“Qız qaçırmaq insan oğurlamaqla eyni şey deyil” - Deputatdan etiraz

1495

Ailələrin dağılması ciddi problemə çevrilib.


BakuPost xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə bildirib.


O qeyd edib ki, bunun səbəblərindən biri də valideynlərin ailəyə müdaxiləsidir: "Valideyn istəyir ki, övladı ailə qursun, amma bilmir ki, övlad buna hazırdır, ya yox. Baxırsan, nə işi, nə təhsili var... Deyirlər, yaşı keçir, evlənməlidir. Bu yanaşma düzgün deyil”.


Komitə sədri vurğulayıb ki, mətbuat orqanlarının ailələrin möhkəmləndirilməsində deyil, dağılmasında daha böyük xidmətləri var: "Ailədən uzaq insanları mütəmadi olaraq televiziyada efirə çıxarırlar. Bir neçə gün bundan öncə, abituriyentlərin biri bal toplaya bilmədiyi üçün intihar etdi. Mətbuat bu məsələni şişirdən kimi onun ardınca bir neçə nəfər də intihar etdi. Keçmişdə belə halları təbliğ etmirdilər”.


Bundan başqa, S.Novruzov evlənmək məqsədi ilə qız qaçırılmasına görə Cinayət Məcəlləsinin insan oğurluğu maddəsinin tətbiq edilməsinə etiraz edib: "Ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil. Biri var tamah məqsədi ilə insan qaçırır, cinayət törədir, biri də var iki şəxs bir-birini sevir, ailələr razı olmur, bu səbəbdən oğlan qızı qaçırır. Bunun ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün deyil. Biz dəyişiklik edib bunu qanunvericilikdə fərqləndirməliyik”.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər