Ru
15:52 / 17 Yanvar 2017

Onun obrazlar qalereyası - Ziyadxan Əliyevin yazısı/ FOTOLAR

8523

 

Öz yaradıcılığında müxtəlif janrlara geniş yer ayıran Günay Mehdizadənin bədii irsini təşkil edən portretlər özünəməxsus bədii-estetik məziyyətlərə malikdir.

 

Bu da ilk növbədə rəssamın ərsəyə gətirdiyi müxtəlif forma-biçimli portretlərdə qarşısına fərqli yaradıcı vəzifələr qoyması ilə bağlıdır. Bunu şərtləndirən səbəblərdən biri də portretlərin yaxın və uzaq tarixlə bağlı olmasıdır. Rəssamın son dövrlərdə yaratdığı "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti”, "Mustafa Kamal Atatürk”, "Rəssam Bəhruz bəy Kəngərli”, "Mis qablarla avtoportret”, "Narlarla avtoportret” və s. əsərləri onun müxtəlif taleli və ruhlu insanların mənəvi-psixoloji dünyalarına bədii tutum vermək bacarığını əyaniləşdirir. Qeyd etmək lazımdır ki, rəssamın şəxsiyyətin miqyasından asılı olaraq onların obrazlaşdırılmasına estetik yanaşması da bir-birindən fərqlidir.

 

Onun elə təkcə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə həsr etdiyi bir-neçə portretdə rəssamın obrazın hərtərəfli açımına və dolğun bədii təqdimatına maraq göstərdiyini görmək mümkündür. Atatürk şəxsiyyətinin və onu bu gün də yaşadan işıqlı əməllərinin vəhdətini bir araya gətirməklə, obrazın dolğunluğuna nail olmağa çalışan müəllif, son nəticədə millət fədaisinin yaddaqalan portretini ərsəyə gətirməyə nail olmuşdur.

Gənc rəssamın çəkdiyi "Atatürkün portreti” əsərinin 2015-ci ildə görkəmli siyasətçi və dövlət xadiminin Ankaradakı ev-muzeyinin ekspozisiyasına daxil edilməsini onun böyük uğuru hesab etməklə yanaşı, bu əsərdə bu böyük şəxsiyyətin özünəməxsus portret-obrazının əks olunduğunu deməliyik. Ona əsasən memorial əşyaların yer aldığı muzey ekspozisiyasında yer ayrılmasını və bu əsərin bu müqəddəs məkanda yeganə təsviri sənət nümunəsi olmasını da Azərbaycanlı rəssamın ustalığına verilən yüksək qiymət saymaq olar.



 

Kətan üzərində yağlı boya ilə 2014-cü ildə çəkilmiş bu portret 80x60 sm ölçüsündədir. Kompozisiyanı Atatürkün obrazı və onun adı ilə bağlı müxtəlif tikililərin təsvirləri təşkil edir. Görkəmli dövlət xadiminin rənglərlə bədiiləşdirilmiş portreti ağ-qara incə cizgilərlə çəkilmiş memarlıq abidələrinin fonunda cəlbedici və təsirli baxılır. Əsərdə realizm ənənələrinin geniş bədii ümumiləşdirmələrlə qovşağı çox təsirli və duyğulandırıcıdır...



 

Günay Mehdizadənin Atatürk ünvanlı digər portretlərində bu böyük şəxsiyyət fəaliyyəti ilə əlaqəli təsvir olunmuşdur. Belə əsərlərin birində Atatürk Türkiyə dövlətinin qurucusu və müdafiəçisi kimi təqdim olunmuşdur. Ayrı-ayrı süjetli təsvirləri isti - sarımtıl-qəhvəyi çalarlarla ifadə edən rəssamın Atatürkü soyuq göy rəngli geyimdə görüntüyə gətirməsi, müəyyən təzad yaratmaqla yanaşı, həm də obrazın cəlbediciliyinə səbəb olmuşdur. Üfüqi kompozisiyada isti-soyuq rənglərin harmoniyasından uğurlu istifadəni də bu yerdə onun milli klassik bədii ənənələrdən yaradıcılıqla faydalanmasının nəticəsi saymaq olar.


Şaquli formatlı digər bir portretdə isə Atatürkün Türkiyənin bir dövlət kimi möhkəmlənməsi yönündə gördüyü işlərə cəlbedici görkəm verilmiş, onların əlaqəli təsvirində görkəmli siyasətçinin milləti yolunda ömrünü şam kimi əritdiyi yaddaqalan tutumda bədii-mənəvi qaynağa çevrilmişdir...

 


 

Rəssamın Heydər Əliyevə həsr etdiyi kompozisiya - portretdə də obrazın əhatəli ifadəsini görmək mümkündür. Üçrəngli milli bayrağın fonunda görüntüyə gətirilən görkəmli dövlət xadiminin obrazında onun şəxsiyyətinin miqyasına müvafiq qürur və möhtəşəmlik duyulmaqdadır. Portretin fonunda Azərbaycanın qədim və müasir memarlıq abidələrinin təsviri də uğurlu bədii əlavə olmaqla, həyatını müasir Azərbaycanda baş verən quruculuq işlərinə və onun müstəqilliyinin möhkəmləndirilməsinə həsr etmiş ulu öndərin əcdadlarımızın qurub-yaratmaq ənənəsini davam etdirdiyinə işarədir. Ulu öndərin parlaq boyalarla işlənmiş portreti işıqlı yerlikdə qrafik cizgilərlə təsvir olunmuş tikililərin fonunda cəlbedici və yaddaqalandır...


Günay Mehdizadə oxşar kompozisiya həllindən görkəmli Azərbaycan rəssamı Bəhruz bəy Kəngərliyə həsr olunmuş portretdə də istifadə etmişdir. Belə ki, cəmisi 30 il ömür sürməsinə baxmayaraq özündən sonra zəngin bədii irs qoyub getmiş gənc rəssam əsərlərində vəsf etdiyi təbiət motivləri və memarlıq abidələri, eləcə də çəkdiyi obrazlarla əlaqəli təsvir edilmişdir. Bu cür bədii təqdimat ona ayrılmış qısa ömür payında ölçüyəgəlməz sənət yanğısı və vətənpərvərlik nümunəsi nümayiş etdirən sənətkarın şəxsiyyəti və sənət dünyası barədə zəngin təəssürat yaratdığından, bu portret Azərbaycan təsviri sənəti tarixində dərin iz buraxmış gənc rəssama həsr olunmuş portretlərin ən yaxşılarından sayılmağa layiqdir...



 

Rəssamın özünə həsr etdiyi "Avtoportret”lər də bədii həll baxımından diqqət çəkir. Onlardan birində - şaquli kompozisiyada görüntüyə gətirilən rəssam narlarla əlaqəli təqdim olunmuşdur. Kompozisiyanın sağ hissəsini çoxsaylı meyvələr, sol tərəfini isə portret təşkil edir. Baxışları tamaşaçılara zillənmiş rəssamın özünü həyat və bolluq-məhsuldarlıq rəmzi kimi məşhur olan narların əhatəsində təsvirində də müəyyən müəllif arzusu var ki, bu da dünyamızı və onun insanlarını xoşbəxt görməkdir. Nar budaqlarının saçlarla vəhdətdə ifadə olunan xaotik ritmindən qaynaqlanan gözəllik də yəqin ki, portretin yaddaqalan estetik tutuma malik olmasının, obrazlı tutum almasının nəticəsidir.



 

Digər bir "Avtoportret”də isə rəssam özünü milli mis qablarla vəhdətdə təsvir edib. Özünü də milli zərgərlik nümunələrində görüntüyə gətirən rəssam, bununla özünün zahiri görkəmi ilə onun "tac”ı kimi verilən müxtəlif formalı qablarla mənəvi-bədii əlaqə yaratmağa nail olmuşdur. Orijinallığı birmənalı olan kompozisiyanın həm də qədim maddi irsimizə ehtiram kimi qəbul olunması danılmazdır. Portretin rəngləri arasındakı harmoniyanın mövcudluğu da müəllifin qədim irsimizdən yaradıcılıqla faydalana bilməsinin görüntüsüdür...


 

 

Günay Mehdizadənin portretləri ilə tanışlıqdan gəlinən ilk nəticə onun milli dəyərlərimizdə hifz olunan dəyərlərin çox zəngin tutumlu, bədii çalar baxımından çoxqatlı olmasına əminliyini əsərlərində ifadə edə bilməsidir. Əgər bu əminlik olmasaydı, yəqin ki, bizi orta əsrlərdən başlayaraq ovsunlamaqda davam edən miniatür üslublu əsərlərin tapındığı bədii-estetik və fəlsəfi-ruhani dəyərlər bu qədər yeni və müasir biçimdə görüntüyə gətirilməz və nəticə kimi diqqət kəsb etməzdi. Bu mənada onun müxtəlif biçimli portretləri ənənə ilə müasirliyin bədii vəhdətinə gözəl sübutdur...

 

Ziyadxan Əliyev,

sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Əməkdar incəsənət xadimi



Onun obrazlar qalereyası -  Ziyadxan Əliyevin yazısı/ FOTOLAR
Onun obrazlar qalereyası -  Ziyadxan Əliyevin yazısı/ FOTOLAR
Onun obrazlar qalereyası -  Ziyadxan Əliyevin yazısı/ FOTOLAR
Onun obrazlar qalereyası -  Ziyadxan Əliyevin yazısı/ FOTOLAR
Onun obrazlar qalereyası -  Ziyadxan Əliyevin yazısı/ FOTOLAR
Onun obrazlar qalereyası -  Ziyadxan Əliyevin yazısı/ FOTOLAR
Onun obrazlar qalereyası -  Ziyadxan Əliyevin yazısı/ FOTOLAR
Onun obrazlar qalereyası -  Ziyadxan Əliyevin yazısı/ FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər