“Saakaşvili şou göstərir, onu tutub ölkəsinə göndərəcəklər ” - Politoloq

"Ukrayna hökuməti Mixail Saakaşvili ilə bağlı hiyləgər plan qurmuşdu. Plan isə bundan ibarət idi ki, Saakaşvili və tərəfdarları mümkün qədər cinayətə yol versinlər”.
 
Bu sözləri BakuPost.az-a açıqlamasında politoloq Qabil Hüseynli "Yeni güclərin hərəkatı”nın lideri, Odessanın sabiq qubernatoru Mixeil Saakaşvili ətrafında baş verənlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Saakaşvilinin sərhədi yarıb keçməsinə Ukraynanın rəsmi dairələri özü imkan yaradıb: "Saakaşvili ətrafında baş verənlər bəlkə də şou xarakteri daşıyır. Keçmiş qubernator sərhədi yarıb keçdı. Sərhəddə də Milli Qvardiyanın üzvləri və sərhəd qoşunları dayanmışdı. Onların da hamısı silahlı idilər və xüsusi vəziyyət yarandıqda atəş açmaq əmri almışdılar. Saakaşvili və tərəfdarları ikiqat insan dairəsini necə yarıb keçdi? Bu, sadəcə oyun idi. Oyun isə ondan ibarət idi ki, ilk vaxtlar müqavimət göstərsinlər. Sonra isə guya, sərhədi qoruya bilməyiblər və Saakaşvili ölkəyə daxil olub. Bununla da ona qarşı sərhədi pozmaq maddəsi ilə cinayət işi qaldırıblar”. 

Politoloq pasportunun oğurlanmasında Saakaşvilinin özünün günahkar olduğunu düşünür: "Pasportunun oğurladığını deyır. Pasportu onsuz da qüvvədən düşmüşdü, heç bir hüquqi əhəmiyyət daşımır. Amma hər halda yeri gələndə ondan da istifadə edə bilər. Pasportu oğurlanıbsa belə, bu, onun məsuliyyətidir”.

Q. Hüseynli hesab edir ki, Ukrayna iqtidarı Saakaşvilini bataqlıqda batırmağa çalışır: "Saakaşvili bataqlıqda batdığı üçün hakimiyyət müxtəlif hiylələrə əl atır. Saakaşviliyə bir neçə cinayət işi açılıb. O, heç bir yerə qaça bilməz. Hər addımı izlənilir və harada olduğu dəqiq bilinir. Sadəcə hökumət istəmir ki, bir nəfərin də burnu qanasın. Bəzi fanatlar var ki, ölkədə vəziyyəti gərginləşdirmək istəyir. Bulanıq suda balıq tutmaq istəyirlər. Saakaşvili ətrafındakı mühasirəni yavaş-yavaş daraldırlar. Daraldıb, həbs edib, Gürcüstana göndərəcəklər ".

Postsovet məkanında hər hansı bir dəyişiklik olmayacağını proqnozlaşdıran siyasi şərhçinin fikrincə, Saakaşvilinin bu hərəkətləri Qərb tərəfindən təqdir edilmir və bu səbəbdən də heç bir reaksiya verilmir: "Saakaşvilini heç kim qorumayacaq. Onun xeyrinə hansısa bəyanatlar verməyəcəklər. Onu Gürcüstana göndərəcəklər. Orda isə onun adına bir neçə cinayət işi var. Mən vaxtı ilə ona hörmətlə yanaşmışam və bu gün də onun bir sıra keyfiyyətlərini yüksək dəyərləndirirəm, amma Saakaşvilinin son hərəkətləri siyasətçiyə yaraşmayan davranış idi. Guya, Ukrayna üçün ürəyi ağrıyan adam müəyyən qüvvələrə sığınaraq ölkədə sabitliyi pozmaq xəttini tutdu. Və bununla da karyerasına böyük zərbə vurdu. Saakaşvili artıq vaxtilə qazandığı hörməti itirib. Zənnimcə, o, daha bütün reytinqini itirmiş adi siyasətçidir”.

Nigar Etibar
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər