Ru
17:01 / 19 Yanvar 2017

- “Tam üzən məzənnə”nin gizli natamamlığı “Manatı daha çətin günlər gözləyir”

3258
"Əgər məzənnə doğrudan da tələb-təklif əsasında formalaşsaydı və təklif dövlətin valyuta ehtiyatları hesabına təmin edilməsəydi,  manatın tam üzən məzənnəyə keçməsi müsbət hal olardı”. 


Bu sözləri BakiPost.az-a iqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Aftandil Babayevin üzən məzənnə rejiminə adaptasiyanın sakit getməsi ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib. 


Onun sözlərinə görə, Azərbaycanda manatın tam üzən məzənnəyə keçidi mümkün deyil: "Ona görə mümkün deyil ki, tam üzən məzənnəyə keçid manatın real bazar dəyəri alması deməkdir və bu, kəskin devalvasiya vasitəsilə mümkündür. Hökumət bu problemi Neft Fondundan Mərkəzi Banka ayırdığı 7,5 milyard manat hesabına həll etməyə çalışır. Neft kəskin ucuzlaşmasa, ölkədə iqtisadi-siyasi gərginlik olmasa, manat 2017-ci ili ciddi fəsadlar olmadan başa vura biləcək. 


Manatın tam üzən məzənnəyə keçidi ona görə arzuolunan deyil ki, iqtisadiyyatımız diversifikasiya olunmayıb. Demək olar ki, ölkəyə valyuta bir kanalla daxil olur. Həmin kanalın dolları buraxılışı gücünə əsasən manatın məzənnəsi dəyişir. Bu isə məzənnədə kəskin rəqslərə səbəb ola bilər. 


Dayanıqlılığı isə ona görə mümkün deyil ki, Neft Fondunun vəsaiti bitəndən sonra manatı hansı vəsait hesabına saxlanılması sual olaraq qalır.


2018-ci ildə Neft Fondu Mərkəzi Banka makroiqtisadi sabitlik üçün pul ayırmasa, nə baş verəcək? Bu gün tam üzdüyü iddia edilən manat gələn il sabit qala biləcəkmi? Və yaxud Neft Fondu daha neçə il öz aktivlərini makroiqtisadi sabitliyinə qurban verəcək? Yenə neftin bahalaşmasına ümid etməliyikmi? Möcüzə baş versə və neft bahalaşsa, bu halda manat üzəcəkmi? Suallar çoxdur, cavablar isə tam yoxdur”.


Samir Əliyev bildirib ki, sədr müavinin manatın tam üzən məzənnəyə keçidin daha yumşaq olduğunu bildirdiyi Rusiya və Qazaxıstan müqayisə üçün uğurlu olsalar da, müqayisə dövrü uğurlu deyil: "Rusiya 2014-cü ilin noyabrında, Qazaxıstan 2015-ci ilin avqustunda üzən məzənnəyə keçib. Hər iki ölkədə keçid milli valyutanın kəskin ucuzlaşması ilə müşahidə edilib. Bu fikir doğrudur. Doğru olmayan zaman və mühitdir. Çünki Azərbaycan Rusiya və Qazaxıstan kimi 2014-2015-ci ildə tam üzən məzənnəyə keçsəydi, bu halda ucuzlaşma Aftandil müəllimin dediyi kimi, bir gündə 0,7% yox, bundan bəlkə də 500 dəfə çox olardı. 


Unutmayaq ki, 2015-ci ildə manat dəyərini 2 dəfə, 2016-cı ildə isə 13-14% itirib. Rusiya üzən məzənnəyə keçdikdən sonra rublu qorumaq üçün valyuta ehtiyatlarını xərcləmir. Qazaxıstan isə əhəmiyyətli dərəcədə azaldıb. Azərbaycan isə 2 ildə Mərkəzi Bankın 11 milyard dolları xərclədikdən sonra Neft Fondunun vəsaitlərini işə salıb. Adı da o olur ki, manatın məzənnəsini bazar tənzimləyir”. 


İqtisadçı qeyd edib ki, Neft Fondunun vəsaitlərinə ümid edib marjanı ləğv etmək də səhv addımdır: "Biz dövlət büdcəsini Neft Fondunun vəsaitlərindən xilas etmək istəyirdik, sonda ümumilikdə ölkəni bu vəsaitlərdən asılı vəziyyətə saldıq. Acı da olsa deməliyik ki, hökumət əksdollarlaşma prosesinə başlamasa manatı çətin günlər gözləyəcək”.


Qeyd edək ki, Mərkəzi Bank İdarə Heyəti sədrinin müavini Aftandil Babayev Azərbaycanı Rusiya və Qazaxıstanla müqayisə edərək manatın tam üzən məzənnəyə keçidi zamanı dəyişimin aşağı olduğunu qeyd edib: "Tam liberal məzənnə rejiminə keçən Rusiya və Qazaxıstanda dəyişim müvafiq olaraq 3% və 27%-dən yuxarı həddə olduğu halda bizdə keçid günü dəyişim 0,7% olub”.


Sevinc Yasinqızı 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər