetdən xaric olunan tələbələrin təhsil haqqı üzrə ödənilmiş vəsait geri qaytarılmayaraq müxtəlif məqsədlərə istifadə edilib, akademik borca görə təkrar təhsilə cəlb olunmuş tələbələrdən kredit haqqının alınması təmin edilməyib, dövlət sifarişi ilə təhsil alan tələbələrin 2014/2015-ci tədris ilində 60,2%-i, 2015/2016-cı tədris ilində 76,4%-i, 2016/2017-ci tədris ilinin payız semestrində isə 69,1%-i imtahanlarda aşağı nəticələr göstəriblər.
 
Malların (işlərin və xidmətlərin) satınalınması zamanı "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun, "Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın və satınalmalarla əlaqədar digər qanunvericilik aktlarının bəzi tələblərinə əməl edilməyib, bəzi hallarda malların (işlərin və xidmətlərin) satınalma məbləği ayrı-ayrı müqavilələrə bölünərək icra edilib, həmçinin, satınalmalarda iştirak etmək məqsədilə satınalan təşkilata satın alınacaq malların siyahısı və şərtlər toplusunun əldə edilməsi məqsədilə şirkətlər tərəfindən ərizə ilə müraciət edilmədiyi halda onlara qiymət təklifləri təqdim edilib, malların alışını təsdiq edən qaimə-fakturanın yekun məbləğinin artıq göstərilməsi nəticəsində artıq vəsait ödənilib, malların ehtimal olunan qiymətləri düzgün müəyyən edilmədiyindən tenderdə qalib təşkilatın qiymət təklifləri bazar qiymətlərindən baha olub və nəticədə auditlə əhatə olunan dövrdə mal-materialların alınması üçün artıq xərcə yol verilib, bununla yanaşı tələbat olmadığı halda alınmış avadanlıqlar uzun müddət istifadəsiz saxlanılmaqla səmərəsiz xərcə yol verilib.
 
Təmir-tikinti işləri zamanı layihə-smeta sənədləri tərtib olunmayıb və təmir işlərinin ehtimal olunan qiymətinin təyin edilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yanında Tikintidə Qiymətqoyma Mərkəzinə müraciət edilməyib, yerinə yetirilməmiş təmir işlərinə görə podratçıya vəsait ödənilib, "Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın tələbləri gözlənilməyərək cari təmir xərclərinin normadan artıq hissəsi müvafiq əsas vəsaitlərin dəyərinə əlavə edilməyib, maliyyə hesabatları tərtib edilərkən "Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın bəzi tələbləri gözlənilməyib, təsərrüfat fəaliyyətinin nəticələri bəzi hallarda maliyyə hesabatlarında düzgün əks etdirilməyib.
 
Hesablama Palatasının Kollegiyası yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılması və nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi, həmçinin görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Sumqayıt Dövlət Universitetinə Kollegiya Qərarının surətinin göndərilməsi qərara alınıb.
 
Auditin nəticələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat göndərilib.

BakuPost

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

22 İyul 2017
Bütün xəbərlər
Bütün xəbərlər