Ru
15:14 / 22 May 2017

Nağdsızlığın yaratdığı nağd problemlər

1146

Samir Əliyev

iqtisadçı 


Bu ildən qüvvəyə minən "Nağdsız hesablaşmalar haqqında” qanunda yazılıb ki, məqsəd ölkədə mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir.


Göründüyü kimi, qanunda alt məqsədlər çoxdur. Ancaq onların ikisinin qiymətləndirilməsi göstərir ki, qanunun icrası bir sıra hallarda nəzərdə tutulan məqsədlərə problemlər yaradır.


Məsələn, reallıq göstərir ki, qanun tətbiq olunandan sonra ən çox məhz istehlakçılar, xüsusən də bank müştəriləri əziyyət çəkir, ən çox onların hüquqları pozulur. Və yaxud digər məqsəd olan nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmağı götürək. Stimullaşdırma bir qayda olaraq həvəsləndirmə tədbirlərini nəzərdə tutur. Ancaq mövcud qanunun icrasında stimullaşdırmaq deyəndə məcbur etmək nəzərdə tutulur.


Qanunda nağd qaydada əməliyyatlar aparmağın məhdudlaşdırılması kənara qoyulur, pulu nağdlaşdırmaya məhdudiyyətlər və ya qadağa tətbiq edilir. Bir tərəfdən Maliyyə Bazarlarına Nəzarət Palatası, digər tərəfdən Vergilər Nazirliyi qanunu öz istəklərinə uyğunlaşdırır. Maliyyə Bazarlarına Nəzarət Palatası stimullaşdırmağı qadağada, Vergilər Nazirliyi isə əlavə olaraq 1%-lik vergiyə cəlb etmədə görür. Bunun əziyyətini sahibkarlar və onlarla "müharibə” vəziyyətinə düşmüş banklar çəkir.


Hazırda bank sektorunda baş verənlər məhz "nağdsız hesablaşmalar” ifadəsinə yanaşma tərzindən qaynaqlanır. Qanunun 3.1.1.-ci maddəsində nağdsız hesablaşmanın izahı verilir: Nağdsız hesablaşma – bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalardır. Yəni söhbət iki fərqli şəxs, subyekt arasındakı hesablaşmalardan, pul köçürmələrindən gedir, bir şəxsin ayrı-ayrı hesabları arasındakı hesablaşmalardan yox. Ancaq fərdi sahibkarın cari hesabından kredit və ya depozit hesabına köçürülən vəsaitdən 1%-lik sadələşmiş vergi tutulur.


Əvvəla, burda vergitutmanın mahiyyəti təhrif edilir. Çünki vergi əldə edilən gəlirdən tutulmalıdır. Bir hesabdan başqa hesaba köçürülən vəsait isə gəlir deyil, ən yaxşı halda xidmət haqqı obyekti ola bilər. İndiki vəziyyət köçürülən vəsaitin ikiqat vergiyə cəlb edilməsi ilə nəticələnir.


İkincisi, bankların vergi tutmaq hüququ yoxdur. Çünki qanunvericiliyə görə, dövlət vergilərini Vergilər Nazirliyi, yerli vergiləri isə bələdiyyələr tutmalıdır.


Üçüncüsü, qanunun məqsədi nağdsız əməliyyatları stimulaşdırmaqdır. Əgər müştəri cari hesabındakı pulu nağdlaşdırmadan, köçürmə yolu ilə kredit və ya depozit hesabına köçürürsə, bu halda həmin vəsaitdən nə üçün vergi tutulmalıdır? Cari hesabdan digər şəxsin hesabına pul köçürülməsi ilə kredit və ya depozit hesabına pul köçürülməsi arasındakı fərq nədir?


Dördüncüsü, burada bank hesablarından pul çıxarılması hadisəsi baş vermir. Vergi Məcəlləsinin 220.12-ci maddəsinə görə, hüquqi şəxslər və fərdi sahibkarların pul vəsaitlərini nağd qaydada bank hesablarından çıxarmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. Hesablar arasında pul köçürülməsi məhz nağdsız hesablaşmadır.


Əgər məqsəd nağdlaşdırmanı məhdudlaşdırmaqdırsa, bu halda palata bankomatlar vasitəsilə nağdlaşdırma əməliyyatına komisyon haqqın qaldırılması məsələsinə baxa bilər. Onsuz da kredit kartından pul çıxaranda banklar ən azı 1% xidmət haqqı tutur.


Qanundan öz məqsədinə uyğun yararlanan qurumlardan biri də Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Palata məhdudiyyəti nağd ödənişlərə yox, nağd pul çıxartmağa tətbiq edir. Fərdi sahibkarın hesabına gələn pul niyə məhdudlaşdırılmalıdır? Qanuna istinad edilsə, orada elə müddəa yoxdur. Əgər nağd hesablaşmalarla nağdlaşdırma arasında bərabərlik işarəsi qoyulursa, sabah digər qurumlar da qanunları öz baxışlarına uyğun icra edəcək. Axı pul sahibkarın vəsaitidir və onun üzərində öz istəyinə uyğun sərəncam vermək hüququ var. Palatanın qadağaları sahibkarın konstitusion hüququnu – öz pulu barədə istədiyi sərəncamı vermək hüququnu məhdudlaşdırır.


Əsas qadağalar dövlət büdcəsindən gələn vəsaitlərlə bağlıdır. Sahibkar dövlət büdcəsindən özəl mülkiyyətə köçürülən pulu ümumiyyətlə nağdlaşdıra bilmir. Dövlət satınalmalarında şəffaflığın, hesabatlılığın təmin edilməsi, tenderlərin rəqabət şəraitində keçirilməsi vacibdir. Ancaq investisiya pullarının nağlaşdırılaraq dollar şəklində ölkədən çıxarılmasının qarşısını almaq məqsədilə belə qadağanın tətbiqi çıxış yolu deyil. Yenə də sahibkarın qazandığı pul üzərində sərəncam vermək hüququ pozulur.


Bu gün dünyada nağd əməliyyatlara məhdudiyyətlər mövcuddur. Amma bu məhdudiyyətlər pul çıxartmağa deyil, ödənişlərin nağd qaydada edilməsinədir. Bu gün palatanın atdığı addımlar nağdsız əməliyyatları stimullaşdırmaq yox, sahibkarın bankdan pul çıxartmasına qadağa tətbiq etmək kimi qiymətləndirilməlidir. Bu addımlar sahibkarlığın inkişafına əngəl yaratmaqla yanaşı hökumətin sahibkarlığın inkişafı üçün məhdudiyyətləri aradan qaldırmaq tipli bəyanatlarına ziddiyyət təşkil edir. Buna görə də qanunda mövcud olan hallara aydınlıq gətirilməsi üçün təcili olaraq Konstitusiya Məhkəməsinə müraciət edilməlidir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər