Ru
12:23 / 16 Avqust 2017

“Qarabağ”lıların qələbəsi - Özünəinam mesajı/ VİDEO

2499


Avqustun 15-də Ağdamın "Qarabağ” futbol klubu Çempionlar Liqasının "pley-off” mərəhərləsindəki qələbəsi ilə yalnız azarkeşləri sevindirmədi, həm də başqa ideyaların həyata keçməsinin mümkünlüyünü təsdiqlədi.

Bəşir Səfəroğlunun Sumqayıtın "Polad” klubu ilə Brazliya yığması arasındakı oyundan bəhs edən zarafatı çoxlarının yadındadır. "Neftçi”nin hücumçusu, mərhum Anatoli Banişevskinin SSRİ yığmasının heyətində Braziliya yığmasının qapısına başla vurduğu qolu da xatırlayanlar var.

"Qarabağ” öz oyunu ilə bunların mümkünlüyünü təsdiqləməkdədir.

Azərbaycan müstəqildir. Deməli, bütün sahələrdə güclü və zəif rəqiblər, düşmənlər və dostlarla rastlaşmağımız, qarışlaşmağımız mümkündür.

Bu zaman ən vacib məsələ özünə inamdır. "Biz bacarmarıq”, "bizim işimiz deyil”, "bizimkilər belədir də” və bu sayaq psixoloji kompleks yaradacaq, yaradan ifadələr isə böyük, yaxşı işlər görmək üçün maneədən savayı bir nəsnə deyil.

"Qarabağ”lılar bu stereotipi dağıtmaq yolunda bir addım atdı. Sübut etdilər ki, Azərbaycan klubu da Çempionlar Liqasında layiqli mübarizə apara bilər.

Komandanın 23 futbolçusundan 16-sı yerli oyunçudur. Həmçinin, başda Qurban Qurbanov olmaqla məşqçilər heyəti əsasən azərbaycanlılardan ibarətdir. Diqqət çəkən məqamlardan biri odur ki, yeganə qolu vuran Mahir Mədətov 20 yaşındadır. Bu, həm də perspektiv deməkdir.   

Bu insanlar sübut etdilər ki, əzmlə istəyə çatmaq olar. Onlar həm də Azərbycan cəmiyyətinə bir təqdirəlayiq mesaj verdilər. Bu, özünə inam və hədəfin olmasının göstəricisidir. 

Yeri gəlmişkən, Danimarka dünyanın, o cümlədən Avropanın bütün sahələr üzrə inkişaf etmiş ölkələrindəndir. Bu ölkə adambaşına düşən ümumdaxili məhsul 46 min 600 dollar olmaqla, dünyada 19-cu, insan inkişafı indeskinə görə Norveç, Avstraliya, İsveçrə, Almaniyadan sonra dünyada 5–ci yerdədir. Fikrimizcə, bu iki göstəricisi ilə Danimarka özü haqqında çox mətləblərdən xəbər verir.

"Qarabağ” bu ölkənin komandasına qalib gələ bilirsə, onda Azərbaycan cəmiyyəti də Danimarka kimi dövlət qurmağa qadirdir.

Danimarka millsi 1992-ci ildə futbol üzrə Avropa çemionatının finalında Almaniya üzərində 2:0 hesablı qələbə qazanaraq, ilk dəfə Avropa çempionu olub. Yeri gəlmişkən, o vaxt çempionata Yuqoslaviya yığmasının əvəzinə getmişdilər. Danimarka finalda ən titullu rəqibindən çəkinməyərək, qalib gələ bilib.

"Qarabağ” "Kopenhagen”lə cavab görüşünü avqustun 23-də Danimarkanın paytaxtındakı "Parken” stadionunda keçirəcək. Bu stadionda Türkiyənin "Qalatasaray” komandası 2000-ci ildə ölkə tarixində ilk dəfə UEFA Kubokunu qazanıb.

Heç şübhəsiz, cavab görüşünün nəticəsindən asılı olaraq, "Qarabağ” Azərbaycan futbolu tarixində bir ilkə imza ata bilər. Ümid və arzu edək ki, bu, belə də olacaq. Ancaq bunsuz belə, Ağdam klubu Azərbaycan cəmiyyətində özünəinam ruhunu artırdı.

Bir də ki, dünya bir meydandır. Orada da mübarizə əsasdır. Bunu bacaran isə qalib, çempion olur. Odur ki, futbol da daxil olmaqla, niyə öncüllərdən olmaq istəməyək?! Axı, "Qarabağ” bunu sübut etdi. "Qarabağ”lılara və bu yolun yolçularına uğrular olsun. "Köhlən atlılar"a elə çempion olmaq yaraşır!

Sədrəddin Soltan Report.az 

 


Video Player






 


 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər