Ru
16:51 / 18 Yanvar 2017

Musiqili Teatrın aktyorları mükafatlandırıldı

805

Musiqili Teatrın aktyorları Fəcr Festivalında
mükafata layiq görülüb.

Bu barədə BakiPost.az-a Dövlət Musiqili Teatrının mətbuat
katibi Samir Sədaqətoğlu məlumat verib.


O bildirib ki, Azərbaycan Dövlət Musiqili Teatrının
İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında
iştirakı uğurla yekunlaşıb:
"Musiqili Teatr dünyanın təqribən 20 ölkəsinin təmsil
olunduğu bu nüfuzlu festivalda dahi Üzeyir Hacıbəylinin məşhur "Ər və arvad”
iki hissəli musiqili komediyasını təqdim edib. Tamaşanın nümayişi anşlaqa səbəb
olub. Səhnə əsəri festival iştirakçıları və Təbrizli tamaşaçılar tərəfindən
maraq və rəğbətlə qarşılanıb. Məhz bu böyük maraq və sevginin nəticəsi olaraq Təbrizli
tamaşaçıların xahişi ilə "Ər və arvad” tamaşası ikinci dəfə nümayiş olunub.
Yaradıcı heyətin ruh yüksəkliyi ilə oynadığı səhnə əsəri yüzlərlə Təbriz
sakininin böyük çoşqusuna səbəb olub”.


Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət
xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib ki,
teatrın üç aktyoru bu möhtəşəm festivalın mükafatını qazanıb:
"Azərbaycan
Respublikasının Əməkdar artistləri Nahidə Orucova "Ən yaxşı qadın rolunun
ifaçısı”, Ələkbər Əliyev və Əkbər Əlizadə isə "Ən yaxşı kişi rolunun ifaçısı”
nominasiyası üzrə qalib oldular. Mükafatlar təqdim olunarkən bütün zal ayağa
qalxıb onları alqışlayırdı. Bunun özü bizə olan böyük sevginin göstəricisi idi.


Sevinirəm ki, Musiqili Teatr 35-ci Fəcr Beynəlxalq
Teatr Festivalında ölkəmizi layiqincə təmsil etdi, beynəlxalq arenada daha bir
uğura imza atdı”.

Qeyd edək ki, 35-ci Fəcr Beynəlxalq Teatr
Festivalında nümayiş olunan "Ər və arvad” tamaşasının quruluşçu rejissoru Yusif
Əkbərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru
Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam
Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər,
xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Tamaşada rolları Əməkdar artistlər
Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova,
Möylə Mirzəliyev, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa ediblər.



Sevinc Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər