Ermənistanın baş naziri Nikol Paşinyan baş nazir seçilməsindən sonrakı ayyarımda ikinci dəfə işğal altındakı Dağlıq Qarabağa gəldi. Ötən həftə o, yenə Şuşada olub və Azərbaycana qarşı təxribatçı açıqlamalar verib. Geri qayıtdıqdan sonra isə Xocalıda yerləşən hava limanında turistlərin iştirakı ilə şou göstəriblər, kiçik motorlu ucaqları havaya qaldırıblar. Bu da azmış kimi, Paşinyan Rusiyanın onlara hədiyyə etdiyi "Su-30" CM qırıcı təyyarəsində çəkdirdiyi şəkli sosial şəbəkəsindəki səhifəsində yerləşdirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev vasitəsilə Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsinə münasibət bildirib. H.Hacıyev bildirib ki, yeni Ermənistan rəhbərliyi bu ölkənin üzləşdiyi ciddi sosial-iqtisadi problemlərin həllində acizliyini dərk edərək müharibə və Qarabağ mövzusu ilə ictimai fikri manipulyasiya etməyə çalışır: "Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən qoşunların təmas xəttinə səfərini müharibəyə çağırış kimi qiymətləndiririk. Ermənistan prezidentinin ardınca bu ölkənin baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təxribatdır, hərbi avantüradır və qəsdən vəziyyətin gərginləşdirilməsinə hesablanmış addımdır.
Bunlar açıq şəkildə göstərir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində və nəticə etibarilə, Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalına son qoymaq və işğal edilmiş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaqda maraqlı deyildir. Ermənistanın məqsədi müxtəlif bəhanələrlə danışıqlar prosesini iflic etmək, təxribatlar yolu ilə vəziyyəti gərginləşdirmək, Azərbaycan ərazilərinin işğalını davam etdirmək və işğala əsaslanan status-kovunu saxlamaqdır. Danışıqların alternativinin nə olduğunu hamı çox yaxşı bilir və buna görə də məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Ermənistanın yeni rəhbərliyinin yürütdüyü hərbi avantüra siyasəti regionu yeni təhlükələrlə üz-üzə qoyur”.
Bəs Azərbaycan Paşinyanın Qarabağa gəlməsinin qarşısını necə almalıdır? Qarabağ səması bizim hava məkanımız olduğu halda onu pozmağı adi hala çevirməyə çalışan erməni baş nazirin ayağını Qarabağdan necə kəsməli?
Politoloq Qabil Hüseynli yeni müsavat-a şərhində öncə bildirdi ki, Paşinyan əslində böhranla üz-üzədir: "Çünki onun hakimiyyətə gəlişindən sonra bəzi kadr islahatlarından savayı irəliyə doğru addım atılmayıb. Ən başlıcası sıravi erməninin maddi rifah halında irəliyə doğru hiss ediləcək cüzi dəyişiklik belə olmayıb. Bu cür xarakterli dəyişikliklərdən sonra xalq həmin dəyişikliklərə liderlik etmiş adamlardan daha çox məsələlərin həllini gözləyir. İlk növbədə sosial-iqtisadi xarakterli məsələlərin həllini istəyir. Amma belə görünür ki, Paşinyanın ay yarımlıq hakimiyyətində heç o sosial xarakterli dəyişikliyin bünövrəsini belə qoya bilməyib. Doğrudur, Paşinyan Ermənistanda Qarabağ klanına qarşı mübarizəni özünün əsas məqsədlərindən biri kimi təqdim edir. Burada bir nüansı xüsusi qeyd etmək lazım gəlir ki, yerli ermənilərlə Qarabağdan gələn ermənilər arasında psixoloji vuruşma özünü göstərməkdədir. Paşinyan nə qədər millətçi şüarlara müraciət etsə də, bu məsələlər adi şüur səviyyəsində öz həllini tapmayıb. Paşinyanın qarşısında duran ən mühüm vəzifə Dağlıq Qarabağ məsələsində tutacağı mövqedir. Bu məsələdə Paşinyan demək olar ki, çaş-baş durumdadır. Bu vəziyyətdən doğan müxtəlif ziddiyyətli mövqelər sərgiləməsi də müşahidə olunur. Onun Dağlıq Qarabağa səfərləri də bu ziddiyyətli mövqedən irəli gəlir. O başa düşməlidir ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və Azərbaycan onu hava məkanını pozduğu üçün elə havadaca vurmaq hüququna malikdir”.
Azərbaycanın ata biləcəyi addımlara gəlincə, Q.Hüseynli qeyd etdi ki, Ermənilərin işğal altındakı Xocalıda tikdiyi hava limanı qeyri-qanunidir: "Azərbaycan tərəfi bunu dəfələrlə bəyan edib və bildirib ki, oradan uçuşlar həyata keçirilməsinə imkan verilməyəcək. Biz buna görə Beynəlxalq Mülki Aviasiya İdarəsinə də müraciət etmişik. Bu məsələdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara uyğun olaraq müdafiə edilib, Dağlıq Qarabağdakı hava məkanının Azərbaycana aid olduğu bildirilib. Odur ki, Xocalı hava limanından qanunsuz istifadə edilməsinin qarşısını ala biləcək müxtəlif tədbirlər görə bilərik. Beynəlxalq qanunlar və özünün qanunları Azərbaycan dövlətinə bu addımları atmağa hüquq verir. Azərbaycan bu məsələni ciddi surətdə beynəlxalq təşkilatlarda müzakirə obyektinə çevirə bilər.
Amma belə görünür ki, Paşinyan və erməni separatçılarını onların başa düşəcəyi dildə başa salmaqdan başqa yol qalmır. Paşinyan hakimiyyətə gəldikdən sonra keçən az müddət ərzində iki dəfə Azərbaycan ərazilərinə gəlməklə düşünür ki, Azərbaycana meydan oxuyur. O, bu davranışı ilə faktiki olaraq Azərbaycanı müharibəyə sürükləyir. Paşinyan danışıqlar aparmaq niyyətində olmadığını bu addımları ilə ortaya qoymuş olur. Erməni baş nazir Azərbaycana onun vertolyotunu hava sərhədimizi keçən zaman vurmaqdan başqa yol qoymayacaq bu gedişlə. Paşinyan bunu istəyirsə, Azərbaycan ordusu bunu etmək gücündədir. Hesab edirəm ki, Paşinyanın ayağını Qarabağdan kəsməyin yeganə yolu hərbi gücə əl atmağımız ola bilər".
Politoloq vurğuladı ki, Naxçıvan istiqamətində Azərbaycan ordusunun uğur qazanması artıq erməni ictimai rəyində Paşinyanın Azərbaycan ordusunun qarşısında məğlubiyyətinin başlanğıcı kimi qarşılanır: "Ordumuz Naxçıvandakı uğuru Qarabağ istiqamətində də bir həmlə ilə təkrarlayarsa, artıq bu hadisə Paşinyanın Ermənistan xalqının nəzərində nüfuzunun sürətlə enməsinə təkan verəcək. Bir sözlə, Paşinyan bilməlidir ki, onun taleyi həm də Azərbaycanın əlindədir. Azərbaycan onu elə bir sınağa çəkə bilərik ki, bu sınaqdan çıxa bilməz və siyasi çöküşü başlayar. Azərbaycan onsuz da səmərəsiz danışıqlardan cana yığılıb və məsələni döyüş meydanında həll etməkdən başqa yolun olmadığına qəti əmin ola bilər. Bu zaman Paşinyan nəinki Qarabağa gələ bilməyəcək, hətta az sonra Ermənistanda da qala bilməyəcək. Azərbaycan vəziyyəti hazırda götür-qoy edir və gəlinən qənaət odur ki, separatçı ermənilərə güc yolu ilə dərs verilməlidir. Paşinyanın sonuncu Dağlıq Qarabağ səfərindən sonra bu qənaət Azərbaycanın müxtəlif kəsimlərində öz mövqeyini kifayət qədər möhkəmləndirib”.