Ru
17:31 / 24 May 2017

Qanlı qırğın, sahibsiz məzarlar, məhv edilən azərbaycanlılar - SİYAHI İLK DƏFƏ

3263
- Macarıstanda və Çexiyadakı qəbiristanlıqlarda bilirsən nə qədər azərbaycanlı qəbirləri var? Bəlkə heç Azərbaycandakı yaxınlarının xəbəri yoxdur onlardan.

 

Düzü, dostumuzun 2-ci dünya müharibəsində həlak olmuş azərbaycanlılardan bəhs etdiyini fikirləşirdim. Amma özü anındaca ardını gətirdi:

 

- Sovet qoşunlarının Budapeştə və Praqaya müdaxiləsini deyirəm. Həmin vaxt bu şəhərlərdə baş vermiş üsyanı yatıran sovet əsgərləri arasında azərbaycanlılar da olub. Neçəsi ölüb, neçəsi yaralanıb, hələ itkin düşənləri də var. Sən bir araşdır, hər halda.

 

Hə, dostumuz bəzi ip ucları da verdi. Qaldı araşdırmaq. Və…

 

Və sonradan məlum oldu ki, 1956 və 1968-ci il Budapeşt və Praqa hadisələri zamanı ölən azərbaycanlıların sayı yetərincədir. Yaralananlar barədə isə ümumiyyətlə, məlumat yoxdur. İtkin düşənlərin siyahısına isə heç harada rast gəlmədik. Amma bu məqamlara qayıdacağıq.

 

İndilikdə bir qədər tarixə qayıdaq: Nə baş vermişdi axı Macarıstanda və Çexoslovakiyada?

 

 


Sovet qoşunları bu ölkələrə ikinci dəfəydi ki, necə deyərlər, tankla-topla gəlirdi. Sovetlər ilk dəfə Macarıstana 1944-cü ilin avqustunda daxil olmuşdular. İkinci dünya müharibəsinin sonunda bu ölkə SSRİ-nin təsir dairəsinə düşmüşdü və nəticədə Macarıstanda kommunist hakimiyyəti qurulmuşdu. Amma düz 12 ildən sonra macarlar sosializm və kommunizm quruculuğunun puç və əfsanə olduğunu dərk etmişdilər. 1956-cı il oktyabrın 23-də Macarıstanda sovet rejiminə qarşı kütləvi nümayişlər başladı. Xalq partiyanın siyasi xəttinin dəyişdirilməsi, İmre Nad başda olmaqla yeni hökumət yaradılması, Macarıstanla SSRİ arasında bərabərhüquqlu münasibətlərin bərqərar olması tələblərini irəli sürürdülər. Hadisələr o qədər sürətlə inkişaf etdi ki, 6 gündən sonra, oktyabrın 29-da İmre Nad hökumət başçısı seçildi. İmre Nad elə səhəri gün kommunist yönümlü Macarıstan Zəhmətkeşlər partiyasının (MZP) buraxılması, birpartiyalı sistemin ləğv edilməsi, əvvəllər mövcud olan siyasi partiyaların fəaliyyətinin bərpa olunması barədə qərar qəbul etdi. Və bir gün sonra, oktyabrın 30-da Moskva Macarıstanda baş verənlərə qarşı bəyanat yaydı. Kreml Macarıstanda başlanmış etiraz hərəkatını "əksinqilabi qiyam” kimi dəyərləndirildi. Buna cavab da gecikmədi. İmre Nad noyabrın 1-də Macarıstanın Moskvanın vassallığında olan – onlardan biri də Çexoslovakiya idi, bir qədər sonra söhbət açacağıq – dövlətlərin birləşdiyi Varşava Müqaviləsi Təşkilatından çıxdığını elan etdi. SSRİ bunu macarlara bağışlaya bilməzdi. Vur-tut 3 gündən sonra sovet tankları artıq Macarıstanın paytaxtı Budapeştə daxil oldu. Dörd gün davam edən döyüşlərdən sonra İmre Nad hökuməti devrildi. Yanoş Kadarın başçılıq etdiyi MZP Macarıstan Sosialist Fəhlə Partiyası adı altında yenidən təşkil olundu. İmre Nad dövlətə xəyanətdə ittiham olunaraq, edam edildi.

 

Maraqlıdır, sovet qoşunları artıq Budapeşt küçələrində ikən, Macarıstan radiostansiyası "Rakoczi” dünya ictimaiyyətinə son kömək çağırışı ilə müraciət edirdi.

 

"Macarıstan sizə üz tutur, Macarıstan sizə üz tutur... Biz BMT-yə müraciət edirik. Bu səhər Sovet qoşunları Macarıstana geniş hücum həyata keçirmişlər. Bizə təcili yardım göstərməyinizi, Dunay ətrafındakı rayonlara desant salmağınızı xahiş edirik. Ola bilsin, ölkənin digər radiostansiyaları kimi, bizim radiostansiyamız da bağlansın, belə halda, xahiş edirik, bizim kömək haqda müraciətimiz dünyaya çatdırın. Tanrı və Azadlıq naminə - Macarıstana kömək edin!”

 

Amma gec idi. Artıq sovet qoşunları nəinki paytaxt Budapeşti, hətta Macarıstanın ən ucqar əyalətlərində ən ucqar kəndləri belə total nəzarətə götürmüşdülər.

 

Bu müdaxilə sovet ordusuna 669 ölü, 51 bir itkin düşən hesabına başa gəlmişdi. Yaralıların sayı isə bilinmir. Həlak olanlar arasında azərbaycanlılar da vardı. Lent.az onların siyahısını əldə edə bilib. Amma itkin düşən 51 nəfərin arasında nə qədər azərbaycanlı olduğu bilinmir. Yeri gəlmişkən, 1989-cu ildə İmre Nada və onun tərəfdaşlarına bəraət verildi. Həmin ildən Macarıstanda demokratiyanın bərpa olunduğu hesab edilir.

 

***

 


Eyni ssenari 1968-ci ildə Çexoslovakiyaya da təkrarlandı. Həmin il Aleksandr Dubçekin Çexoslovakiya Kommunist Partiyası rəhbərliyinə gəlməsi ilə bu ölkə açıq şəkildə SSRİ-dən asılı olmadığını nümayiş etdirməyə başladı.

 

Dubçek və onun həmfikirləri tərəfindən həyata keçirilən siyasi islahatlar Macarıstanda olduğu kimi əvvəlki siyasi xətdən tam imtina xarakteri daşımırdı. Lakin Sovet İttifaqının və Avropadakı bəzi sosialist dövlətlərin rəhbərləri Çexoslovakiyadakı islahatları sosialist dövlət quruluşunun əsaslarına və "sosialist bloku”nun bütövlüyünə qarşı yönəlmiş təhlükə kimi qəbul edirdilər.

 

1968-ci il mayın 4-də sovet lideri Brejnev Dubçekin rəhbərlik etdiyi çexoslovak nümayəndə heyətini qəbul etdi və bu görüşdə ÇSSR-dəki vəziyyət kəskin tənqid olundu. İyulun 15-də kommunist partiyalarının rəhbərləri ÇKP MK-ya açıq məktubla müraciət etdilər, Dubçek yenidən Brejnevlə görüşəsi oldu. Amma çex lider geri çəkilmədi. Nəticədə təkcə SSRİ yox, bütün sosialist düşərgəsi Praqaya qoşun göndərməli oldu.

1968-ci il avqustun 20-dən 21-ə keçən gecə bu düşərgənin tərkibində olan dövlətlərin 500 min nəfərlik canlı qüvvə və 5000 tankdan ibarət hərbi kontingenti Çexoslovakiya Sosialist Respublikasını işğal etdi. İşğaldan bir gün əvvəl Sovet İttifaqı Marşalı Andrey Qreçko ÇSSR müdafiə naziri Martin Dzuru hazırlanan aksiya haqqında məlumatlandıraraq, çexoslovak hərbi qüvvələri tərəfindən hər hansı müqavimət göstərilməməsi barədə xəbərdar etdi.

 

İşğal zamanı 72 nəfər Çexoslovakiya vətəndaşı həlak oldu. 300 minə yaxın insan ölkəni tərk etdi. 1969-cu ilin aprelində Aleksandr Dubçeki ÇKP MK rəhbərliyində Qustav Qusak əvəzlədi. Ölən sovet əsgərlərin sayı isə 96 nəfər idi.

 

***

 

BakiPost.az xəbər verir ki, Lent.az-ın əməkdaşı həmin əməliyyatda iştirak edən azərbaycanlı əsgərlərdən birini tapıb. Bu, Bahadur Nurməmmədovdur.

 

Bahadur dayı deyir ki, o, həmin vaxt Ukraynanın Ternopol şəhərində əsgəri xidmətdəymiş.

 

- O vaxt mən Ternopolda xidmət edirdim. Artilleriya qoşunlarında. Ukraynadan Praqaya iki diviziya yeridildi: 15 və 18-ci diviziyalar. 15-ci diviziyanın komandir müavini isə azərbaycanlı polkovnik, əslən Balaxanıdan olan Əli Dadaşov idi. Biz Praqaya avqustun 20-də girdik.

 

- Sovet qoşunlarına qarşı müqavimət oldu, ya şəhəri rahat tuta bildiniz?

 

- Oldu, özü də bərk müqavimət oldu. Çexlər şir kimi döyüşürdülər. Postlarda belə sakit dayanmaq olmurdu. İmkan düşən kimi sovet əsgərlərini vururdular.

 

- Bəs azərbaycanlıların sayı nə qədər idi diviziyada?

 

- 500 nəfərdən çox olardı. Nə qədər yaralanan oldu. Elə mənim gözümün qabağında. Sizə bir söz də deyim. Sovet ora girən kimi vəziyyət sakitləşmədi. Düz 1 il 6 ay onlar ara-sıra da olsa, müqavimətlərini davam etdirirdilər. Çünki nifrət güclü idi.

 

***

 

İndi isə Lent.az sizə Macarıstan və Çexoslovakiyada həmin hadisələr zamanı həlak olan azərbaycanlı əsgərlərin siyahısını təqdim edir. Bu siyahı ilk dəfədir Azərbaycan mətbuatında yayımlanır. Odur ki, diqqətlə baxın, qərib ellərdə dəfn edilən bu şəxslərin hansısa sizin əziziniz, qohumunuz ola bilər.

 

Cəlalov Cəlil İbrahim oğlu. 1935-ci ildə İsmayıllı rayonunun Kürtmaşı kəndində anadan olub. Sıravi imiş. 26 oktyabr 1956-cı ildə həlak olub. Budapeştdə Kerepeşi qəbiristanlığında dəfn edilib.

 

Məmmədov Cavad Mirzə oğlu. Kiçik serjant. 1933-cü il Yalamada anadan olub. 26 oktyabr 1956-cı ildə Budapeştdə Kerepeşi qəbiristanlığında dəfn olunub.

 

Aşurov Rəhman. 1947-ci il təvəllüdlü. 4 sentyabr 1968-ci ildə Praqada hospitalda aldığı yaralardan ölüb.


Əkbərov Məmmədəli İsi oğlu. 1934-cü ildə Lənkəranın Vilvan kəndində anadan olub. Kiçik serjant imiş. 1956-cı il noyabrın 5-də həlak olub. Budapeştdə dəfn edilib


Əmirov Hacı Verdi oğlu. 1934-cü il Bakıda anadan olub. 4 noyabr 1956-cı ildə həlak olub. Budapeştdə, "Çepel” zavodunun həyətində dəfn olunub.

 

Axundov İbadulla Əbdülkərim oğlu. 1935-ci ildə Xıllı qəsəbəsində anadan olub. 1956-cı il oktyabrın 29-da həlak olub və Budapeşt şəhər qəbiristanlığında dəfn edilib.

 

Balabəyov Mirzəbəy Qarabəy oğlu. 1934-cü il Qusar rayonunun Kuzun-Qışlaq kəndində dünyaya gəlib. 24 oktyabr 1956-cı ildə həlak olub. Budapeştdə dəfn edilib.


 

Bədirxanov Kərimağa Bədirxan oğlu. Qusar rayonu Sudur kəndində anadan olub. Budapeştdə dəfn edilib.

 

İbayev Zabit Şirin oğlu. 1935-ci il Sabirabadda anadan olub. 11 noyabr 1968-ci ildə həlak olub. Qəbri Ukraynanın Zakarpatye vilayətin Mukçovao kənd qəbiristanlığındadır.

 

İsmayılov Şəmsi Seyfəddin oğlu. İsmayıllı rayonunda anadan olub. Radiotelefonçu imiş. 5 noyabr 1956-cı ildə həlak olub. Budapeştdə dəfn edilib.

 

Quliyev İsmixan Muradxan oğlu. 1934-cü ildə. 26 oktyabr 1956-cı ildə Budapeştdə həlak olub və Kerepeşi qəbiristanlığında dəfn edilib.

 

Orucov Yuri Tahir oğlu. 1935-ci ildə Bakıda anadan olub. 1956-cı il oktyabrın 26-da həlak olub və Budapeşt yaxınlığındakı Xaymaşker kənd qəbiristanlığında dəfn edilib.

 

Rzaqov Süleyman Hüseyn oğlu. 1935-ci ildə Bakıda anadan olub. Artilleriya polkunda xidmət edirmiş. 5 noyabr 1956-cı ildə Budapeştdə dəfn edilib.

 

Ramazanov Məhəmməd Ramazan oğlu. 1934-cü ildə Zaqatalada anadan olub. Budapeştdə dəfn edilib.

 

Sultanov Sabir. 1934-cü ildə anadan olub. Atıcı diviziyasında xidmət edib. 4 noyabr 1956-cı ildə Budapeştdə həlak olub və orada şəhər qəbiristanlığında dəfin edilib.

 

...Və bu, hələ tam siyahı deyil...

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər