“Moskvadan özünə də bax”… Rüstəmxanlıdan Rafael Hüseynov haqda sərt yazı

Sabir Rüstəmxanlı
Xalq şairi
(Rafael Hüseynovun ” Moskvadan baxarkən” kitabı haqqında)
Əlimizə keçən yeni kitabların hamısını eyni vaxtda oxuya bilmirik; bəzisini elə alan kimi gözdən keçiririk, bəzisi də köhnə kitablara qarışır və aylarla unudulur. Moskvada yaşayan tanınmış jurnalist Rafael Hüseynovun 2015 -ci ilin sonlarında Bakıda nəşr olunmuş "”Глядя из Москвы” ( Moskvadan baxarkən) kitabını ötən il alsam da, yazılarım çox olduğundan, yalnız bu yaxınlarda oxuya bildim.
Öncədən deyim ki, Rafael Hüseynov çox təcrübəli, məlumatlı, Rusiyada yaxşı tanınan, nüfuzlu jurnalistlərdəndir. Rusiya Jurnalistlər birliyinin katibidir. Vaxtilə "Молодежъ Азербауджана” qəzetinin redaktoru olub. Sonra Moskvanın bir çox nüfuzlu mətbuat orqanlarında yüksək vəzifələrdə çalışıb. Sov. İKP-nin milli siyasət məsələləri üzrə məsləhətçisi olub. 1991-1993- cü illərdə Azərbaycan respublikasının Rusiyadakı səfirinin birinci müavini vəzifəsini daşıyıb. Bu siyahını bir az da uzatmaq olar. Tanınmış jurnalist oxucunu darıxmağa qoymur, konkret faktlar, araşdırmalar əsasında danışır, təhlilləri ağıllı və obyektivdir. Cavanlıq illərimizdən tanıdığıma görə yazılarını həmişə maraqla izləmiş, əyalətçilikdən uzaq, qlobal düşüncə tərzinə, siyasi prosesləri diqqətlə izləyərək dəqiq mülahizələr yürütdüyünə görə ona xüsusi sayqıyla yanaşmışam. Bu baxımdan adı çəkilən sonuncu əsəri də istisna deyil və müəllifin yaradıcılıq uğuru sayıla bilər. Sırf peşəkarlıq və jurnalist araşdırmaları baxımından yanaşsam kitabın məziyyətləri haqqında bir xeyli danışa və ya yaza bilərəm.


Rafael Hüseynov 

Lakin təəssüf ki, bu kitabın, şəxsən məni incidən, narahat edən elə bir cəhəti də var ki, onun üstündən keçə bilmirəm. Bu, Rafael Hüseynovun yaxın tariximizə münasibəti və vətəndaş mövqeyi ilə bağlıdır. Düzdür o, kitabda özünü bir neçə dəfə, görünür, xüsusi olaraq, Rusiya jurnalisti kimi təqdim edir. Ancaq hər halda azərbaycanlılıqdan çıxmayıb, öz dediyi kimi, valideyinlərinin məzarı burdadır, uşaqları burda doğulub, burda qohumları yaşayır. Hətta Azərbaycana bağlılığı olmasa belə, ədalət hissini və jurnalist məsuliyyətini unutmaq olmaz.

Annotasiyada bildirilir ki, kitabda müəllifin əsasən son ildə yazdığı məqalələri, müsahibələri toplanıb. Bir ildə müəllif, doğrudan da, yorulmadan və çox səmərəli çalışıb. Kitabda çağdaş dünyanın geniş mənzərəsi var. Rafael Hüseynov Moskvadan baxanda Amerikada, Avropada baş verən hadisələri görür, onu İŞİD, Ərəb baharı, Ukrayna-Rusiya münasibətləri, Kırım türklərinin taleyi düşündürür, keçmişə də ekskursiya edir, Stalin, Hitler, İkinci Dünya müharibəsi, Kreml və Rusiya oliqarxları da diqqət mərkəzindədir. Azərbaycan da unudulmamışdır. Son müharibədə "Hitler tərəfində döyüşən” 40 min azərbaycanlı (bu rəqəm mənə şübhəli görünür), Düdənginskinin ölümü, Heydər Əliyevin siyasi və ailə həyatı ilə bağlı maraqlı epizodlar, Azərbaycanın köhnə partiya nomenklaturası haqqında xiffət dolu xatirələr və s. Hamısını saymaq çətindir. Dünya "Rusiya jurnalistinin” ovcundadır. O hər şeyi görür… TƏKCƏ DAĞLIQ QARABAĞDAN BAŞQA. Deyə bilərlər jurnalist azad insandır; nədən yazıb, nədən yazmamaq onun şəxsi işidir. Buna sözüm yox! Ancaq ola bilməz ki, əslən Qarabağdan olan bir qələm sahibi müxtəlif xalqlarının taleyi, postsovet dönəminin münaqişələri ilə bağlı bu qədər yazıb- poza, iri bir kitab hazırlaya orda Vətəninin bu boyda problemini xatırlatmağa bircə cümləsinə qıymaya… Düzdür, kitabda Qarabağ münaqişəsinin başlandığı illər bir haqqında bir- iki cümlə car və mənim əsas məqsədim də o cümlələrin həqiqətdən nə qədər uzaq olduğunu göstərməkdir. 35 -cü səhifədə oxuyuruq: "Vətəndaşların daha fəal hissəsinin dəstəklədiyi inqilablar bir vaxt Gürcüstanda və Azərbaycanda Xalq Cəbhələrini hakimiyyətə gətirdi. Nəticə məlumdur: hər iki tərəf öz ərazilərinin xeyli hissəsini itirdi. Düşünürəm ki, növbəti gətirəcəyim misal Bakıda çoxlarınıın xoşuna gəlməyəcək. Bizim erməni qonşular öz ölkələrində inqilaba qalxmadılar, buna görə də, Ermənistanın indiki durumunu təhlükəsiz saymaq çətin olsa da, hər halda ölkələrinin torpaq bütünlüyünü qorudular”.

Hörmətli Rafael Hüseynovun məntiqi rekordlar kitabına düşməlidir. Sanki Qarabağda 12 rayonu itirməyimizin yalnız bir səbəbi var, o da Azərbaycanda Xalq Cəbhəsinin yaradılması və inqilabdır. Bu, 1990-cı ilin yanvarında SSRİ silahlı qüvvələrinin vəhşicəsinə Bakıya yeridilməsini əsaslandırmağa çalışan Sovet rəhbərlərinin fikirləriylə üst-üstə düşən mövqedir. Qələm dostumuz nəzərə almır ki, İnqilab öncə İrəvanın Teatr meydanında, Xankəndində başlanmışdı. Moskvadan qopmaq şüarlarını bizdən öncə Ermənistan səsləndirmiş və beynəlxalq dəstək qazanmağa çalışmışdı. Bizim ərazimizi qərarla öz ərazisi elan edən, 200 min azərbaycanlını öz tarixi yurdlarından qovan "bizim qonşular”, yəni Ermənistan idi. Azərbaycan yalnız cavab vermişdi. Nəhayət, Bakı mitinqlərinə İnqilab demək olsa, bu inqilab Xalq Cəbhəsi yaranmazdan il yarım əvvəl başlanmışdı. Xalq Cəbhəsi Moskvanın diqtəsilə oturub – duran və ölkəni qonşuların işğalından qoruya bilməyən rəhbərlərin vecsiz və dağıdıcı siyasətinə etiraz olaraq yaranmışsdı. Torpaq itirmək-inqilabın nəticəsi deyildi, inqilab - torpaqlarımızı itirməyimizin qorxusunun və mərkəzi hakimiyyətin ermənipərəst siyasətinin nəticəsiydi. "Dinc qonşularımızın” işğalçılıq faktını bu yolla pərdələmək erməni jurnalistikasından çox da fərqlənən yol deyil.

Belə görünür ki, R. Hüseynov köhnə sovet rejiminin, rus məktəblərinin, komsomol, partiya namenklaturasının bir çox yetirmələrinə xas olan bir xəstəlikdən xilas ola bilməmişdir. Bu da Moskvadan qopmaq, müstəqilləşmək istiqamətində atılmış bütün addımları qara rəngdə görmək, ötən əsrin 90-cı illərində baş vermiş böyük tarixi hadisələrin ancaq bir üzünə baxmaq və SSRİ-nin dağılma prosesini faciə kimi qiymətləndirərək bunun əsas günahını o vaxt bütün respublikaları təbii şəkildə bürümüş Xalq hərəkatlarının boynuna yıxmaqdır. Başqa bir xəstəlik də xalqların öz milli idealları və demokratiya uğrunda mübarizəsini ABŞ və Qərbin "demokratikləşmə”, "ərəb baharı” adı altında bəzi müsəlman ölkələrində apardığı işğal və dağıdıcılıq prosesi ilə eyniləşdirməkdir.

1988-ci ildə Azərbaycanda hərəkat yenidənqurma və söz azadlığı şüarlarıyla başlanmışdı, yalnız Moskvanın Azərbaycan torpaqlarının işğalıyla nəticələnən siyasəti ortaya çıxanda şüarlar dəyişildi və SSRİ- dən qopmaqdan başqa çarənin bulunmadığı fikri meydana çıxdı, milli hərəkat başlandı. Moskva respublika rəhbərliyinə qəsdən bu işdə ona yardım edə biləcək zəif adamları gətirmişdi. Bəli, 1988-ci ildə Azərbaycanda hakimiyyətdə Heydər Əliyev və ya başqa bir iradəli və təcrübəli adam olsa, ola bilsin ki, hadisələr fərqli ssenari ilə inkişaf edərdi.

Kitabda Rafael Hüseynov bir neçə dəfə AXC-nin hakimiyyət illərini, yəni özünün Moskvada müstəqil Azərbaycanın səfirliyində çalışdığı illəri xatırladır. Təəssüf ki, onun bu xatırlamaları Sosializm sisteminin həsrətini çəkən və o sistemin ərköyün böyütdüyü adamların ümumi və yanlış yanaşmalarından heç nə ilə fərqlənmir. Səh. 99-da yazır: "Təmizlənmə əməliyyatını Azərbaycanda Xalq Cəbhəsinin qısa hakimiyyəti dövründə də qeyri-formal şəkildə həyata keçirməyə cəhd etdilər… Partiya, sovet, komsomol, təsərrüfat kadrlarına etimadsızlıq ifadə edilirdi. …Azərbaycanın ictimai və mədəni həyatı üçün xüsusi sərt bir təmizlənmə əməliyyatı hazırlanırdı. Konservatoriyada skripka, violençel, ”yabançı incəsənətin” təsiri altında olan hər şeyin ləğv edilməsi təklif edilirdi. Əvəzində xalq alətləri sinifləri üstünlük qazanırdı. Balet ümumiyyətlə bir sənət növü kimi qəbul edilmirdi. Bakı küçələrində yalın ayaqlarına çəkələk geymiş, pinti saqqallı, qaramat iranlılar getdikcə daha çox gözə dəyirdilər…. Geyim stilinə, özəlliklə qadın paltarlarına, donların və yubkaların kəsiklərinə qadağa qoyuldu…”

Müəllif özü etiraf edir ki, Xalq Cəbhəsinin başçıları savadlı adamlar idilər və heç birindən təmizlənməni müdafiə edən bir söz eşitməmişdim. Bir halda ki, belədir, onda kimlərinsə "cəhd etməsi, təklif etməsi” ittiham üçün əsas ola bilməz. Olmayan bir şeyi yazmaqla və bunu Xalq Hərəkatına zorla yapışdırmaqla bu hərəkatı gözdən salmaq istəyi haradan qaynaqlanır və bunu bir azərbaycanlı jurnalist özünə necə rəva görür? AXC-nin bir illik hakimiyyəti dövründə, Şərqi Avropa və Baltik dövlətlərində olduğuna bənzər bir təmizlənmə əməliyyatı barədə rəsmi bir göstəriş olmayıbsa, rəhbərlik bunu qəbul etməyibsə, onda bu barədə yazmaqla müəllif nə niyyət güdür?

O ki qaldı, "iranlı” deyib qaraladığı adamlara, onların çoxu bizim Güneyli qardaşlarımız idi, uzun ayrılıqdan sonra xoşbəxt bir gediş-gəliş başlanmışdı və kimin hansı ayaqqabı ilə gəlməsi milləti az narahat edirdi.
Ən əsası, Qarabağda savaş gedirdi, hər gün cəbhələrdən şəhidlər gəlirdi, xalq mərkəzi hakimiyyətinin dəhşətli bir xəyanətiylə üz-üzəydi və millət torpağını qorumaq haqqında düşünürdü, hansısa musiqi aləti haqqında yox…

Buna baxmayaraq, nə Konservatoriya dağıldı, nə skripka sinifləri ləğv edildi. Tək – tək cahil adamların küçə söhbətlərini hakimiyyətin mövqeyi kimi qələmə vermək heç bir vətəndaşlıq və ədalət prinsipinə sığmır, müəllifin yaxın tariximizə qərəzli, məsləhətçilərinin yanlış mövqeyindən yanaşdığını göstərir.
AXC-nin bir illik hakimiyyəti ciddi təhlil olunmalıdır. Əlbəttə, ciddi səhvlər də o
lub. Mən şəxsən təcrübəsiz adamların hakimiyyətə və iş başına gətirilməsinin tərəfdarı olmamışam, bu fikirdəydim ki, AXC müxalifətdə qalıb hakimiyyətdəkiləri "işlətsə” daha yaxşı olar. Lakin Xocalı faciəsi və bir sıra digər hadisələr Moskvayanlı iqtidarın sonu oldu və milli qüvvələrin hakimiyyəti ələ almaqdan başqa yolu qalmadı. Müəllif nəticəni müzakirə edir və günahlandırır. Səbəbi dilə gətirmir və bu hadisələrdə Moskva yardımlı erməni işğalını görməzdən gəlir.

Kitabda açıq-aşkar bir rus-sovet , KQB – komsomol xiffəti, atalarının adına ”oviç ” qoşmaqla güya özlərinin yüksək zümrənin adamı kimi göstərməyə çalışan milli korazehinlərin "bəlkə də qaytardılar” ovqatı hiss olunur.
Müəllif yalnız bizim yox, digər xalqların da milli haqları uğrunda mübarizəsinə açıq-aşkar bir istehzayla yanaşır. Məsələn, bütün ömrünü Kırım türklərinin haqlarının bərpası uğrunda mübarizəyə sərf etmiş və buna görə uzun illər Rusiya zindanlarında yatmış əsil xalq qəhrəmanı Mustafa Cemiloğlu Rafael bəyə sadəlövh bir adam kimi görünür, onun BMT kürsüsündən etdiyi parlaq çıxış rus mövqeyindən təftiş edilir, hətta onun Kırımın köhnə türk adlarını bərpa etmək kimi təbii tələbi etinasizlıqla bu sadəlövhlüyün təsdiqi kimi misal gətirilir.
Bəli, adam Rusiya jurnalisti olanda və Moskvadan baxanda belə görür…

Ancaq bir anlığa bizim rus təhsili almış və Azərbaycandan kənarda yaşayan Rafael bəy kimi qələm sahiblərini onların erməni həmkarları ilə müqayisə edək. Onların hətta Ermənistanda doğulmayan və Qarabağın üzünü görməyənləri də, yeri gəldi-gəlmədi, öz əsassız iddialarını ortaya atıb, Azərbaycanı ittiham etməyə qalxırlar. Bizimkilər isə əllərində hər cür dəlil-sübut ola- ola, elə yazırlar ki, sanki, köhnə sovet təsərrüfat sisteminin dağılmasının da, Qarabağın Ermənistan tərəfindən işğalının da, 1 milyon vətəndaşımızın torpaqlarından didərgin düşməsinin də, Xocalı soyqırımının da günahkarı biz özümüzük. Xocalı soyqırımından 25 il keçir. Dünya və Rusiya Qarabağ probleminin həllinə imkan vermir. Belə bir durumda işğal altında olan bir rayonda doğulmuş azərbaycanlı jurnalistin öz xalqının ən böyük probleminə bu qədər etinasız olması, istər – istəməz, mənə böyük sənətkarımız Nəsibə Zeynalovanın sözünü xatırlatdı: Hamı gedir quş gətirir, bizimki bayquş gətirir…

Moskvadan baxın, nə olar! Ancaq hərdən bir özünüzə də baxın!…

12.01.2017

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər