Ru
18:17 / 14 İyun 2017

Mandatlı seyidlər

3702

Emil
Salamoğlu

...Bizim
uşaqlıq illərində məhlənin o başından bu başına kimi hara baxsan seyid evləriydi.
İnsafən, Lənkəranda seyid sarıdan korluq çəkməmişik. Bir sağa boylansan seyid
evi, bir sola dönsən seyid qapısı...

Hansı
evdə olmasa, zərəri yoxdur, o birini mütləq yuvasında tapmaq olardı. Əgər seyid
özü bu fani həyatdan köçmüş də olsa, övladları ocağını söndürməzdi.


Elə
buna görə, maşallah, kitab evindən çox seyid ocaqları varıydı. Hətta seyidin
narkoman, əyyaş oğlu da olsa, camaatımız cəddinə qurban olduğumun ocağına
yığışmaqda bir əmma görməzdilər.

***

Bizim
qapıdan çıxanda məhəllənin axırına kimi iki seyid ocağı varıydı. Biri "ortabab”
seyid, o birinin evi "ağır” pir idi.

Yəni,
bizimkilər belə deyərdilər: filan ağanın cəddi ağırdı, gülləkeçirməzdi, ağır
artileriyadı, zirehlidir, onun pirində edilən dualar daşdan da keçir. Hər il Məhərrəmlikdə
də cəddi "ağır” seyidin ocağında "iynə atsan yerə düşməzdi”.


Bizi də
uşaq vaxtı ocaq-ocaq gəzdirib, seyidlərin teştinə nəzir qoydurub, imamların şəkillərinə
öpdürüb, biləyimizə qara bağladar, hələ azmış kimi, teştin suyun da içirdərdilər,
ağanın evindən bir nabat da dilimizin altına qoyub şirinlik edib çıxardardılar.
Hamı bir nəfər kimi bu dini ritualları təkrarlamalıydı.


Məhəlləmizin
quyularından gələn bu suyun rəhmətlik seyidin cəddi ilə nə kimi sintezi
varıydı, onu yapon alimləri də kəşf edə bilməzlər.


***

Kəndlərin
birində də məşhur seyid vardı: ərə getmək istəyən, uşağı olmayan, universitetə
girmək arzusunda olan, ərini "Ursiyət” çöllərindən dala qaytarmaq istəyənlər
onun qapısına növbəyə düzülərdilər.


Xoşbəxtlikdən
də kim onun qapısına getsə, işi rast gələrdi, nə bəxti vardısa kələfin ucu
görünməzdi. Belə-belə, şəhərin az qala yarısı seyid ocaqlarıydı.

Yəni,
nə Axundovun yazdıqları, nə də "Kefli İsgəndər”in "ərizə”si kar eləmişdi. Hələ
bunun üstünə Həmid Herisçi ANS-də "Gizli Azərbaycan” verilişini gətirməklə
mövhumatçılığı brendə çevirməyə başlamışdı. İndisə seyid ocağı olmayan, onlarla
saxta pirlər var ki, nəzir-niyaz yığır, mədəni şəkildə əl açıb pul dilənir.


***

2010-cu
ildə Bərdədə iki nəfər özünü seyid kimi təqdim edərək pul yığarkən tutulmuşdu.

Saxlanan
Seymur Şəmilov özünü
seyid, Rəsul
Hüseynov isə guya,
seyidin şəfa verdiyi
adam kimi təqdim edib.
Və bu üsulla
vətəndaşların pullarını mənimsəyiblər.


S. Şəmilov ifadəsində bu yola əl atmasını belə izah verib: "Mən dedim ki, ələm gəzdirənlər tutulmur, mən niyə tutulum?! Ağdaşdan bura ələm gətirib gəzdirirlər, sonra da pul alıb gedirlər. Bunu görüb, mən də tutulmayacağımı fikirləşdim”.



***

Ona
görə də gərək, saxta seyidlə legitim seyidin fərqini bizim camaatımız ayırd edə
bilsinlər. Bunun üçün Yasin oxuyan mollalara lisenziya verilməsi kimi, seyidlərin
də vəsiqə ilə təmin olunması müsəlman əhlinin ürəyincə olar.


Məsələn,
real seyidlə "cib” seyidini müəyyən etmək üçün seyidin qapısına elan yazmaq
olar ki, Şeyxin qazisi tərəfindən vəsiqə ilə təltif olunub. Yoxsa belə olmaz,
seyid seyidə qarışıb, hansının saxta, hansının real seyid olduğunu təyin etmək
olmur.

Bizim
məhlənin "ağır” və "yüngül” seyidləri heyf ki, bu günləri görmədilər, ciblərində
vəsiqə gəzdirərdilər. Necə ki efirin primaddonası, divası, əjdahası,
"greencard”lı starları var, niyə də seyidlərin də mandatlısı olmasın?!


Hətta
təklif etmək olar ki, əsl seyidlərin partiyası yaradılsın, seçkilərdə iştirak
eləsinlər, prezidentliyə vahid seyid namizəd seçsinlər.

Vəsiqəsi
olan seyidlərə imtiyazlar da vermək olar: müqəddəs aylarda maşını olan seyidləri
QAİ saxlamasın, avtobusdan düşəndə yol pulu verməsinlər, metrodan pulsuz
istifadə eləsinlər.


Amma
bunu bazara çevirmək olmaz ki, bəzi "KamAZ” şoferləri kimi cibinə hansısa "reket”
qəzetin vəsiqəsini qoyub yol polisi saxlayanda ona göstərsin. Bax, yalnız
seyidlərə qarşı islahatlarla, Axundov və Mirzə Cəlilin bivec ideyalarını
basdırmaqla Avropa İttifaqı ilə vizasız rejimə keçmək mümkündür.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər