“Manatın bahalaşması hökumətin maraqlarına cavab vermir” - İqtisadçı

"2016-cı ildə hökm sürən valyuta qıtlığı istər turizm, istərsə də digər biznes sahələri üçün ağır zərbə oldu. Bunlarla yanaşı, əlavə olaraq valyuta qıtlığı manata təzyiqi artırır, milli valyutaya etimadı sarsıdır. Bu baxımdan qısamüddətli dövrdə Mərkəzi Bankın Neft Fondundan 4 mlrd. dollardan çox dəstək alması hazırda çıxılmazlıqdan doğan mümkün variantlardan biridir”.


Bu fikirləri BakiPost.az-a açıqlamasında iqtisadçı ekspert Rövşən Ağayev deyib. Onun sözlərinə görə, hökumət manatın indiki səviyyədən daha artıq ucuzlaşmasının istər siyasi, istərsə də sosial və iqtisadi baxımdan təhlükə olduğu qənaətindədir: "Ən azından 2017-ci il manatın sabitliyi üçün bir zəmin var. Əgər fövqəladə daxili və xarici siyasi, həmçinin iqtisadi amillər nəzərə alınmasa, şübhəsiz ki, strateji baxımdan bu addımın ölkənin valyuta ehtiyatlarının sürətlə itirilməsi baxımdan fəsadları olacaq”.

 

Rövşən Ağayev vurğulayıb ki, hazırkı addım yalnız islahatlardan sonra faydalı olacaq: "Hökumət köklü bazar islahatları, idarəetmədə köklü dəyişikliklər etməyə hazırlığını nümayiş etdirdikdən və vaxt itirmədən start verdikdən sonra bu addımlardan bir xeyir gözləməyə dəyər. Əks halda biz 2017-ci ili zaman olaraq qazanacağıq. Amma qarşıdakı illərdə bizim üçün daha böyük itkilər və sarsıntılar ola bilər. Bir halda ki, makroiqtisadi sabitlik üçün böyük həcmdə ehtiyatların qurban verilməsi qərara alınıb. Yaranmış situasiyadan islahatlar üçün maksimum yararlanmaq lazımdır”.


İqtisadçı "bu qərardan sonra məzənnənin necə olacağı ilə bağlı hansı qənaətə gəlmək olar” sualına belə cavab verib: "Manatın bundan sonrakı ucuzlaşması istər ev təsərrüfatlarına, istərsə də biznes sektoruna təhdidlər yaradır. Bundan artıq bahalaşma isə fiskal baxımdan hökumətin maraqlarına cavab vermir. Hökumət Mərkəzi Bank vasitəsilə hazırda formalaşan məzənnə ətrafında sabitləşməni hədəfə alıb”.


Sevinc Yasinqızı

Bakı Post

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər