Ru
17:04 / 06 Dekabr 2016

Riyaziyyat - yaxşı, iqtisadiyyat - kafi, məntiq - İKİ!

2731

                                                                                                                                                                    Çingiz
Özgür

Hökumətimiz xalqa son bir ildə xeyli savad
verib. Bütün sahələrdə, bütün fənlərdən biliklərimiz xeyli artıb. AzTV demiş, bunları görməmək üçün kor olmalısan.
Biz də şükür, kor deyilik, axı. Görək o zaman.

Riyaziyyat bilikləri: Adi bir test edək.
Regionun, hətta Avropada yaşayan xalqların hər hansı birinin nümayəndəsinə sual
edək: "Bir il içində yerli valyutanın dollara nisbətən dəyəri əvvəlcə 35 faiz,
sonra isə 48 faiz düşdü. İl ərzində milli valyuta neçə faiz dəyər itirdi?” Kimdən
soruşsan, əvvəlcə gözün döyəcək, sonra isə 35 ilə 48 –i toplayıb 83 cavabını
verəcək. Bizim xalq isə regionun ən savadlı xalqı kimi , "99 faiz” cavabını verəcək.
Öyrənmişik axı, sağ olsunlar öyrədiblər.


Bu sonuncu dəfə - "gecə hazırlığı”nda yaxşı
kurs keçdilər xalqa. Taarif Şurasının qərarının
elan olunmasının şokunu yarımca saata atladıb, sarıldıq hesablayıcılara. Və
budur - artıq bilirik. "Bir aylıq enerji sərfiyyatı 17 manat 50 qəpikdən
artıqdırsa, artıq olan hissəyə 11 qəpikdən ödəyəcəyik. Xüsusi düstur hazırlayan
zəhmətkeşlərimiz belə var. Məsələn, 20 manat işlədənlər nə qədər verəcək təzə
qiymətlə, 25 işlədənlər nə qədər verəcək və s. Yaxınlarda xalqımızın az savadlı
hissələri üçün xüsusi proqramlar tərtib edib satışa çıxarsalar, kimsə təəccüblənməz.
Demək ki, riyaziyyat biliyimiz " yaxşı” qiymətləndirilə bilər, hakimiyyət sağ
olsun!

İqtisadiyyat - ekonomi: Bu sahədə vəziyyət
riyaziyyat qədər olmasa da, pis də deyil. Xalq artıq bilir- neon lampa nədir,
led lampa nədir. Evdəki naqillər köhnə olarsa, nə qədər enerji itkisi baş verə
bilər. Havanın temperaturu neçə dərəcə olanda , kombinin dərəcəsini neçəyə
qoymaq lazımdır. Telefonların batareyasını neçə faiz olanda doldurmağa başlasan,
qənaət etmiş olarsan...

İndi daha orasını deməyək ki, kirayə evdə
oturan orta statistik azərbaycanlı, o kirayə evin elektrik naqillərini necə dəyişsin,
hansı pulla dəyişsin? Biri 5-12 manat arası dəyişən qiymətlərlə led lampanı necə
alsın? Telefonu noutbukla "zaryadka” etmək üçün, notbuku hardan tapsın? Nəylə..?

Bu kiçik nüansları çıxsaq, xalqa verilən
ekonomi biliklərini "kafi " qiymətləndirmək olar. Bərəkallah!


Coğrafiya biliklərimiz: Sayələrində bütün
ölkələri tanıyırıq, harada nə problem var, harada hansı məhsul hələ də bizdən
bahadır, bilirik . Hansı ölkənin hansı ölkədən nə aldığını, hansı ölkənin nə
istehsal etdiyini dəqiqliyi ilə öyrənmişik.


Tarix
savadımız
da yerindədi. Məsələn, elə "taarif " sözünün haradan gəldiyini, o nanəcib
limanda hansı gəmidən nə qədər pul alındığını əzbər bilirik. Qadınlara səs vermə
hüququnun verilməsi tarixinə görə, o boyda Amerikadan qabaqdayıq. Şərqdə ilk
respublikanı biz qurmuşuq. Azıx mağarasında çənə sümüyü tapılan qadın, yemək
bişirərkən yanacaq az işlənsin deyə, hansı üsullardan istifadə edirdi, onu da
tapacağıq, az qalıb. Allah baisin köməyi olsun, camaat olaraq elmimzə söz
ola bilməz. Öyrədən yaxşı öyrədir...

Hamısı əla, pakizə! Bircə bu zəhrimar məntiq
elmi
olmayaydı... Bax, burda vəziyyətimiz heç ürəkaçan deyil. Məntiq gələndə
ortaya, qalırıq gözümüzü döyə-döyə. Soruşun niyə, cəmi ikicə faktla deyim!


Bax elə həmin bu hökumət, illərdir bizə
yoxsulluxun yox edildiyindən danışırdı, di gəl son qiymət artımından sonra, bu
artımın " xalqın yoxsul hissəsinə heç bir təsir etməyəcəyini” bəyan elədi. Bəs
bizə deyirdiz xalqın "o hissəsi” yoxdur, axı...

Sonra nə oldu? Qazla bağlı artım, Yanvar
ayının birindən qüvvəyə minməlidir. Demək ki, dekabrda qaz sayğacına pul yükləsən,
ucuz qiymətlə yükləyə bilərsən. Odur ki, savadlı və uzaqgörən xalqımız getdi
borc xərc edib qaz kartına pul vurmağa. Pulu tapıb gəldilər aparatlara,
kartları saldılar... Bahoo, cəmi 100 manat yükləmək olar. Yükləmələrə limit
qoyulub.100 manatı yüklədin, apardın
vurdun gəldinsə, bir də 100 manat yükləyə bilərsən. Ama daha bundan artıq yükləyə
bilməzsən. Xeyli pəjmürdə olan zəhmətkeşlərimiz, üz tutdu " Azəriqaza”. Azəriqaz
aldı görək nə dedi. Dedi ki, yeni ildən yeni proqram təminatı ilə işləyəcəyik,
ona görə limit qoyulub. Limitin 200 manat olmasına gəldikdə isə, hesablanıbdır
ki, orta aylıq sərfiyat 2000 kubdan artıq deyil, ona görə də bu limiti təyin
ediblər.


Dayan e, nəsə anlaşılmazlıq olduğunu siz də
hiss etdinizmi? Bir il üçün 1500 kub limit qoyursan və deyirsən ki, bundan
artıq işlədənlər baha qiymətlə ödəməlidirlər, çünki onlar normadan artıq işlədirlər.
Xalqın əsas hissəsi bu limiti aşmır, ona görə də təsir etməyəcək. O tərəfdən də,
bir aya orta hesala 2000 kub işlədildiyini özcə ağzınla bəyan edirsən. İlə 1500
kub, aya 2000 kub? Bu nə məntiqdi? Siz Allah, burda məntiq var? Olmadı axı bu,
məntiqdən 2 qiymət aldıq. Kəsildik...

Əşşi cəhənnəmə olsun. Məntiqimiz yoxdur,
hökumətimiz ki var! Dolanarıq!

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər