Ru
11:22 / 10 May 2017

“Porsche” ilə “Makedon”un məhləsinə girmək... - Şumlanan “Sovetski”də kimlər yaşamayıb?!/ FOTOLAR

5233
Abdulla Şaiq, Xan Şuşinki, Şövkət Ələkbərova, Abbas Mirzə Şərifzadə...Bakıda sovetin adını daşıyan sonuncu məhəllədə daha kimlər yaşamayıb?! 


Elə bil, bu məhəllə bir səhnə poliqonu olub və adi adamlar Azərbaycanın qaymaqları ilə hər gün küçənin tinində, məhəllənin başında rastlaşa bilirmişlər...


İndi yuxarıda adını çəkdiyimiz adamlar da həyatda yoxdur, onların yaşadığı "Sovetski” məhəlləsi də. Olan-qalan bu məhəllənin xatirələridir. 

Elə buna görə də tələm-tələsik Eyyub Yaqubov "Sovetski” haqda mahnı oxudu, son çəkilən filmlərdə məhəllənin sökülməsi sətiraltı məna ilə lentə alındı. 


Məsələn, indi kinoteatrlarda cavanların tez-tez baxmağa getdiyi "Oğlan evi”, "Hoqqa” kimi kommersiya filmlərində "Sovetski” tarixə salınıb. Nə vaxtsa - gün gələcək, gələcək nəsillər həmin filmlərə baxanda sökülən "Sovetski”nin necə olduğunu görəcəklər. 


İndisə bu məhəlləni sökürlər, siçovullar basan evləri uçururlar, abadlıq işləri aparırlar, yolları genişləndirirlər. Bu sökhasökə uzaqdan baxanda buldozerlə şumlanıb səhraya çevrilən "Sovetski”də məscidin minarəsi bərq vurur... 

 

*** 

 

Dünyanın heç bir ölkəsində məhəlləni sökmürlər. Adından məlum - məhəlləni sökməzlər. Çün, bir məhəllənin xəritədən silinməsi onun təkcə tarixinin yox, orada yaşayanların mental qaydalarını, tabularını dağıtmaqdır, məhəllə anlayışını heç eləməkdir. 


Bu mənada "Sovetski” Azərbaycanda təkcə görkəmli aktyorların, yazıçıların yaşadığı doğma məkan deyildi, həm də məhəllə anlayışının ən spesifik nümunəsi idi. Hər yerdə mental qaydaları ilə yaşayan məhəllələr var: Bakıda da, Şəkidə də, Gəncədə də, Lənkəranda da...


Ancaq onların hər birinin içində bir "Sovetski” ab-havası gizlənirdi, bu məhəllənin qanını daşıyırdılar qanlarında... İndi o qanın təmizlənməsi prosesi getməkdədir. Çünki məhəllələrin "paytaxtı” olan "Sovetski” bir il sonra yox olacaq. 


Halbuki, İtaliyada, Portuqaliyada, Barselonada, Braziliyada, Kubada, Meksikada, qonşu Gürcüstanda və Türkiyədə, lap uzaq Çində və Tailandda məhəllələr saxlanır. Məhəllələşmə şəhərlərin gözəlliyidir, qəbilələşməsi deyil ki?! 

 

 

*** 

Məhəllə anlayışını cılızlaşdıranlar yanılırlar: İstanbulda məhəllələrində də nərd oynayan görmək olar, Siciliya, Roma tinlərində də domino çırpanla qarşılaşa bilərsiz, Havanadan tutmuş Çiapasa kimi "Sovetski”lərlə rastlaşmaq mümkündür... 


Məhəllə təkcə "şaşki” oynayanlardan ibarət olmur, onun velosiped sürən uşağı da var, ənzəli oynayanı da... Hər yerdə belədir. Daha "Cəbiş müəllim”in məhləsini, "Makedon”un səsini, "Bir cənub şəhəri”ndə qarnını açıb "bıçaqla məni” deyən Eldənizi, Fazilə "hamı bilir də sən cavanlıqda nə oyunlardan çıxmısan” söyləyən gəncin "Uşaqlıqın son gecəsi”ni görə bilməyəcəyik. Çünki "Azdrama”nın arxası tarixdən silinir. 


İndi "Sovetski”ni söküb yolu genişləndirirlər, bir məhəlləni silməklə tıxacları azaldırlar, şüşə kimi asfalt yolar çəkirlər... 


Kim bilir, o asfalt küçədən "Porşe” ilə şütüyən 14 yaşlı uşaq bu dəfə kimi bədbəxt edəcək?! Axı "Sovetski” daha yoxdur, bu cavan oğlan istədiyi vaxt istədiyi sürətlə məhəlləyə girə bilər... 


Emil Salamoğlu

Bakı Post


“Porsche” ilə “Makedon”un məhləsinə girmək... -  Şumlanan “Sovetski”də  kimlər yaşamayıb?!/ FOTOLAR
“Porsche” ilə “Makedon”un məhləsinə girmək... -  Şumlanan “Sovetski”də  kimlər yaşamayıb?!/ FOTOLAR
“Porsche” ilə “Makedon”un məhləsinə girmək... -  Şumlanan “Sovetski”də  kimlər yaşamayıb?!/ FOTOLAR
“Porsche” ilə “Makedon”un məhləsinə girmək... -  Şumlanan “Sovetski”də  kimlər yaşamayıb?!/ FOTOLAR
“Porsche” ilə “Makedon”un məhləsinə girmək... -  Şumlanan “Sovetski”də  kimlər yaşamayıb?!/ FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər