Ru
14:51 / 09 Dekabr 2016

“Qara bazar” oyunu partladı: Samir Şərifov necə xilas oldu? - Nazirə son şans

17381

Ötən gün Beynəlxalq Bankın rəhbəri Elmar Məmmədov
gözlənilmədən işdən çıxarıldı. Onun yerinə isə yenicə "Azər-Türk Bank”a sədr təyin
edilmiş Xalid Əhədov gətirildi. Beynəlxalq Bank rəhbərinin vəzifədən kənarlaşdırılmasının
ardından bir neçə saytda yayılan məlumatlardan isə aydın oldu ki, E. Məmmədovun
"vurulması”nın arxasında onun "qara bazar”a dollar çıxarıb satmaqda
günahlandırılması dayanıb.


Məlum olub ki, E.Məmmədov bir neçə başqa bankir
dostuyla birlikdə "qara bazar”a külli miqdarda xarici valyuta çıxarılmasını təşkil
edib. Hətta bu barədə Milli Məclisin iclasında deputat Yevda Bayramov da çıxış
etmiş, bildirmişdi ki, müəyyən maşınlarda şəhərin müxtəlif yerlərində
külli-miqdarda xarici valyuta satırlar.

BakuPost.az bank sektorundakı dünənki şok təyinatlarla
bağlı yeni məlumatlar əldə edib. Həmin məlumatlara toxunmadan öncə Elmar Məmmədovun
vəzifədən çıxarılmasının niyə gözlənilməz olduğunun səbəbini açıqlayaq. E. Məmmədov
Beynəlxalq Bankın hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin
"vurulması”ndan sonra bu vəzifəyə gətirilmişdi. Və heç kimə sirr deyil ki, o,
bu vəzifəyə maliyyə naziri Samir Şərifovun referansı və dəstəyi ilə gətirilmişdi.
C. Hacıyev həbsindən sonra da Beynəlxalq Bankın yeni rəhbərliyini hədəfə alan
açıqlamalarında əsasən Samir Şərifovu "vurmuşdu”. Əslində, Cahangir Hacıyev mətbuata
göndərdiyi son müraciətində Beynəlxalq Bankın rəhbərliyini tamamilə hədəfə
çıxarmış və yeni rəhbərliyin fəaliyyətini incələməyin, təhlil etməyin
lazımlılığını bəyan etmişdi.

Məlum açıqlamadan: "2015-ci ilin yarım ilində Beynəlxalq
Bankın xalis zərəri 197 milyon manat, 2016-ci ilin yarım ilində isə 323 milyon
manat, eyni zamanda bankın 125 milyon
manat kapital itkisi olub.


Məni ittiham edirlər ki, 2 milyard manatı riskli
layihələrə qoymuşam və həmin məbləğdə zərər vurmuşam. Halbuki, həmin layihələrin
hesabına Beynəlxalq Bank hər ili xalis gəlirlə başa vurub. Həmin layihələri
sağlamlaşdırmaq adı ilə Beynəlxalq Banka Mərkəzi Bankdan 7 milyard manat, Neft
Fondundan 1 milyard dollar verildi. İndi sual olunur: Hardadır həmin pullar?
Biz dövlət büdcəsindən heç bir vəsait
götürmədən hər ili xalis gəlirlə başa vururduq.
Beynəlxalq Bank hazırda isə göstərdiyim külli miqdarda vəsaiti nağd
formada almasına baxmayaraq, ili xalis zərərlə başa vurur”.

İndi isə məlum olur ki, Cahangir Hacıyevin dediyi həmin
valyuta bankın yeni rəhbərliyi tərəfindən "qara bazar”da satılıb. Məsələnin təfərrüatı
ilə bağlı əldə etdiyimiz məlumatlara görə, Beynəlxalq Bank rəhbəri işdən
çıxarılmazdan az öncə valyuta bazarının niyə belə çətin vəziyyətə düşdüyü barədə
maliyyə naziri Samir Şərifovdan hesabat tələb edilib. Nazir isə valyuta
bazarında bu qeyri-müəyyənliyi və hərc-mərcliyi tutarlı arqumentlərlə izah edə
bilməyib və məsuliyyəti üzərindən atmaq üçün Beynəlxalq Bankın rəhbəri Elmar Məmmədovu
hədəfə çıxararaq onu qurban verib. Mənbə iddia edir ki, Samir Şərifovun dəstəyi
ilə vəzifəyə gəlmiş Elmar Məmmədov onun diqtəsi və təlimatı olmadan nəinki
"qara bazar”a pul çıxarmaq kimi böyük risk daşıyan bir əmələ qol qoymaz, hətta
Beynəlxalq Bankın fəaliyyətinə aid olan məsələlərə belə təkbaşına qərar verməz.
Şərifov isə görünür, özünü hədəfdən yayındırmaq üçün yenə daha xırda fiquru
qurban verməyi seçib.


Millət vəkili Vahid Əhmədovun bugünkü açıqlaması da
vəziyyətin nə qədər kritik olduğunu və məsələyə dövlət başçısının müdaxilə
etdiyini göstərir. Onun sözlərindən məlum olur ki, Prezident İlham Əliyev
Maliyyə Sabitliyi Şurasının üzvlərini toplayaraq, onlara tapşırıqlar verib.

Azərbaycanda maliyyə sabitliyinin bərpasını təmin edəcək
tədbirlər planı hazırlamaq üçün Maliyyə Sabitliyi Şurasına 15 gün vaxt verib.

 

Onu da əlavə edək ki, ölkənin valyuta bazarında vəziyyət
o həddə çatmışdı ki, ölkədə fəaliyyət göstərən bankların demək olar, 90 faizi
xarici valyuta ilə əməliyyatları tamamilə dayandırmaq məcburiyyətində qalmışdı.


Bu iddianın inandırıcılığı ona görə mövcuddur ki,
eyni sözləri Cahangir Hacıyev də deyib. Sabiq bank rəhbəri də iddia edirdi ki,
ölkədə devalvasiyanın baş verməsində və Beynəlxalq Bankın çətin vəziyyətə
salınmasında birbaşa günahkar maliyyə naziri Samir Şərifovdur.

 

Mənbə bildirir ki, bütün bunların ardından nazir
Samir Şərifova maliyyə bazarında vəziyyəti nisbətən düzəltməsi və bazarda
sabitliyi təmin etməsi üçün ilin sonunadək vaxt verilib. İddia edilir ki, əgər
ilin sonuna qədər "qara bazar”da vəziyyət bu formada olsa və banklar xarici
valyuta tapmaqda çətinlik çəkməyə davam etsə, bütün maliyyə qeyri-stabilliyinin
səbəbkarı kimi məhz Samir Şərifov "çarmıxa çəkiləcək”.

 

Samir Şərifovun bu kritik dönəmi zərərsiz başa
vurmaması və vəziyyəti normallaşdırmağı bacarmaması halında, hətta vəzifəsini
belə itirəcəyi təhlükəsi gözlədiyi də iddia edilir. Hətta o da bildirilir ki,
yuxarı dairələrdə artıq Samir Şərifovun yerinə gətirilə biləcək alternativlər
müzakirə edilir.


Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər