“O bank rəhbərləri məsuliyyətə cəlb edilməlidir” - Vahid Əhmədovdan sərt açıqlama

"BANKLAR GEDİB İNSANLARA YALVARMALIDIR Kİ, GƏLİN KREDİT GÖTÜRÜN” 


Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində bank sektorunda olan problemlərə toxunub.


Dövlət başçısı bildirib ki, ötən il ölkə iqtisadiyyatına ən böyük zərbə vuran bank sektoru olub. Prezident bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində ciddi addımlar atılacağının anonsunu verib. Bildirib ki, qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq.

 

Prezidentin açıqlamasını BakiPost.az-a şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, bank sektorunun sağlamlaşdırılması, şəffaflaşdırılması öndə gedən məsələlərdən biridir: "Bank sistemi ilə bağlı məsələ 2016-ci il boyu gündəmdə olub. Çünki prezident də vurğuladığı kimi, Azərbaycan iqtisadiyyatına 2016-ci ildə ən böyük zərbəni bank sistemi vurub. Mütəmadi olaraq biz bunu Milli Məclisdə və mətbuatda da qaldırmışıq ki, bank sistemində sağlamlaşdırma sistemi getməlidir. Çox təəssüflər olsun ki, bu baş vermədi. Düzdür, Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən işlər gördü, diaqnostika apardı. Hətta bankları birləşdirməyə çalışdı. Amma alınmadı. Nəhayət 10 bankı bağladılar. Biz heç vaxt bankların bağlanmasının tərəfdarı olmamışıq. Biz bankların tənəzülləşməsinin tərəfdarı olmuşuq ki, iri banklar yaradılsın. Çünki bu zaman həmin banklarda iri kapitallar və kreditləşmə yüksək səviyyədə olur. 2016-ci ildə bu prosesin üzərində müəyyən qədər işlədilər. Amma real olaraq fakt ondan ibarətdir ki, bu gün də bank sektorunda ciddi problemlər var”.


Vahid Əhmədov bildirib ki, əsas məsələlərdən biri də bank sektorunda şəffaflığın olmasıdır: "Bank sektorunda dollarla götürülən kreditlərlə bağlı mən və həmkarım Əli Məsimlinin təklifləri var idi. O təkliflər bu günə qədər icra olunmur. Əgər o təkliflər icra olunsa, həm bank sisteminə xeyir olar, həm də əhali müəyyən qədər bu bəladan qurtular. Bu ən ciddi problemlərdən biridir. Bank sektorunda şəffaflıq olmalıdır”.

 

Millət vəkili bankların dollar satmamasıyla bağlı məsələyə də reaksiya verib: "Hazırda banklarda dollar satılmır. Niyə? Amma Mərkəzi Bank və Neft Fondu dollar satır. Bunu da banklar alır. Lakin qara bazarda dollar var. Yəni burada ciddi məsələlər var. Hazırda bank sektorunda şəffaflıq prinsipi faktiki olaraq yoxdur”.


Deputat vurğulayıb ki, bu gün bank sistemində yalnız hansısa bankın rəhbərliyini dəyişməklə məsələnin həll olunduğunu düşünmək olmaz: "Bank rəhbərliyini dəyişməklə məsələnin bitmiş olduğunu hesab edirik. Amma bu belə deyil. Onların hamısı məsuliyyətə cəlb olunmalıdır. Çünki onlar insanları incidirlər, yüksək faizlə kredit verirlər. İnsanlar bankların qarşısında dayanmamalıdır. Banklar gedib insanlara yalvarmalıdır ki, gəlin kredit götürün. Bu sistemi tamamilə dəyişmək lazımdır”.


Sevinc Yasinqızı

Bakı Post

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

26 Aprel 2017
Bütün xəbərlər
Bütün xəbərlər