Ru
16:47 / 20 Fevral 2017

Ölkədə kommunal xaos: dövlət qurumlarından dövlətə QIŞ TƏXRİBATI/ FOTO

11984

Son vaxtlar ölkə ərazisində kommunal xidmətlərlə
bağlı problemlər ciddi narazılıqılara səbəb olub.

Belə ki, qaz, işıq və suyun fasiləsiz olaraq kəsilməsi
insanları əlacsız duruma salır, onların müxtəlif formalarda etiraz etməsinə
sövq edir. Demək olar ki, hər gün mətbuata bu sayaq problemlərlə əlaqədar
materiallar dərc edilir, məsələ ictimailəşdirilir. Lakin problemlər, azalmır.
Aidiyyəti qurumlar əməli işlər həyata keçirmək əvəzinə, "müvəqqəti çətinlikdir”,
"təmir aparılır” kimi açıqlamalar verməklə kifayətlənirlər. Nəticədə çox
anormal bir durum yaranır: Bakının mərkəzində belə insanlar odun sobasına
möhtac qalıb, qazla işləyən avadanlıqlar sıradan çıxıb, əhali donmaq təhlükəsiylə
üz-üzə qalmaları barədə çağırışlar edirlər, sosial şəbəkələrdə fotolar paylaşırlar,
ölkə rəhbərliyinə saysız-hesabsız müraciətlər ünvanlayırlar...



Bəzi ərazilərdə
elektrik enerjisinin tez-tez kəsilməsi vəziyyəti bir qədər də dözülməz edir.
Eyni problem şəhərin su təchizatı ilə də bağlıdır. Qar və yağışlı havalarda
sular əksər yerlərdə kəsilir və ya lil halda verilir...



Bəs bu problemlər niyə həll edilmir? Və ya bu
biabırçı durumun aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?



Məsələ ilə bağlı BakiPost.az-a danışan iqtisadçı
Natiq Cəfərli bildirib ki, Azərbaycanda kommunal xidmətlər göstərən qurumlar
dövlətin nəzarəti altında olduğu üçün ölkəmizdə rəqabət mühiti yoxdur: "Yəni vətəndaşa
heç bir seçim imkanı tanınmır. Vətəndaş ancaq hər sahənin öz bir şirkəti ilə
müqavilə bağlamaq məcburiyyətində qalır. Baxmayaraq ki, inkişaf etmiş ölkələrdə
artıq bu problem çoxdan həll olunub. Ən azından vətəndaşın bir necə seçim
imkanları olur. Məsələn, Böyük Britaniyanın London şəhərində elektrik enerjisi
ilə bağlı 12 şirkətlə müqavilə bağlamaq mümkündür. 12 şirkətin vətəndaşa işıq
vermək imkanı var. Müştəri də daha yaxşı şərtlər təklif edən hansı, uyğun qiymət
və yaxşı xidmət səviyyəsi olan şirkəti özü seçir. Onunla da müqavilə bağlayır.

Təəssüf ki, Azərbaycanda yalnız hər sahənin dövlətin
nəzarətində olan bir şirkəti var. Seçim imkanları yoxdur. Yəni məhduddur.
Müqavilələrin bağlanmasında da bütün məsuliyyət alıcının üzərinə düşür. Yəni
alıcı vaxtlı-vaxtında ödəniş etmirsə, cəzalandırılır və ya onun kommunal xidmətləri
məhdudlaşdırılır. Əgər sayğacda hər hansı bir problem yaşanırsa, vətəndaş buna
cavabdeh daşıyır. Yəni müqavilələrin əsas məğzi ondan ibarətdir ki, bütün yük vətəndaşın
üzərindədir. Paylayıcı şirkətlərin üzərində isə heç bir məsuliyyət yoxdur. Əgər
vətəndaşın günahı ucbatından deyil, şirkətin günahından hər hansı təchizatla bağlı
problem yaşanırsa, dövlət şirkəti buna məsuliyyət daşımalıdır. Müqavilələrdə bu
qeyd olunmalıdır”.


 


İqtisadçı vurğulayıb ki, kommunal xidmətlərlə bağlı
təmir işləri vaxtında həyata keçirilməlidir:
"Təmir niyə vaxtında aparılmır və
ya aparılmayıb? Nəyə görə qazla bağlı təmir işləri qış aylarına təsadüf edir?
Halbuki yay aylarında əhali tərəfindən qaza tələbat daha az olur. O dövrlərdə
niyə cari təmir işləri həyata keçirilmir? Düzdür, müəyyən ciddi məqamlar da ola
bilər. Ciddi qəza baş veribsə, başqa problem varsa, bu anlaşılandır. Amma cari
təmirlərin qış aylarına düşməsi, bəzən günlərlə elektrik enerjisi və ya qaz təchizatının
məhdudlaşdırılması vətəndaşın günahı deyil. Bu, şirkətin özünün işini yaxşı
planlaşdırmamasının nəticəsidir. Bunun məsuliyyətini də şirkət daşımalıdır.


Bir çox xarici ölkələrdə şənbə və bazar günləri üçün
ayrı tariflər var. Hətta Gürcüstanda belə oynaq tariflər mövcuddur. Hətta
ümummilli bayram günlərində şirkətlər, ümumiyyətlə, vətəndaşlara pulsuz xidmətlər
göstərir. Azərbaycanda da vətəndaşın xeyrinə ola bilən bir sistem
qurulmalıdır”.



Natiq Cəfərli qeyd edib ki, problemi həll etmək üçün
həmin dövlət qurumları özəlləşdirilməlidir:
"Bu yanaşma dəyişməlidir. Bunun
yollarından biri də uzunmüddətli idarəetməyə vermək, ya da özəlləşdirməyə getməkdir.
Yəni paylayıcı şirkətlərin özəlləşdirilməsi vacibdir. Özəl qurumlar olduqda bu
həm dövlət büdcəsinin xərclərini azaldacaq, həm də vətəndaşla özəl şirkətlər
daha normal münasibətlər və müqavilələr bağlamağa başlayacaq. Çünki əgər vətəndaş
özəl şirkətlə müqavilə bağlasa, bu müqavilə pozulanda o, məhkəmələrə müraciət
edə bilər. Hətta məhkəməni udmaq şansı belə yaranır. Amma indiki məqamda dövlət
şirkətlərini məhkəmədə udmaq mümkün deyil”.


Əhalinin daha çox şikayətçi olduğu qurumun - "Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin
rəhbəri İbrahim Kərbalayev problemlə bağlı BakiPost.az-a açıqlamasında bildirib
ki, istehlakçıların qaz təminatının yaxşılaşdırılması, təbii qaza olan tələbatın
təmin edilməsi, şəbəkənin gücləndirilməsi, həmçinin irəlidə baş verəcək qaz
sızmalarının qarşısının alınması məqsədi ilə təmirə zərurət yaranır: "Bu məqsədlər
üçün təmir işləri aparılır. Ona görə də havanın qarlı, şaxtalı və soyuq keçdiyi
dönəmdə belə bir təmir işlərinin aparılması təxirə salınır. Amma təhlükə
yaradan hissələr daim tərəfimizdən yenilənir. Bu səbəbdən müxtəlif ərazilərdə təbii
qazın verilişində bəzən fasilələr yaranır. Həmin fasilələr gün ərzində bərpa
olunur. Təbii qazın verilişi bərpa edilir”.




Ölkənin bütün ərazilərində qazın zəif olması məsələsinə
gəlincə, qurum rəsmisi qeyd edib ki, bu problem tələbatla bağlıdır:
"Havalar kəskin
soyuduğu zaman qaza olan tələbat artır. Ona görə də bu, kütləvi xarakter
daşımasa da, bəzi ərazilərdə təbii qazın verilişi ilə bağlı çatışmazlıqlar
olur. Bununla bağlı müraciətlər qaynar xəttə daxil olur. Həmin müraciətlər əsasında
aidiyyəti üzrə hansı rayondan daxil olubsa, həmin sahə xidmətinə göndərilir. Əməkdaşlar
tərəfindən qaz xətləri üzərindəki qaz tənzimləyici qurğular vasitəsi ilə tənzimləmə
işləri aparılır. Çağırış gələn ərazinin qaz təchizatı tənzimlənir. Həmin işçilər
ilin yerinə yetirilməsi və məsələnin həlli barədə mərkəzin inspektor xidmətinə
məlumat verirlər. Daha sonra iş sona çatdırılır”.

"Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri
Tanrıverdi Mustafayev bildirib ki, rəsmi olaraq işıqla bağlı heç bir yerdə
problem yoxdur. Onun sözlərinə görə, hansısa ərazilərdə qırılma baş verirsə, o
dərhal həll olunur, bütün problemlər anındaca aradan qaldırılır.

 

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və
ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı vurğulayıb ki, yalnız qəza
baş verən zaman suyun verilməsi dayandırılır:
"Qəza baş verən zaman suyu
dayandırmaqdan başqa çıxış yolumuz yoxdur. Əgər bu gün insanlara hər hansı bir ərazidə
suyun verilməsində fasilə varsa, deməli hansısa xətdə qəza olub. Qəza olmasa
heç bir problem yoxdur. Qəza baş verdiyi zaman suyu saxlamadan onu təmir edə
bilmərik. Bizim başqa çıxış yolumuz yoxdur. Bizdə planlı olanda onu əvvəlcədən
bu barədə məlumat veririk. Yəni qəza olan zamanda bu barədə məlumat veririk ki,
insanlar narahat olmasın. Amma kütləvi olaraq haradasa suyu saxlamaq kimi
hallarımız yoxdur”.


Sevinc Yasinqızı

Bakı Post

Ölkədə kommunal xaos: dövlət qurumlarından dövlətə  QIŞ TƏXRİBATI/ FOTO
Ölkədə kommunal xaos: dövlət qurumlarından dövlətə  QIŞ TƏXRİBATI/ FOTO
Ölkədə kommunal xaos: dövlət qurumlarından dövlətə  QIŞ TƏXRİBATI/ FOTO
Ölkədə kommunal xaos: dövlət qurumlarından dövlətə  QIŞ TƏXRİBATI/ FOTO
Ölkədə kommunal xaos: dövlət qurumlarından dövlətə  QIŞ TƏXRİBATI/ FOTO
Ölkədə kommunal xaos: dövlət qurumlarından dövlətə  QIŞ TƏXRİBATI/ FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər