Ru
16:57 / 23 May 2018

Otuz yaşımda öyrəndim ki… - Simurq quşunun hekayəsi

18398

QARAŞIN XATUN


Uşaq vaxtı bütün uşaqlar kimi mən də nağıl dinləməyi çox sevərdim. Ən çox sevdiyim nağıl Simurq quşunun əfsanəsi  idi. Cənubi Azərbaycan kökənli olduğumuzdan bir başqa dəyəri var Simurq quşunun bizim üçün. Uşaq ağlımla tam anlamını çözə bilməsəm də, mistik, güclü və əl çatmaz olması bu nağılı hər gün dinləməyimə bəs edirdi. Böyüdükcə sevdiyim hər şeyi unudurdum yavaş-yavaş... Unutmuşdum Simurq quşunun nağılını da. Yolum iyirmi ildən sonra Tehrana düşüncəyə qədər.


Deyirlər, insanda iki cür göz var. Bədənin gözü və ruhun gözü. Bədənin gözü bəzən gördüklərini unuda bilir, ama ruhun gözü hər zaman xatırlayır.


Otuz yaşımı yenicə qeyd etmişdik. Həyatımda yeni bir milada qədəm qoymuşdum, hər anlamda. Fərqinə varmışdım, özümdən başqa hər kəs üçün yaşadığımın. Bütün istəklərimdən, arzularımdan, xəyallarımdan vaz keçmişdim. Bir heçlik naminə. Mən, özüm olmaqdan başqa hər kəs ola bilmişdim. 

 

Getdiyim yolun qorxuncluğundan artıq ruhum belə narahat idi. Ölümlə həyatın qol-qola olduğu döngüyə çatmışdım. Nə tez tükətmişdim həyat sevgimi, yaşam haqqımı?! Durub nəfəs almaq zamanı idi. Çiynimdəki ağır yükümü, bütün keşkələrimi də götürüb ulu babalarımın yaşayıb, öldüyü torpaqlara getdim. Hec özüm də bilmirdim kimi ya da nəyi axtardığımı. 


Uzun yolu qısa etmək üçün yanımda iki kitab götürmüşdüm. Rəfdən əlimə keçən iki təsadüfi kitab. Axşamlar otel otağında edə biləcəyim çox şey olmadığından kitab oxuyurdum. Ta ki bir axşam kitab vərəqləri arasında rastladığım o şəkli görüncəyə qədər. Uzun illər öncə istəyib də, qərar verə bilmədiyim bədənimə döydürmək istədiyim o quşun rəsmi idi. O zaman fərqinə belə varmamışdım onun Simurq quşu olduğunun. Demək ki, zamanı deyilmiş nə o döyməni döydürmənin, nə də simurqu xatırlamanın. Bəs niyə indi?! Ruhum bu qədər yorğunkən?! Təsadüflərə heç bir zaman inanmamışam. Simurqu bu qədər sevməyimdə təsadüf ola bilməzdi. İllərdir, unutduğum hər şeyi xatırlamaqa başladım, uşaq ikən sevə-sevə dinlədiyim o əfsanəni də.


"Əfsanəyə görə quşların şahı olan Simurq bilik ağacının budaqlarında yaşayırmış və hər şeyi bilirmiş. Simurq öləcəyi zamanı öncədən bilirmiş və ölüm anı çatdıqda alov topuna çevrilib özünü yandırar, sonra yenidən küllərindən  doğularmış. Quşlar ona inanır, qibtə edirmiş və yaşana biləcək hər bəladan onları qurtaracağını düşünürlərmiş. Zamanla Simurqu ətrafda görmədikcə şübhəyə qapılmışlar ən son ondan umidlərini kəsmişlər. Simurqun yuvası, ətəyi buludların üstündə olan Qaf dağında imiş. Günlərin birində bir quş sürüsü Simurqun qanadından düşmüş bir lələk tapır. Onun var olduğuna inanan dünyadakı bütün quşlar toplanır və birlikdə Simurqun hüzuruna gedib ondan kömək istəməyə qərar verirlər. Qaf dağına çatmaq üçün isə yeddi dibsiz vadidən keçmək gərəkmiş, bu vadilərin hər biri digərindən daha çətin imiş. 


Birincisi; İstək, ikincisi; Eşq, üçüncüsü; Bacarıq, dördüncüsü; Ayrıcalıq, beşincisi; Tövhid, altıncısı; Təəccüb, yeddincisi; Heçlik. 


Yeddi vadi üstündən uçduqca sayları azalmağa başlamış quşların. Öncə "Eşq Dənizi"ndən keçib, sonra "Ayrılıq Vadi"sindən uçublar. "Ehtiras Ova"sını aşıb, "Qısqanclıq gölü"nə çatıblar. Quşların bəzisi Eşq dənizində batıb, bəzisi "Qısqanclıq gölü”ndə boğulub, bəzisi Ayrılıq vadisində sürüdən ayrılıb. Və nəhayət beş vadidən keçdikdən sonra altıncı vadi "Təəccüb" və sonuncu yeddinci olan "Heçlik Vadi"sində bütün quşlar ümidini itiriblər. Qaf dağına çatanda sürüdə sadəcə otuz quş var imiş. Simurqun yuvasını tapanda məlum olub ki, "Simurq - otuz quş" deməkmiş. Onların hər biri  bir Simurq imiş. Otuz quş sonda anlayıb ki, axtardıqları əslində özləridir. Ən çətin səyahət də elə öz iç dünyana etdiyin səyahətdir".


Anlamağa başlamışdım bu səyahətin təsadüfi olmadığını. Yaşadığım həyatı dəyişdirməyə, özümü yeniləməyə hazır idim. Neçə yaşında olursaq olaq, həyatımızda nə yaşamamızdan asılı olmayaraq tamamilə yenilənmək mümkündür. Aldığımız hər nəfəs bizə hədiyyədir, hər nəfəsdə yenilənməliyik. İçində yenidən başlamağa qərar verdiyin hər an, doğru zamandır. Hər şey doğru anda başlayar, nə tez nə də gec. Biz həyatımızda yenilənməyə qərar verdiyimiz andan etibarən hər şey yenilənməyə başlayar. Yeni bir həyata doğulmaq, həqiqi anlamda yaşamaq üçün olməmişdən əvvəl ölməli insan, sonra yenidən küllərindən doğulmalıdır. 


"Simurq" mənə otuz yaşımda yeddi vadidən keçərək bütün arzularıma, istəklərimə çatmağın mümkünlüyünü öyrətdi. Qarşıma çıxan hər maneədə qanadlarımı sərbəst buraxıb dənizdə batmaq əvəzinə daha da möhkəm qanad çalıb yüksəlməyi öyrətdi. Simurq, ən əsası bu həyatda var ola bilmək üçün mənə küllərimdən yenidən doğmağı öyrətdi. Bu əfsanə mənə otuzumda "Simurq" olmağı öyrətdi.

Şərhlər
  • Əhməd

    Simurq quşu Sizin fikirləşdiyiniz kimi "oruz quş" anlamına gəlmir.Bunun üçün sizə 45 əsr geriyə boylanmaq gərəkdir.Bu quşun adı qızla bağlıdır.O qızla ki, odda ölür və oddan da dirilir,yenidən doğulur.Sizcə bu quş nəyin simvoludur? Səmaya boylanın...Bax,o quş GÜNƏŞ tanrısıdır..Şüaları min cür bərq vuran,yandıran,axşam kül olub Qaf qadğının ardında yoxa çıxan,səhərisi isə göy qübbəsinin əks üfüqündə yenidən qana boyanıb doğulan körpə-Simurq quşu...O,həqiqətən də bir dənədir...Nəinki 30 dənə ?!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər