Satışda olan suların kran suyu ilə müqayisəsi - Analizlərin cavabları sizi məəttəl qoyacaq

"Mənim bu sudan xoşum gəlir - o, yumşaqdır". "Bu sudan çaydan ərp bağlayır". "Bu suda qəribə dad hiss edirəm". Bu fikirlərin hər biri içməli sularla bağlı səsləndirilir. Deməli, sudan suya da fərq var. Bəs suları bir-birindən nə fərqləndirir?
 
BakuPost xəbər verir ki, Urban.az-a 11 ən məşhur istehsalçının məhsulunu və krandan axan suyu müqayisə edib. Hansının daha yaxşı olduğunu müəyyənləşdirən materialı təqdim edirik:

Biz marketdən 8 ədəd beş litrlik qabda su aldıq.
 
1. Ərikli - 7,75 azn
2. Damla - 1,67 azn
3. Slavyanka - 1,59 azn
4. Vita1000 - 1,35 azn
5. Sirab - 1,59 azn
6. Şahdağ - 1,15 azn
7. BonAqua - 1,15 azn
8. Badamlı - 1,87 azn
 
Sonra ofisdəki 3 on doqquz litrlik balondan su yığdıq...
 
9. Ipək Su - 4 azn
10. Şirin Su - 3,5 azn
11. Aqua Vita - 3,5 azn

Binəqədi rayonunda krandan su götürdük.

Beləliklə, bizim 12 su nümunəmiz oldu. Bu su nümunələrini laboratoriyaya analizə göndərdik.

Aldığımız nəticələrə əsasən biz nəyi öyrəndik?

Hamısını içmək olar. Bütün nümunələrdəki duz və mineralların miqdarı gigiyena və sanitar normalarına uyğundur. Bütün su nümunələrindən AquaVita və Damla sularının tərkibi digərlərindən fərqlənir. Onların mineral tərkibi normadan artıq deyil, lakin qalan sulardan çoxdur. Həkim-laborant Sevinc Həsənova:"Bu su təmiz halda içilmək üçün nəzərdə tutulub. Bu, canlı sudur. Onun tərkibi minerallarla zəngindir. İçilən zaman belə su orqanizmi kalsium, maqnezium və başqa minerallarla təmin edir. Doğrudur, bu suyun özünəməxsus dadı var. O, "yumşaq deyil", lakin çox faydalıdır". 

Hamısını qaynatmaq olmaz. Tərkibində mineralların miqdarı çox olan suyu qaynatmaq mənasızdır. Birincisi, bütün minerallar çaydandakı ərpə çevrilir. "Bəziləri hesab edir ki, ərp - keyfiyyətsiz suyun nəticəsidir. Bu, kökündən yanlış fikirdir", - Sevinc Həsənova izah edir. Əgər çaydanda ərp əmələ gəlirsə, deməli, siz tərkibində kalsim və ya başqa bir mineral çox olan sudan istifadə edirsiniz. Belə suyu qaynatmadan içmək lazımdır. Qaynatmaq üçün isə daha yumşaq sularda istifadə etmək olar. Məsələn, yoxlanılan sulardan ən yumşağı Sirabdır. Onun tərkibindəki kalsium, kalsium karbonat, xlorid və sulfatın miqdarı süni şəkildə sıfıra çatdırılmışdır, maqnezium isə demək olar ki, yoxdur. "Süni şəkildə mineralsızlaşdırılmış su daha yumşaq, amma tamamilə faydasız olur. Belə suyu qaynatmaq olar, lakin içmək lazım deyil", - Sevinc xanım izah edir.
 
Minerallar faydalıdır. Kalsium, maqnezium, natrium - bu minerallar içməli suyun tərkibində mütləq olmalıdır. Bəziləri sual verirlər: içməli suda xlor nəyə lazımdır? Xlor mikrobları öldürür. Əgər su "diri"dirsə, onun tərkibində həm xloridlər, həm kalsium, həm maqnezium, həm natrium, həm sulfatlar - bir sözlə, bütün minerallar olmalıdır. Onların hər biri orqanizmə öz təsirini göstərir. Lakin onların miqdarı normadan artıq olmamalıdır. 
Sevinc Həsənova "diri" su olan AquaVita və Damla sularını içməyi məsləhət görür. Çay və yeməklərin hazırlanması zamanı isə yumşaldılmış Şirin su, Sirab və Vita1000 sularını istifadə etmək düzgün olar.
 
Krandan yığılmış 12 saylı su nümunəsi də pis nəticələr nümayiş etdirmədi: onun tərkibində də mineral duzların miqradı norma daxilindədir. Bu onu göstərir ki, mərkəzləşdirilmiş paylamadan öncə suyu təmizləyirlər. Lakin onun tərkibinə bakteriaların düşmə ehtimalı qalır. Ona görə də, krandan axan suyu qaynadılmış şəkildə, yemək və isti içkilərin hazırlanması üçün istifadə etmək lazımdır.
 
Təcrübənin nəticələri. 
Bütün su nümunələri normalar daxilindədir. İştirakçılar arasında iki qrup ayrılır: "yumşaq" su və "diri", minerallı su.
Həkimlər "diri" suyu içmək, "yumşaq" suyu isə qaynatmaq üçün istifadə etməyi məsləhət görürlər.

HANSI MİNERAL NƏYƏ LAZIMDIR?
 
İçməli suyun dəyəri tərkibindəki mikro- və makroelementlərin miqdarı ilə müəyyən edilir. Əgər suyun tərkibində hər-hansı mineral və ya mikroelement çatışmırsa, o su insan üçün tam faydalı sayılmır, ednokrinoloq-dietoloq Vüsalə Babayeva hesab edir.
 
Kalsium. İnsan orqanizminin bütün həyati proseslərində iştirak edir. Qanın laxtalanması yalnız kalsiun duzlarının sayəsində baş verir. Kalsium toxumaların sinir-əzələ oyanıqlığında böyük rol oynayır. Kalsium çatışmazlığı zamanı taxikardiya, aritmiya, əzələ ağrıları, qusma, qəbizlik, böyrək və qaraciyət sancıları, aşırı əsəbilik, dezorientasiya, hallusinasiyalar, huşun qarışması, yaddaş itkisi, saç tökülmələri, dırnaqların zəifliyi, dişlərdə problemlər, göz büllurunun bulanması müşahidə oluna bilir. Suda kalsiumun miqdarının az olması sümük sisteminin vəziyyətinə və ürək əzələsinin işinə təsir edir.
 
Kalium. Qanın osmotik təzyiqini təmin edir. O, ağlın aydınlığı, şlaklardan qurtulma, allergiyanın müalicəsi üçün vacibdir. Kalium çatışmazlığı zamanı boyun uzanmasının ləngiməsi, cinsi funksiyanın zəifləməsi, skelet əzələlərinin qıcolmaları, ürək əzələsinin yığılmalarının azalması, ürək əzələsinin iş ritminin (aritmiya) pozulması müşahidə olunur.
 
Maqnezium. Bütün hüceyrə və toxumaların ayrılmaz hissəsi olub, spazmolitik, damar genəldici qabiliyyətə malidir, arterial təzyiqin aşağı enməsində, hamilə qadınlarda dölün inkişaf pozuntularının qarşısının alınmasında rol oynayır. Miokar infarktı zamanı miokardın oksigenlə təminatını yaxşılaşdırır və zədə zonasını haşiyələyir. Tənəffüs sistemi orqanlarının xəstəlikləri zamanı bronxların genişlənməsi və spazmın aradan qaldırılmasında, şəkərli diabet zamanı damar ağırlaşmalarının qarşısının alınmasında maqneziumun böyük rolu var. Maqnezium çatışmazlığı zamanı sinir sisteminin oyanıqlığı simptomları, qıcolmalar müşahidə olunur. Həmçinin, bu mineralın çatışmazlığı bağırsaq sisteminin göbələk xəstəliyinə səbəb ola bilir.
 
Natrium. Osmos təzyiqinin tənzimlənməsində, maddələr mübadiləsində, turşu-qələvi müvazinətinin qorunmasında iştirak edir. Hüceyrəyə müxtəlif maddələrin daxil olmasında rol oynayaraq, onun funksionallığını təmin edir. Natrium çatışmazlığı zamanı karbohidratların mənimsənməsi pozulur, nevralgiyalar, təzyiqin enməsi halları mümkündür.
 
Yod. Onun çatışmazlığı qalxanvari vəzi xəstəliklərinə gətirib çıxarır.
 
Flüor. Çatışmazlığı kariesə səbəb olur.
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər