Ru
12:46 / 23 May 2018

“Qız qaçırmaq insan oğurlamaqla eyni şey deyil” - Deputatdan etiraz

2563

Ailələrin dağılması ciddi problemə çevrilib.

BakuPost xəbər verir ki, bunu hakim Yeni Azərbaycan
Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və
dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Azərbaycan ailə modeli:
Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə bildirib.

O qeyd edib ki, bunun səbəblərindən biri də
valideynlərin ailəyə müdaxiləsidir: "Valideyn istəyir ki, övladı ailə qursun,
amma bilmir ki, övlad buna hazırdır, ya yox. Baxırsan, nə işi, nə təhsili
var... Deyirlər, yaşı keçir, evlənməlidir. Bu yanaşma düzgün deyil”.

Komitə sədri vurğulayıb ki, mətbuat orqanlarının ailələrin
möhkəmləndirilməsində deyil, dağılmasında daha böyük xidmətləri var: "Ailədən
uzaq insanları mütəmadi olaraq televiziyada efirə çıxarırlar. Bir neçə gün
bundan öncə, abituriyentlərin biri bal toplaya bilmədiyi üçün intihar etdi. Mətbuat
bu məsələni şişirdən kimi onun ardınca bir neçə nəfər də intihar etdi. Keçmişdə
belə halları təbliğ etmirdilər”.

Bundan başqa, S.Novruzov evlənmək məqsədi ilə qız
qaçırılmasına görə Cinayət Məcəlləsinin insan oğurluğu maddəsinin tətbiq edilməsinə
etiraz edib: "Ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə
fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil. Biri
var tamah məqsədi ilə insan qaçırır, cinayət törədir, biri də var iki şəxs
bir-birini sevir, ailələr razı olmur, bu səbəbdən oğlan qızı qaçırır. Bunun
ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün deyil. Biz dəyişiklik edib bunu
qanunvericilikdə fərqləndirməliyik”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər