Ru
17:04 / 21 Yanvar 2017

Polad Bülbüloğlu dost gözündə

11392

Sabir Rüstəmxanlı Polad Bülbüloğludan yazdı: "Dedi, vəzifəmdən gedirəm...”

 

BakiPost.az "Polad Bülbüloğlu dost gözündə" adlı həmin yazını olduğu kimi təqdim edir:  


"Yolüstü görüşlər”  silsiləsindən

 

POLAD BÜLBÜLOĞLU DOST GÖZÜNDƏ


Fevral ayının 4-də Azərbaycan Respublikasının Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri, görkəmli ictimai-siyasi xadim,  məşhur bəstəkar və ifaçı, Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun doğum günüdür. Bu yazı ilə bəri başdan onun doğum gününü qutlayır, ona uzun ömür, can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıram.  


Polad Bülbüloğlu gəncliyindən Azərbaycanın, köhnə SSRİ-nin sərhədlərinə sığmayan musiqisiylə, şöhrətiylə, qazandığı sevgiylə, bir növ dünya vətəndaşına çevrilən, səsi bütün planetlərdən eşidilən az sayda  sənət adamlarımızdan biridir. Yaşımız arasında fərq çox deyil, lakin biz ədəbi aləmdə ilk addımlarımızı atanda Polad artıq məşhur bir bəstəkar və müğənni kimi  öz yaşıdları üçün də əlyetməz bir yüksəklikdəydi.

 

 

 

Onun  sürətli yüksəlişinin,  ilk gəncliyindən  millətin sevimlisinə çevrilməsinin  səbəblərindən biri, şübhəsiz, böyük müğənnimiz Bülbülün oğlu olmasıdır. İstedadına ilk qiyməti də atası vermişdı.  15 yaşlı  yeniyetmənin  səhnədə Bülbül kimi nəhəng və bənzərsiz bir müğənniyə  musiqi müşayiətçisi olmasının məsuliyyəti və sevincini  təsəvvür etmək çətin deyil. Bəli, Polad səhnəyə ilk dəfə fortepiano ifaçısı kimi, həm də  oxunması kimi, çalınması da çətin olan Bülbül mahnılarını müşayiət etməyə çıxmışdı. O, musiqi məktəbində fortepiano sinfində oxuyurdu. Az sonra  ilk mahnılarını yazdı: "İlk görüş”, "Sabahın xeyir”, "Sumqayit” və s. Yəni o, "yaxşı oğul” olduğundan, uzun müddət ata adının kölgəsində gizlənmədi, öz nəğməsini yazdı, öz üsuluyla oxudu, atasından fərqli bir ifa yolu seçdi və tezliklə  orijinal  bir estrada müğənnisi kimi məşhurlaşdı. 


İlk bəstələrinin ardınca uşaqlıq dostu və qonşusu Müslüm Maqomayev üçün mahnılar yazdı və bu mahnıların Moskvada radioda səslənməsi onları köhnə Sovetlər birliyinin hər tərəfində tanıtdırdı.

 



Rəşid Behbudovdan sonra  Müslüm Maqomayev və Polad Bülbüloğlu dünya musiqi səmalarında Azərbaycanın iki yeni və gənc ulduzuydu;  yaxın dost, sənət arkadaşı olsalar da, hərəsinin öz müstəqil seçimi vardı.

 

İstedadlı bəstəkar kimi Polad Bülbüloğlunun ilk qiymətini verənlər arasında  Azərbaycan Konservatoriyasının müəllimi olmuş Qara Qarayev də vardır. Haqlı olaraq XX yüzilin ən böyük bəstəkarlarından sayılan Qara Qarayevin  sinfini bitirdikdən  sonra Poladın dinclik bilməyən gur, maraqlı, çətin, özünə başucalığı, xalqına hörmət  gətirən sənət həyatı başlanmışdır. Polad Bülbüloğlu- Müslüm Maqomayev, İosif Kobzon, Lev Leşenko, Lüdmila Sençina kimi məşhur sənətkarların da  ifa etdiyi onlarla gözəl mahnı bəstələmişdir.  Yaradıcılığı çoxcəhətlidir:  simfonik  əsərlərdən tutmuş Dədə Qorqud boyları əsasında yazılmış "Sevgi və Ölüm” baletinə qədər.   Azərbaycan teatrlarında  oynanılan bir sıra tamaşaya, "İstinintaq davam edir”, "Uşaqlığın son gecəsi”, "Babək”, "Sevinc buxtası”, Hökmdarın taleyi”, "Dolu” "Qorxma, mən səninləyəm!”   və s. filmlərə yazdığı musiqiləri də xatırlatsaq, Polad Bülbüloglunun çağdaş mədəniyyətimizdəki yerini və məhsuldar yaradıcılıq yolunu dəyərləndirə  bilərik. 


31 yaşında Polad Bülbüloğlu Azərbaycan Estrada ansamblına rəhbərlik etməyə başladı. Bəstəkar, müğənni və ansamblın rəhbəri kimi dünyanın 70-dən çox ölkəsində Azərbaycan musiqisini səsləndirdi. 1982-ci ildə Azərbaycanın Xalq artisti adına layiq görüldü.

 

 


Müəyyən vaxtdan sonra biz Polad Bülbüloğlunun istedadının başqa tərəflərini də gördük; bəlli oldu ki, o, həm də yetkin ictimai-siyasi xadim,  mədəniyyətimizin inkişafı  və təbliği ilə bağlı  işlərə  başçılıq etməyi  bacaran, müstəqil və geniş düşüncəli bir dövlət adamıdıdır. Onun Azərbaycan Dövlət filarmoniyasında  direktor olduğu illəri  yaxşı xatırlayıram. Əsl sənət adamı olduğuna görə gənc yaşlarından mədəniyyətimizin  bütün sahələrinə həssaslıqla yanaşmışdır.  Onun təşəbbüsüylə Filarmoniyada tez-tez gur şeir axşamları keçirilirdi və biz başqa salonlarda oxumadığımız cəsarətli şeirlərimizi orda oxuyurduq. Polad bəy həmin axşamları indi də məmnuniyyətlə xatırlayır, çünki  o  axşamlar qələm sahiblərinə, ədəbiyyatımızın tanınmış nümayəndələrinə əsl diqqət və qayğının nümayişiydi; Bakının mənəvi mühitini canlandırırdı. 

 


 

Sonralar nazir fəaliyyətini də müşahidə etmişəm. Bir müddət həmkar olmuşuq və Nazirlər kabinetinin yığıncaqlarında  çox vaxt yaxın mövqedən çıxış etmişik.  Polad Bülbüloğlu mədəniyyətimizi  sevən,  dərindən bilən, öz işindən yorulmayan, sənət adamlarının hüquqları üçün mübarizədən çəkinməyən adamdır.  Nazirlər Kabinetinin yığıncaqlarında obyektiv, cəsarətli çıxışları ilə seçilirdi və bu, bizi daha da yaxınlaşdırmışdı. Bir dəfə yenə müzakirə olunan məsələyə ikimizin fərqli və tənqidi münasibətimizdən sonra fasilədə ona razılığımı bildirəndə,  zarafatla,  "bilirsən, adam tək olmayanda daha ürəkli olur” – deyə mövqe birliyimizin Kabinetin yığıncaqlarında havanı dəyişdirdiyinə işarə vurdu.

 

 


Polad Bülbüloğlu həm türk dövlətlərinin, həm də MDB ölkələrinin  Mədəniyyət nazirləri arasında   liderlərdən biri idi. Təsadüfi deyil ki, Azərbaycanın mədəniyyət naziri olmaqla yanaşı üç dəfə TÜRKSOY-un  Genəl Başkanı seçilmişdi. Yeni müstəqillik qazanmış türk dövlətlərinin birgə yaratdıqları  ilk rəsmi  qurumlardan  olan TÜRKSOY  onun vaxtında qardaş xalqların mədəni əlaqələrinin genişlənməsi,   ortaq abidələrin nəşri və təbliği sahəsində  böyük işlər başlamış, bir sıra yeni ənənələrə yol açmışdır.

 

 


 

Polad Bülbüloğlunun mərdanəliyini və milli ideallarımıza bağlılığını göstərmək üçün daha bir misal çəkim.  Bu əhvalat 2006-cı ildə olmuşdu. Bir gün mədəniyyət nazirliyindən zəng vurdular ki, Polad müəllim Sizinlə görüşmək istəyir. Mən artıq nazirlikdən istefa vermişdim və o ərəfədə "Cavad xan” filminin ssenarisini nazirliyə təqdim etmişdim və nəticəsi ilə maraqlanırdım. Düzü, müsbət cavab alacağıma az  ümidim vardı. Polad bəy məni özünə xas olan mehribanlıqla qarşıladı. Xeyli söhbət etdik. Sonra qəfildən mövzunu dəyişdi:  "Sabahdan mən nazirliklə vidalaşacağam. 18-il işlədim, bəsdir, vəzifəmdən gedirəm. Məncə, bir vəzifədə 8-10 ildən artıq qalmaq düz deyil. Prezident mənə etibar edib,  Rusiyaya  səfir göndərir. Sevinirəm bu işə getməyimə. Sənin ssenarin havada qalmasın deyə işimizi ehtiyatlı tutmalıyıq. Bu gün filmin istehslata buraxılması haqqında əmr vermişəm. Səni çağırdım ki,  müqavilə bağlayaq, rəsmən işə başlasınlar. Cavad xan haqqında film çəkilməlidir. İndi bu, çox vacibdir”. 

 

 

 

Sonra filmə kimin rejissor olması, baş rolu kimin oynayacağı barədə fikrimi soruşdu və razılaşdıq. Beləliklə, Polad bəy nazir kürsüsündə özünün sonuncu vətəndaşlıq nəğmələrindən birini oxudu, tariximizin ən böyük qəhrəmanlarından birinin haqqının qaytarılması, kino obrazının yaradılması üçün gərəkən, kişiyana bir addımı atıb getdi. Sonra ortaya nə qədər maneələr çıxsa da, qatar yola düşmüşdü, Polad bəy öz işini görmüşdü. Sonralar filmin Moskva təqdimatında bu hadisəni  və  filmin   dövlət rəhbərliyi tərəfindən də dəstəkləndiyini ayrıca qeyd etdi... 

 

Bu günlərdə yeni kitabımın nəşriylə bağlı Moskvada olarkən artıq on birinci il  ölkəmizi Rusiyada ləyaqətlə təmsil edən əziz dostumuzla bir daha görüşdüm. Bir axşam səfirlikdə çay içdik, uzun-uzadı söhbət elədik. Bir daha əmin oldum ki, Polad bəy səfirlik işi üçün düzgün seçilmiş bir adamdır. Çünki o, bütün ömrü boyu Rusiya-Azərbaycan əlaqələrinin normal məcrada inkişafına çalışmışdir.  

 

 

O axşam çox  şeydən  danışdıq, dostları və köhnə günləri xatırladıq, ancaq cümləmizin əvvəli də, axırı da Qarabağ idi. Xalq diplomatiyasını genişləndirmək niyyətiylə Şuşaya getdikləri günləri yada saldı və qəribə, mistik bir əhvalat danışdı. Parlaq günəş işığıyla dolu  gündə bir neçə Azərbaycan ziyalısı ilə Susanın mərkəzi küçəsiylə məscidə doğru  gedərkən birdən-birə sarsılır, çünki  bu günəşi, bu işığı, bu yolu son vaxtlarda demək olar ki, hər gecə yuxusunda görürmüş.  Bu, Polad bəyin ata yurduna nə dərəcədə bağlı olduğunu göstərən maraqlı bir epizoddur. 


Bu gün Azərbaycan ziyalılarının rahatlığını əlindən alan əsas məsələ  torpaqlarımızın işğaldan təmizlənməsinə mane olan gizli və açıq güclərin,  uluslararsı qurumların  ermənipərəst mövqe tutmasıdır.  Məsələnin uzanması bizim xeyrimizə deyil, bu, göz önündədir. Belə olan halda həm ölkəmizin içində, həm də xarici ölkələrdə diplomatik korpus, dövlət nümayəndələri və diaspor təşkilatlarımız daha ardıcıl, çevik və iş birliyi şəraitində çalışmalıdırlar. Təəssüf ki, Rusiyada da diasporumuz dağınıq və zəifdir. Ayrı-ayrı dərnəklər, güclü elm, mədəniyyət, sənət xadimləri, alimlər, iş adamları olsa da təşkilatlanma zəifdir. Diaspor milli dövlətin yardımçısı olmaqdansa  dövlətdən yardım umur və yenə də lazım olan səviyyədə təşkilatlana bilmir..  Polad bəy, öz işindən əlavə, bu məsələləri də düşünür. Azərbaycanın bir çox tanınmış elm-sənət adamları, ictimai və dövlət xadimləri kimi, o da erməni mediasının hədəfindədir. Bu barədə özü bir söz demədi, ancaq mən bəzi xəstə şüurlu erməni müəlliflərin cızma-qaralarını oxumuşdum. Düşünürəm ki,  Polad Bülbüloğlunu düşmən yalanlarına tuş edən də,  onu qoruyan və  gücünə güc qatan da onun sənəti və ardıcıl mübarizəsidir. 

 

 

Sonda Polad bəy  Moskvada  buraxılmış albomlarını mənə bağışldı: "Seçilmiş əsərləri”ni. Bu, bir sənətkar ömrünün bəhrəsidir. "Sevgi və ölüm” baletinin musiqisi, öz bəstələdiyi və ifa etdiyi əsərlər və nəhayət, atasının oxuduğu məşhur xalq mahnılarının Polad Bülbülloğlu  təqdimatı–öz dediyi kimi "Oxuyardı Bülbül, oxuyur Polad Bülbüloğlu...”   


Söhbət arasında ona Bakıdakı yubiley gecəsində  fonoqramsız, canlı və gözəl ifası ilə hamını heyrətləndirdiyini xatırladıram. Gülür: "Səsim ondakından da güclüdür!”  

 

 


Azərbaycanın Xalq artisti, sənətşünaslıq doktoru, professor, ölkəmizin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, mahnılarıyla saysız insanın ürəyini fəth etmiş adam... Xoşbəxt olmağa nə çatmır? Gözündəki gizli kədərin səbəbi nədir?

Soruşsan bir kəlməylə cavab verər: Şuşa...


Sabir Rüstəmxanlı

15.01.2017


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər