Ru
15:13 / 18 Yanvar 2017

Lavrov Ermənistanı niyə coşdura bilmədi? - Qalmaqallı fikirlərlə bağlı ŞƏRH

676

"Atlas” araşdırmalar mərkəzi
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizama salınması
məsələsini şərh edərkən "bu, sadəcə Azərbaycanın daxili işi deyil” fikirləri ilə
bağlı təhlil yazısı hazırlayıb.

BakiPost.az "Lavrov Ermənistanı
niyə coşdura bilmədi?” məzmunlu yazını təqdim edir:

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yanvarın 18-də Moskvada
keçirdiyi mətbuat konfransında Qarabağla bağlı dedikləri tamamən Ermənistanın
xeyrinə idi. Buna görə də erməni saytları Lavrovun Qarabağla bağlı
açıqlamalarına gen-bol yer verdilər.


Buna baxmayaraq, bu tip açıqlamalar keçmiş illərdə olduğu kimi Ermənistan
cəmiyyətində yüksək ajiotaja, ruh yüksəkliyinə səbəb olmadı. Çünki, Ermənistan
cəmiyyəti Rusiyanın vassalı olmasından xeyir götürmür, iqtisadiyyatı və sosial
durumu inkişaf etmir, tam əksinə ölkə geriyə gedir. Erməni cəmiyyətinin
Lavrovun açıqlamalarından sevinəcək halı qalmayıb.


Ermənistan hakimiyyəti vəziyyətdən çıxış yolları axtarır. Ermənistan
prezidenti Serj Sarkisyan əvvəlcə Konstitusiya dəyişikliyinə ehtiyac duydu.
2015-ci ilin referendumunun nəticəsinə görə Ermənistan parlament respublikasına
çevrildi. Ermənistanda bu il aprel ayında keçiriləcək parlament seçkiləri
Konstitusiya dəyişikliklərinin reallaşmasına yol açacaq, səlahiyyət prezidentdən
parlament və hökumətə keçəcək. Ancaq bu dəyişkliklərin real olaraq Ermənistanda
nəyi dəyişəcəyi bilinmir.


2016-cı ilin 4 günlük aprel döyüşləri erməni cəmiyyətini silkələdi.
Buna qədər Ermənistan cəmiyyəti hakimiyyəti, siyasi partiyaları və ayrı-ayrı şəxsləri
korrupsiyada ittiham edirdi. Ordu tənqiddən kənarda idi. Aprel döyüşlərindən
sonra orduda korrupsiya mövzusu da genişləndi, buna qədər toxunulmaz olan
generalların İrəvanda bahalı villalara malik olduğu üzə çıxdı. Halbuki, cəbhə
bölgəsindəki hərbçilərin ərzaq və geyim təhcizatında ciddi problemlər var idi.
Aprel döyüşləri olmasaydı, erməni cəmiyyəti bu problemlərdən xəbərdar
olmayacaqdı. Cəmiyyət ordudakı itkilərlə bağlı ordu komandanlığını
günahlandırdı.

Beləliklə, ordu da digər siyasi institutlar kimi nüfuzdan düşməyə
başladı. Bunun nəticəsi olaraq iyulun 17-də birinci Qarabağ savaşının "veteranları”
İrəvanda polis məntəqəsinə silahlü hücum edərək qiyama başlamaq istədilər.
Qiymal alınmadı, dəstək gəlmədi və bir müddət sonra silahlı şəxslər təslim
oldular. Ancaq bu hadisənin özü erməni cəmiyyətində gələcəkdə silahlı
qarşıdurma perspektivinin real olduğunu göstərdi.


Vəziyyətin getdikcə gərginləşdiyini anlayan Serj Sarkisyan cəmiyyəti
sakitləşdirmək üçün iki addım atdı.

Birincisi, Sarkisyan ordudakı vəziyyətə görə
məsuliyyəti müdafiə naziri Seyran Ohanyanın üzərinə yüklədi və onu vəzifəsindən
azad etdi. Sarkisyan orduda korrupsiyaya son qoymaq üçün Ermənistan tarixində
ilk dəfə müdafiə naziri postuna mülki şəxsi təyin etdi. Yeni müdafiə naziri
Viqen Sarkisyan 5 il Prezident Administrasiyasına rəhbərlik etmişdi. Prezident
Müdafiə Nazirliyini ən yaxın adamına etibar etməklə orduda ishalatların güclənəcəyini
düşünürdü. Ancaq islahat üçün maliyyə lazımdır. Maliyyə isə Ermənistanda
yoxdur. Belə olan halda yeni nazir çağırış edərək hər bir vətəndaşın orduya min
dram köçürməsini istədi. Bu faktiki dilənmək idi. Ermənistan vətəndaşları ağır
iqtisadi və sosial vəziyyətdə ikən büdcələrindən hələ bir orduya da pul
ayırmalı idilər. Bu kampaniya erməni cəmiyyətində dəstək qazanmadı, əksinə yeni
nazirin islahat imkanlarının məhdud olduğunu təlqin etdi.

İkincisi, Sarkisyan müdafiə nazirindən
sonra baş naziri də dəyişdi. Ovik Abramyanın yerinə buna qədər Rusiyanın
"Qazprom” şirkətində çalışan Karen Karapetyan baş nazir təyin olundu. Ancaq
Karen Karapetyan parlamentdə ilk çıxışındaca qeyd etdi ki, "mən sehrbaz deyiləm
və qısa müddətdə problemləri həll edə bilməyəcəm”. Karapetyan bununla mesaj
verdi ki, hazırki resurslar Ermənistan iqtisadiyyatının tənəzzüldən çıxışına və
inkişafına, o cümlədən sosial problemlərin həllinə şərait yaratmır. Serj Sarkisyan
Karen Karapetyanı lideri olduğu Respublika Partiyasına üzv qəbul etdirdi. Görünür,
Sarkisyan bununla Karapetyanın gələcək siyasi ambisiyalarına son qoymağı
düşünürdü. Çünki, parlament seçkilərindən sonra əsas səlahiyyət sahibi baş nazir
olacaq. Serj Sarkisyan isə bu vəzifədə özünü görür, partiyanın sıravi üzvü
Karapetyan ona tabe olmalıdır.


Ancaq Karen Karapetyan öz oyununa da başlaya bilər. Məsələn o aprel
seçkilərinə yaxın hakim partiyadan ayrılıb başqa partiya yaradaraq seçkiyə
qatıla bilər. Bu təcrübədən artıq istefaya göndərilən keçmiş müdafiə naziri
Seyran Ohanyan yararlanıb. O yeni partiya yaradıb. Serj Sarkisyan elə indinin
özündə də Karen Karapetyana problemlər yaradır. Məsələn, Sarkisyan öz yaxın ətrafına
deyib ki, Karapetyandan gözlədiyi islahatları müşahidə etmir. Bəlkə də Sarkisyan
qəsdən bu şayiələrin yayılmasında maraqlıdır ki, cəmiyətdə Karapetyanın
reytinqinin artmasına imkan verməsin. Ermənistan cəmiyyətinin də yeni baş nazirə
ümidləri azalıb.


Ermənistanda aprel seçkiləri gərgin keçəcək. Müxalifətin müxtəlif
qolları getdikcə fəallaşır. Sarkisyan özünə müttəfiq axtardığı kimi müxalifət
partiyaları və liderləri də vahid blok formalaşdırmağa çalışırlar. Üstəgəl güclü
erməni diasporu 1990-cı illərdəkindən fərqli olaraq monolit deyil. Erməni
diasporu iki yerə bölünüb. Bir hissəsi Ermənistan hakimiyyəti ilə əməkdaşlıq
edir, digər hissəsi Serj Sarkisyana qarşı qatı müxalifətə keçib. Qərbdəki erməni
diasporunun bir hissəsi Serj Sarkisyanın Ermənistanı Rusiyanın asılılığına
salmasından da narazıdır.


Belə şaitdə Serj Sarkisyana parlament seçkisində say üstünlüyü ilə qələbə
çalmaq çətin olacaq. Aprel seçkisinə qədər cəbhə bölgəsində ciddi toqquşma baş
verərsə, bu Ermənistan ordusunda növbəti dəfə itkilərin artmasına yol açacaq
ki, bu amil də Serj Sarkisyanın nüfuzuna zərbə vuracaq. Məsələn erməni saytlarından
biri Ermənistanın cəbhə bölgəsindəki itkiləri ilə bağlı maraqlı statistika
açıqlayıb. 2016-cı ildə Ermənistanın Dağlıq Qarabağda və Azərbaycanla sərhəddə
itkilərinin sayı 166 nəfərdir. Bunlardan 147 nəfəri hərbi xidmətdə olanlar, 18
nəfəri isə könüllüdür. 109 nəfər döyüşdə, 57 hərbçi isə qeyri döyüş şəraitində
öldürülüb. Bu statistikanı yayan erməni saytı iki maraqlı müqayisə də aparıb. Birincisi, 2015-ci ildə Ermənistanın
itkiləri 76 nəfər idi, yəni özlərinin yazdığına görə
itkiləri iki dəfə artıb. İkincisi, saytın
yazdığına görə 1994-cü ildən bu yana ilk dəfədir Ermənistan cəbhə bölgəsində
könüllülərini itirir.

Əslində Ermənistanın 2016-cı
ildəki itkiləri bundan dəfələrlə çoxdur, rəsmi İrəvan aprel döyüşlərindəki
itkilərin sayını açıqlamır. Ancaq hətta erməni saytının yazdığı doğru olduğunu
qəbul etsək belə iqtisadiyyatı və əhalisi ilbəil kiçilən Ermənistan üçün 166
gəncini itirməsi faciədir. Çünki əhali artmır, olan-qalan gənclər isə ya
döyüşlərdə ölür, ya da ölkəni tərk etmək barədə düşünürlər. Bu prosesi aprel
döyüşləri daha da sürətləndirdi. Döyüşlər isə hələ bitməyib.



Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər