Ru
18:21 / 25 Fevral 2017

Mətbuat Şurasından cəbhədə vəziyyətlə bağlı KİV-ə ÇAĞIRIŞ

986
Mətbuat Şurası cəbhədə vəziyyətin gərginləşdiyi dönəmlərdə Azərbaycanın kütləvi informasiya vasitələrinə çağırışlar edib.


Trend-in məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov hadisə və proseslərə münasibətdə həssas olmağın vacibliyini vurğulayıb:


"Eyni çağırışı yenə də edir, eyni həssaslığı və diqqəti bir daha gözləyirik.


Hərçənd müşahidələrimiz onu deməyə əsas verir ki, tələskənliyə yol verən, hansısa formada populyarlıq qazanmağı hədəf seçərək media orqanları kimi fəaliyyət göstərdiyini iddia edən kimlərsə var. Belələri heç bir halda kütləvi informasiya vasitəsi olaraq qəbul edilməyəcəklər.


Nəzərə alınmalıdır ki, pozitiv və neqativ məzmunundan asılı olmayaraq düşmən qüvvələr istər özlərinin, yaxud özlərinə yaxın dairələrin internet informasiya ehtiyatlarında, istərsə də sosial şəbəkələrdə Azərbaycanın milli maraqlarına uyğun olmayan, beynəlxalq imicinə ləkə gətirən xəbərləri dövriyyəyə buraxırlar. Belə durumlarda media təmsilçilərimizin daha diqqətli olmaları şərtdir. 2016-cı ilin "aprel müharibəsi” dönəmində biz müəyyən istisnalarla da olsa, həssaslığı və diqqəti gördük. Yenə də görəcəyimizə əminik.


Əvvəllər də dediyimiz kimi, bu sayaq durumlarda əsas olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinaddır. Hər bir jurnalistin peşə borcu məhz bu dövlət qurumunun informasiyalarına söykənməkdən, əldə etdiyi məlumatları mütləq şəkildə onunla dəqiqləşdirməkdən ibarətdir. Başqa cür fəaliyyət təkcə peşə dəyərlərimizə deyil, qanunlarımıza da zidd sayılacaqdır.


Hər kəs düşünsün ki, kimin tələskənliyə yol verdiyini, kimin bilərəkdən cəmiyyəti yanlış məlumatlandırdığını müəyyənləşdirmək kritik durumlarda əlavə vaxt itkisidir. Qanunun isə yalnız bir mütləq təbiəti var. Heç kəs məsuliyyət hissini unutmasın. Unutmasın ki, ən böyük məsuliyyətimiz Vətən qarşısındakı məsuliyyətimizdir. Vətənə sevgimizi məsuliyyətimizlə, peşəkarlığımızla isbatlayaq!"

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər