Qardaşının keçmiş arvadından Kəmalə Ağazadəyə şok ittiham - “Uşağımı abort etdirib”

1354
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə davam edib.
 
BakuPost-un Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktını elan edilİb.

İttihama münasibət bildirən Kəmalə Ağazadə özünü təqsirli bilməyib. Daha sonra zərərçəkmiş şəxs qismində tanınmış Həcər Kəngərli ifadə verib. Kəmalə Ağazadənin qardaşının keçmiş həyat yoldaşı olan H.Kəngərli istintaqa ifadəsini təsdiqləyib və deyib ki, onunla barışıq üçün heç bir cəhd edilməyib.

Kəmalə Ağazadənin vəkili Aqil Layıcov isə bildirib ki, istintaq dövründə Həcər Kəngərliyə barışıq təklif edilib və 3600 manat pulu Həcər Kəngərli qəbul etməyib.

Zərərçəkmiş H.Kəngərli belə bir təklif almadığını deyib: "Müstəntiq dedi ki, barışıq istəyirsinizmi? Dedim ki, heç mənim pulum da ödənilməyib".

Daha sonra Həcər Kəngərli Kəmalə Ağazadəyə qarşı iddialar irəli sürüb. Keçmiş baldızı K.Ağazadənin onun övladını abort etdirdiyini deyib: "Kəmalə insan alverinə qarşı mübarizə apardığını deyir. Amma mənim özüm, övladım insan alverinin qurbanı olub. Mənim övladım abort edilərək tələf olub. Bunun səbəbkarı və günahkarı da Kəmalə Ağazadədir".

Vəkil Aqil Layıcov məhkəməyə müraciət edərək bu iddianın araşdırılması üçün xüsusi qərar çıxarılmasını istəyib. Hakim isə bildirib ki, bu işin hazırda araşdırılan cinayət işi ilə heç bir əlaqəsi olmadığı üçün baxıla bilməz.

Məhkəmədə digər zərərçəkmiş Mahirə Sadıqova da ifadə verib. O söyləyib ki, K.Ağazadənin rəhbərlik etdiyi təşkilatda sosial işçi, daha sonra isə psixoloq kimi işləyib.

M.Sadıqova bildirib ki,  Kəmalə Ağazadə ondan 2100 manat alıb: "Həmin pul Səhiyyə Nazirliyinə rüşvət kimi veriləcəkdi. Yəni Kəmalə Ağazadə bu məqsədlə bizdən alıb. Çalışdığımız layihə daha bir neçə uzadılmalı idi".

Zərərçəkmiş M.Sadıqova ona dəymiş zərərin ödənildiyini söyləyib.

Prosesdə fasilə elan edilib.

Qeyd edək ki,   QHT sədri öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə edib, özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib, vətəndaşlara rüşvət verməyə təhrik edib.

Bundan başqa, Kəmalə Ağazadə vətəndaşı xidməti vəzifəsinin icrası ilə əlaqədar ediləcək hərəkətin müqabilində səlahiyyətli vəzifəli şəxsə rüşvət verməyə təhrik edib və həmin əməli təkararən törədib.

İttihamda qeyd edilir ki, K.Ağazadə 1998-ci ilin oktyabr ayından hazırkı vaxtadək Azərbaycan Uşaqları Birliyinin sədri vəzifəsində işləyərkən Səhiyyə Nazirliyi ilə "Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanlarının genişləndirilməsi, profilaktika və mülicənin gücləndirilməsi vasitəsi ilə Azərbaycanda HİV/AİDS epitemiyasına qarşı cavab tədbirlərinin mükəmmələşdirilməsi” lahiyəsinin tətbiqi üçün əməkdaşlıq edib.

2015-ci ilin avqust ayının 17-də Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqova ilə 5 ay müddətinə layihə çərçivəsində göstərilən işlərin yerinə yetirilməsi üçün fərdi qaydada müqavilə bağlayıb.

Həmin müqavilənin müddəti bitdikdən sonra o, Səhiyyə Nazirliyində işləyən aidiyyətı vəzifəli şəxsə rüşvət verməklə əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasına və bunun əsasında onlarla yenidən xidmət müqaviləsi bağlayacağının mümkün olduğunu bildirib.

K.Ağazadə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, vəzifəli şəxsə verilməsi üçün alınacaq rüşvətin müqabilində həmin işi həll edəcəyini yalandan vəd verib.

O, 2015-ci ilin sentyabr və oktyabr ayında Azərbaycan Uşaqları Birliyinin faktiki fəaliyyət göstərdiyi binasında hissə-hissə olmaqla Həcər Kəngərlidən 3600 manat, Mahir Bayramovdan 2100 manat və Mahirə Sadıqovadan 2100 manat olmaqla ümumilikdə 7800 manat məbləğində pul alıb, özünün şəxsi ehtiyaclarına xərcləyib.

Qeyd edilən cinayər əməlini törətdiyinə görə K.Ağazadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Təşkilat rəhbəri həbs edilməyib. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər