Ru
12:02 / 23 May 2017

Ölümə aparan qablaşdırılmış sular - Həyəcan təbili

2998
Su insan orqanizmi üçün ən önəmli mayedir. Yaz-yay mövsümündə daha çox müraciət etdiyimiz bu maye həyat mənbəyi hesab olunsa da, bəzi hallarda həm də insan həyatına təhlükə yaradır.

 

"Susuzluqdan yanıram” deyib mağazadan aldığımız suları qablaşdırılmasına, istehsal tarixinə və istehsal yerinə baxmadan içirik.

 

Bəs, susuzluğumuzu yatırmaq üçün hansı zavodun istehsalı olan suları içə bilərik? Modern.az-ın bu qəbildən olan suallarını ekspertlər cavablandırır.

 

Su İstehsalçıları Birliyinin (SİB) sədri Dövlət Məmmədov deyib ki, ölkəyə xüsusilə xaricdən keyfiyyətsiz sular daxil olur:

 

"Ölkəyə təhlükəli sular daxil olur”

 

"Azərbaycana Rusiyadan, Gürcüstandan, Ukraynadan, Fransadan, Almaniyadan su gətirilir. Onu da deyim ki, Azərbaycana xaricdən sonsuz sayda keyfiyyətsiz məhsullar daxil olur.


Əksəriyyəti isə elə paytaxtda fəaliyyət göstərən sexlərdə qablaşdırılan sulardır. Xüsusilə Rusiyadan, Gürcüstandan, Türkiyədən gətirilən suların üstündəki qeydlərlə tərkibi uyğun gəlmir. Təəssüflər olsun ki, aidiyyəti orqanlar həmin sexlərin yerini müəyyənləşdirməkdə maraqlı deyil. Amma neqativ hallarla yanaşı, müsbətləri də qeyd etməliyik.

 

Bu gün Azərbaycanda Avropa standartlarının tələblərinə uyğun olaraq müasir zavodlar tikilib və yüksək keyfiyyətli su istehsal olunur.

 

Bunlara misal olaraq, "Gədəbəy”, "Slavyanka”, "Badamlı”, "Sirab”, "Çeşmə”,”Aquavita” zavodlarının istehsal etdiyi suları göstərmək olar. Bu zavodların özündə suyun keyfiyyətini yoxlamaq üçün xüsusi laboratoriyalar var. Hər gün həmin laboratoriyalarda qablaşdırılacaq suyun analizi götürülür. Bu suların hamısı təbii bulaqlardan gələn sulardır. Yəni sular yerində qablaşdırılır, onların heç biri Bakıda qablaşdırılan krant suyu deyil. Bu suların keyfiyyətinin yaxşı olmasının səbəbi mənbəyə yaxın ərazidə yerləşmələridir. Əfsuslar olsun ki, Azərbaycanda satılan bütün suların üstündə mənbə göstərilmir. Hətta krantdan doldurulan sularında üzərində suyun "içməli su borusundan qablaşdırılıb” qeydi verilməlidir”.

 

"Su zavodlarının nazirə müraciətinə baxılır”

 

D.Məmmədov 2016-cı ilin avqustunda su tariflərinin bahalaşması ilə əlaqədar zavodların iqtisadiyyat naziri Şahin Mustafayevə müraciəti məsələsinə də toxunub:


"Biz müraciət etdik. Amma bu məsələ həll edilməyib. Bildiyiniz kimi, mədən sularının qiyməti 6 manatdan 10 manata qaldırılıb. Söz veriblər, amma bu günə qədər məsələ açıq qalıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadəyə də müraciət etdik. Deputat məsələdə bizim haqlı müraciətimizə parlamentdə baxılacağına söz verdi. Aldığım son məlumatlara görə, hazırda İqtisadiyyat Nazirliyində məsələyə baxılıb və yaxın vaxtlarda öz həllini tapacaq”.

 

Suyun üzərində "soyuq halda için” sözləri yazılıbsa...

 

Ekspert deyib ki, suyu içməmiş onun keyfiyyəti barədə fikir bildirmək olmaz:

"Bəzən olur ki, insan içdiyi su ona ağırlıq gətirir "suyu içdim, sanki mədəmdə daş kimi yığılıb qaldı” sözlərini tez-tez eşidirik. Bu, həmin suyun keyfiyyətsiz olmasına dəlalət edir. Yəni orqanizm o suyu qəbul etmir. Amma rayonda, dağ başında bulaqdan içilən sudan sonra hətta bir quzu da yemək olar. Ona görə ki, o su keyfiyyətlidir. Onun tərkibində olan mineral maddələr o suyu içməyi tələb edir.

 

Bəzən də yalnız evlərə gətirilən sularla rastlaşırıq. Mən dəfələrlə deyirəm ki, əgər o suyu mağazada görməmisinizsə, onu evinizə gətirsələr belə, almayın. Çünki o suyun mənbəyi bilinmir. Mövsüm başlayandan bazara yeni adda sular çıxarılır. Üzərində istehsal olunduğu yer, ünvan və telefon nömrəsi qeyd olunur. Zəng vurub məlumat almaq istəyəndə bildirirlər ki, "hara istəyirsiniz gətirək”.

 

Üzərinə qeyd olunan ünvanla maraqlananda məlum olur ki, orada ən azından heç su sexi də yoxdur. Bu sahədə nəzarət çox zəifdir. Bir çox hallarda istehsal ünvanları düzgün göstərilmir. Məlum olur ki, onlar qeydiyyatdan keçməyiblər, amma bazarda su satırlar. Digər tərəfdən, suların üzərində "soyuq halda için” qeydi verilir. Əgər şüşənin üzərində bu söz yazılıbsa, bu, onun keyfiyyətsiz olmasının göstəricisidir. Soyuq halda suyun tamı bilinmir. Su otaq temperaturunda yarım saat qaldıqdan sonra onun iyi və tamı bilinir. Ona görə istehlakçılar mütləq bu qeydlərə diqqət etsinlər”.

 

"Azərbaycanda brend adı ilə quyu suları satılır”

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da Modern.az-a bildirib ki, ölkədə satılan içməli suların heç də hamısı keyfiyyətli deyil:

"Təcrübə göstərir ki, hətta brend sularda belə ciddi keyfiyyət pozğunluğu var. Belə sular insan sağlamlığına ciddi təhlükədir. Bəzən sular filtrizasiya olunmamış qablaşdırılır və bazara çıxarılır.

 

Hətta bulaq suyu deyilərək qablaşdırılan bəzi sular Bakı qəsəbələrində filtrdən keçirilərək arteziandan doldurulur. Suyun rəngi, dadı, ətri yoxdur. Buna görə də, onun kran suyu və ya təmizlənmiş su olmasını ayırd etmək istehlakçı üçün çox çətindir. Onlardan tez-tez zənglər gəlir. Marketdə 1 litri 30 qəpik və ya 1  8 AZN olan sular var. Zəng edənlər bu suların bir-birindən nə ilə fərqləndiyini soruşur. Diqqət etsək, hər ikisi qazlaşdırılmayan sulardır. Onlar plastik və ya şüşə qablarda satışa çıxarılır. Qiymətlərdəki kəskin fərqlilik suların keyfiyyətindəki problemlərdən xəbər verir. İstehlakçı isə suların hansının keyfiyyətli olmasını ayırd edə bilmir”.

 

"Avtomobil akkumlyatoruna tökülən suları içirik”

 

E. Hüseynov bildirib ki, AİB məsələni araşdırmaq üçün xüsusi bir portativ cihaz əldə edərək keyfiyyətsiz suları üzə çıxarıb: "Həmin cihazla biz qablaşdırılmış suların vəziyyətini analiz edirik. Cihazın göstəricisinə görə, 1 litr suda duzların miqdarı 50 mkq olarsa, bu su əla keyfiyyətli hesab olunur. Göstərici 50-100 arasında olduqda bu yaxşı su, 100-250 olarsa, normal, 250-300 mkq isə pis su hesab olunur. Sularda duzların miqdarı 450 mkq-dan yuxarı olduqda su texniki su hesab olunur. Və onu içmək olmaz.

 

Biz bu göstəricilərə əsasən "Bonaqua”, "Badamlı”, "Sirab”, Türkiyə istehsalı olan "Sırma”, "Aquavita”, "Damla”, "Slavyanka”, avtomobillərə tökülən distillə edilmiş suyu və kran suyunu müayinə etdik. Məlum oldu ki, "Bonaqua”da duzların miqdarı 210, "Badamlı”da 205, "Sirab”da 134, "Sırma”da 83-dür, "Aquavita”da 368 , "Damla”da 393, "Slavyanka”larda 326, kran suyunda 329 mkq-dır. İri qablarda qablaşdırılmış "Slavyanka”larda isə duz miqdarı 345 mkq-dır.

 

Distillə olunmuş sularda, əslində heç bir duz olmamalıdır. Bu suyu avtomobildə akkumulyatora tökürlər. Buna baxmayaraq, analiz zamanı bu sularda duzların miqdarının 358 mkq olduğu bilindi. Yəni, bu sular kran suyu ilə eyni səviyyəyə malikdir”.

 

Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər