Ru
11:12 / 28 Mart 2017

“Sarkisyan Ermənistanın taleyini sual altına qoyur” – Aydın Mirzəzadə

1675
Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altında olan Qarabağ ərazisinə qanunsuz səfər edən zaman hərbçilərin və ailə üzvlərinin qarşısında çıxış edib. O, çıxışında Azərbaycanı "İsgəndər” raketi ilə hədələyib. Deyib ki, lazım gələrsə, Ermənistan Silahlı Qüvvələrinə tərəddüd etmədən həmin raket kompleksindən istifadəsinə icazə verəcək.


Serj Sarkisyanın Azərbaycanı hədələməsini şərh edən Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə BakiPost.az-a deyib ki, bu gün Ermənistan Azərbaycan üçün hər hansı bir ciddi təhlükə törədə bilməz:

 

 

"Ümumilikdə Sarkisyan və Ermənistan rəhbərliyi tamamilə reallığı itiriblər. Azərbaycan torpaqlarını işğal etmələri, ərazilərimizdə qeyri-qanuni silahlı qüvvələrini saxlaması onlara kifayət deyil. Artıq ölkəmizi müharibə ilə təhdid edərək Azərbaycan torpaqlarını işğalını daha da artırmaqla hədələyirlər. Bu, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Azərbaycan hökuməti Ermənistan prezidentinin beynəlxalq hüquq normalarına zidd, orta əsrlər təfəkkürlü bəyanatlarının yolverilməzliyi barəsində ATƏT-in rəhbərliyinə dünən müvafiq müraciət göndərdi. Dünya Ermənistanın özünü heç bir hüquqla bağlı olmayan və qonşu ölkələrin ərazi bütövlüyü anlayışını qəbul etməyən pis dövlət kimi mövcud olduğunun fərqinə varmalıdır. Dağlıq Qarabağa probleminin kökündə də məhz Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi durur. Bununla belə Azərbaycan Ermənistan rəhbərliyinin təhdidinə çox sakit yanaşır. Çünki Azərbaycan bu müddət ərzində bir dövlət kimi formalaşmış iqtisadiyyatı, daxil və xarici siyasəti, o cümlədən silahlı qüvvələrini yüksək səviyyədə qura bilib. Ermənistan unudur ki, onların ordusu bu gün köhnə silahlarla silahlanıb. Ermənistan əhalisi ilə rəhbərliyi arasında çox böyük uçurum var. Bu gün Ermənistan Azərbaycan üçün hər hansı bir ciddi təhlükə törədə bilməz. 

Həm işğal edilmiş zonada yerləşən erməni silahlı qüvvələrinin hərbi obyektləri, həm Ermənistanda olan strateji obyekt bu gün Azərbaycan silahlarının və silahlı qüvvələrinin birbaşa müşahidəsindədir”. 


Deputat vurğulayıb ki, Ermənistan və onun indiki rəhbərliyi çox ciddi odla oynayır: "Onlar hesab edir ki, bu cür düşünülməmiş və sözün əsl mənasında ağılsız uşaq bəyanatları ilə Azərbaycanda bir qorxu hissi yaradır. Ölkəmiz onların bütün sahələrində, o cümlədən hərbi sahədə belə cavabını artıqlaması ilə verməyə hazırdır. Ermənistanın hər hansı düşünülməmiş hərəkətinin cavabı həmin anda veriləcək. 

Dünən Azərbaycanın Müdafiə Nazirliyi də bu məsələ ilə bağlı ilə bəyanat verdi. Bildirildi ki, Ermənistan təhdidlərinə qarşı Azərbaycanın cavabları vardır və onlar odla oymaqdan çəkinsin”. 


Aydın Mirzəzadə hesab edir ki, Sarkisyan bu cür hədələrlə qarşıdan gələn Ermənistandakı parlament seçkilərində seçicilərin səsini toplamağa çalışır: "Amma o, Ermənistanın taleyini çox böyük sual altında qoyduğunun fərqinə varmır. Azərbaycanın Ermənistan və Sarkisyanın bu ağılsız hərəkətindən çəkindirmək və lazımlı cavab vermək üçün kifayət qədər böyük imkanları vardır. Silahlı qüvvələrimiz daima Azərbaycanın ərazi bütövlüyünü və ölkəmizin milli maraqlarını yüksək səviyyədə qoruyur. Kiçik də olsa ermənilərin Azərbaycana yönəlmiş cəhdlərinə anındaca cavab verəcəklər”.


Sevinc Yasinqızı

Bakı Post

“Sarkisyan Ermənistanın taleyini sual altına qoyur” –  Aydın Mirzəzadə
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər