Ru
14:22 / 21 Fevral 2017

“Ramiz Mehdiyevlə Artur Rasi-zadə arxa plana keçdi” - ŞƏRH

18501

"Azərbaycan prezidenti İlham Əliyevin birinci xanım,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı vitse-prezident təyin etməsi
gözlənilən qərarlardan biri idi. Çünki Mehriban Əliyeva prezidentin həyat
yoldaşı olmaqla bərabər, həm də dövlət işlərində fəal fiqurlardan sayılır”.

BakiPost.az xəbər verir ki, bu sözləri politoloq
Elxan Şahinoğlu deyib.


Onun sözlərinə görə, Mehriban Əliyeva Heydər Əliyev
Fonduna rəhbərlik etdiyi müddətdə dövlət işində xeyli təcrübə qazanıb:
"Mehriban Əliyeva ölkə daxilindəki proseslərin bilavasitə iştirakçısıdır.
Birinci xanımın bu və ya digər məsələlərə konkret münasibəti haqqında məlumat
az olsa da, ancaq o da bəllidir ki, Mehriban Əliyevanın müəyyən istiqamətlər
üzrə siyasətin korrektəsində və bəzi təyinatlarda rolu olub. Doğrudur, Mehriban
Əliyeva bugünə qədər humanitar sahədəki fəaliyyətinə görə məşhurdur, bu sıraya
insanların səhiyyə problemlərinin həllini, mədəniyyət və idman tədbirlərinin
keçirilməsi, amnistiya aktlarının hazırlanması və digər məsələlər aiddir. İndi
isə Mehriban Əliyevanın fəaliyyət arenası genişlənəcək”.


Politoloq Mehriban Əliyevanın birinci
vitse-prezident təyinatında iki əsas səbəbin mühüm rol oynaya biləcəyini qeyd
edib:
"Birinci səbəb odur ki, prezident ətrafındakı fiqurların çoxuna etibar
etmir. Həmin fiqurlardan hər hansı birinin birinci vitse-prezident təyinatı
hakimiyyət içində onunla rəqabətdə olan qrup arasında münaqişənin artmasına şərait
yaradacaqdı. Mehriban Əliyevanın birinci vitse-prezidentliyi isə hakimiyyət
içindəki bütün fiqurlar tərəfindən müsbət qarşılanacaq. Bu təyinat İlham
Əliyev-Mehriban Əliyeva tandeminin rəsmiləşdirilməsi kimi qəbul olunacaq.

İkinci səbəb isə odur ki, böyük ehtimalla dövlət
başçısı artıq indidən gələcək varisi haqqında düşünür. Məsələ burasındadır ki,
Mehriban Əliyeva hakimiyyət içində bəlkə də yeganə şəxsdir ki, varis planına
uyğun gəlir. Prezident İlham Əliyevin Mehriban Əliyevanı birinci
vitse-prezident təyin etməsi böyük ehtimalla gələcək prezidentin kimliyini də
müəyyənləşdirdi".


Politoloq bildirib ki, Mehriban Əliyeva ictimaiyyət
arasında populyardır, hətta müxalifət belə onun fəaliyyəti haqqında kəskin tənqidi
fikirlər səsləndirmir:
"Ancaq bundan sonra birinci vitse-prezident müxtəlif
istiqamətlərdən tənqidlərə də hazır olmalıdır və həmin tənqidlərə əsaslandırımış
cavablar vermək məcburiyyətindədir.


Digər mühüm məsələ prezidentin birinci-vitse
prezidentə hansı səlahiyyətləri etibar edəcəyidir. Bunlardan biri səhiyyə sahəsindəki
islahatların sürətləndirilməsi ola bilər. Azərbaycan vətəndaşlarının ən çox əziyyət
çəkdiyi və şikayətləndiyi sahələrdən biri də səhiyyə sistemidir. Mehriban
Əliyeva həm bu sahədə korrupsiyanın ortadan qaldırılmasına, həm xidmətin
keyfiyyətinin artırılmasına, həm də yaxın müddətdə bütün vətəndaşların icbari
tibbi sığortasına nail olmalıdır. Dövlət başçısı başqa sahələrdə islahatların
sürətləndirilməsini də birinci-vitse-prezidentə həvalə edə bilər.

Mehriban Əliyevanın beynəlxalq aləmlə əməkdaşlıqda
da lazımi təcrübəsi var. Onu dünyada prezidentdən az tanımırlar. Heydər Əliyev
Fondunun rəhbəri kimi Mehriban Əliyevanın bir sıra xarici ölkələrdə həyata
keçirdiyi humanitar aksiyalar, zəlzələdən əziyyət çəkən Pakistanda məktəblərin
tikintisi və həmin məktəblərin texniki avadanlıqla təchizi, Fransa və Vatikanda
muzeylərin təmiri və s. addımları onu beynəlxalq arenada tanıtdırıb. Ona görə də
birinci vitse-prezident olaraq Mehriban Əliyevanın dünya liderləri ilə təmas
qurması, ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparması
ona çətin olmayacaq”.

Elxan Şahinoğlu vurğulayıb ki, Mehriban Əliyeva bu təyinatla
ölkədə ikinci fiqura çevrilib:


 

"Bu hakimiyyət daxilində yaşlaşan baş nazir
Artur Rasi-zadənin, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev kimi
fiqurların arxa plana keçməsini və gənclərin irəli çəkilməsi prosesini də sürətləndirə
bilər. Bəzi xəbərlərə görə, hakimiyyət içində bəzi gənclərin nazir postlarına cəlb
edilməsində Mehriban Əliyevanın da rolu olub. İndi birinci vitse-prezident
olaraq Mehriban Əliyeva bu prosesi sürətləndirməlidir”.

Bakı Post

“Ramiz Mehdiyevlə Artur Rasi-zadə arxa plana keçdi” -  ŞƏRH
“Ramiz Mehdiyevlə Artur Rasi-zadə arxa plana keçdi” -  ŞƏRH
“Ramiz Mehdiyevlə Artur Rasi-zadə arxa plana keçdi” -  ŞƏRH
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər